Ruminiya mətbuatı - PREZİDENT İLHAM ƏLİYEVDƏN YAZDI
    • 3-05-2020, 00:40
    • 770

Ruminiya mətbuatı - PREZİDENT İLHAM ƏLİYEVDƏN YAZDI

Rumıniyanın “Stiripesurse” portalında “Azərbaycan pandemiyanın və onun sosial-iqtisadi nəticələrinin öhdəsindən necə gəldi – faktlar, nümunələr və beynəlxalq baxışlar” sərlövhəli məqalə dərc edilib.

News24.az xəbər verir ki, məqalədə vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin pandemiyaya qarşı mübarizəyə və onun sosial-iqtisadi nəticələrinin aradan qaldırılmasına yönəlmiş ardıcıl və hərtərəfli düşünülmüş fəaliyyəti diqqəti cəlb edir. 

Məqalədə qeyd olunub: "Azərbaycanda cərəyan edən prosesləri diqqətlə müşahidə etdikdə aydın olur ki, pandemiyaya qarşı səmərəli mübarizəyə, əhalinin sağlamlığının və sosial rifahının müdafiəsinə yönəlmiş qərarların müəllifi bilavasitə Azərbaycan Prezidenti İlham Əliyevdir. O, Operativ Qərargahın fəaliyyətini diqqətlə izləyir, daim tövsiyə və göstərişlər verir. Eyni zamanda, ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın humanist hərəkətləri diqqətəlayiqdir.

Pandemiyaya qarşı mübarizə Azərbaycanın iqtisadi gücünü bir daha təsdiq etdi. Dövlətin qüdrəti, onun liderinin gücü və xarizması məhz bu cür fors-major hallarda üzə çıxır. Koronavirus pandemiyası dövründə Azərbaycan güclü iqtidara, operativ hökumətə malik olduğunu nümayiş etdirdi.

Şübhəsiz, bütün bunlar Prezident İlham Əliyevin Azərbaycanda uzun müddət həyata keçirdiyi böyük və dərin siyasi, iqtisadi, sosial islahatların nəticəsidir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, əsaslı və radikal islahatlar müasir dövrün tələblərinə, şəraitinə və çağırışlarına uyğun olaraq həyata keçirilir. Prezident İlham Əliyev və onun komandası, Azərbaycan hökuməti fasiləsiz iş rejiminə keçiblər. Qonşu İranda və Gürcüstanda koronavirus aşkar ediləndən dərhal sonra Azərbaycan öz sərhədlərini bağladı. Karantin xəstəxanaları ayrıldı, ölkəyə əlavə testlər gətirilməyə başladı.

2020-ci il aprelin 28-nə olan məlumata görə Azərbaycanda koronavirusa yoluxmuş insanların sayı cəmi 1717 nəfər olub. Onlardan 1221-i müvafiq müalicədən sonra sağalıb, eyni zamanda, başqa xəstəliklərdən əziyyət çəkən 22 pasiyent vəfat edib, 474 nəfərin müalicəsi davam edir. Bir sıra ölkələrlə müqayisədə bu rəqəmlər Azərbaycan dövlətinin koronavirusa qarşı mübarizədə yüksək səviyyəsinin göstəricisidir".