Təhsil müəssisələrində iş rejimi MÜƏYYƏNLƏŞİB
    • 5-05-2020, 20:00
    • 592

Təhsil müəssisələrində iş rejimi MÜƏYYƏNLƏŞİB

Təhsil naziri Ceyhun Bayramov koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə tətbiq edilən xüsusi iş (əmək) rejiminin müddətinin uzadılması barədə Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli, 163 nömrəli Qərarının, 16 mart 2020-ci il tarixli 1/384 nömrəli və 2 may 2020-ci il 10/541 nömrəli məktublarında verilən tapşırıqların icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5 bəndini rəhbər tutaraq əmr imzalayıb.

News24.az APA-ya istinadən xəbər verir ki, əmrdə deyilir:

1. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törətə biləcəyi fəsadlarının qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin 31 may 2020-ci 00:00-a qədər uzadılması nəzərə alınaraq 4-31 tarixlərində Təhsil Nazirliyi Aparatının Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonda yerləşən strukturuna daxil olan qurumlarının, strukturuna daxil olmayan tabeliyindəki qurumlarının, Peşə Təhsili üzrə Dövlət Agentliyinin və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasının ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupunun fəaliyyətinin təmin edilməsi məqsədilə hər bir qurum üzrə işçi sayının 30 faizə (rəhbər şəxsləri və onların mülahizəsinə əsasən zəruri hesab edilən əməkdaşların cəmi) qədəri işə cəlb olunsun. 

2. Bu əmrin 1-ci bəndində qeyd olunan rayon və şəhərlər istisna olmaqla digər Təhsil Nazirliyinin strukturuna daxil olan qurumlara, strukturuna daxil olmayan tabeliyindəki qurumlara işə cəlb olunmalı əməkdaş sayı məhdudiyyəti tətbi q edilməsin. 

3. Bu əmrin 1-ci bəndində qeyd olunan şəhər və rayonda yerləşən qurumlarda rəhbər şəxslərin mülahizəsinə əsasən, iş yerində işə cəlb olunması zəruri hesab edilən əməkdaşlar müəyyən edilərkən aşağıdakı hallar nəzərə alınsın:

3.1. öhdəsində azyaşlı (7 yaşınadək) uşağı olan, yaşlılara və tibbi yardıma ehtiyacı olan şəxslərə qulluq edən əməkdaşlar işə cəlb olunmasın; 

3.2. yaşı 60-dan yuxarı olan əməkdaşlar işə cəlb edilməsin;

3.3. şəxsi nəqliyyat vasitəsi olan əməkdaşların işə cəlb olunmasına üstünlük verilsin.

4. Nazirliyin Aparatının struktur bölmə rəhbərliyi və Nazirliyə tabe olan Bakı şəhərində yerləşən qurumların səlahiyyətli şəxsləri işə cəlb olunan əməkdaşlarının siyahısını hər gün Nazirliyin İnsan Resursları Şöbəsinə ([email protected]) təqdim etsinlər. 

5. Maliyyə Şöbəsinə tapşırılsın ki, işə cəlb olunmayan əməkdaşların əmək haqqının ödənilməsi üçün zəruri tədbirləri həyata keçirsin. 

6. Bu əmrin 1-ci bəndində qeyd olunan qurumların rəhbərlərinə tapşırılsın ki, işə cəlb olunmayan əməkdaşların əmək haqqının ödənilməsi üçün zəruri tədbirləri həyata keçirsin. 

7. İnsan Resursları Şöbəsinə tapşırılsın ki, xüsusi karantin dövründə işə cəlb olunan əməkdaşlara cəlb olunduqları günlər üçün il ərzində əlavə istirahət günlərinin verilməsini təmin etsin.

8. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə və Təhsil Nazirliyinin rəhbər şəxslərinə tapşırılsın ki, işə cəlb olunması zəruri hesab edilməyən əməkdaşların məsafədən işləmək imkanlarını müəyyən etsinlər və bunun üçün tələb olunan şəraitin (texnoloji əlaqə platformalarının müəyyən edilməsi, onların sazlanması və s.) yaradılmasını təmin etsinlər. 

9. Əmək fəaliyyətini iş yerində yerinə yetirən işçilərə münasibətdə aşağıdakılar nəzərə alınsın: 

9.1. iclasların, görüşlərin və müzakirələrin fiziki ünsiyyət yaratmadan texnoloji avadanlıqlar vasitəsi ilə keçirilməsinə üstünlük verilsin;

9.2. sənədlərə vizaların toplanması halları istisna olmaqla, əməkdaşlar arasında sənəd və məlumat mübadiləsi elektron poçt və telefon rabitəsi vasitəsilə həyata keçirilsin;

9.3. əməkdaşların və onların üzvlərindən birinin qrip, soyuqdəymə, halsızlıq, öskürək, nəfəs darlığı, burun axıntısı və digər bu kimi hallar olduğu təqdirdə həmin əməkdaşların işə cəlb olunmasl dərhal dayandırılsın və müvafiq tədbirlər görülsün;

9.4. əməkdaşlardan şəxsi gigiyena qaydalarına riayət olunması tələb olunsun;

9.5. əməkdaşlardan koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə tətbiq edilən xüsusi rejimin qaydalarına əməl olunması tələb olunsun. 

10. Əmrin 1-ci bəndində qeyd olunan qurumlarda və Vətəndaşların Qəbulu Mərkəzində vətəndaşların qəbulu 2020-ci il mayın 31-dək dayandırılsın.

11. 2020-ci mayın 31-dək vətəndaş müraciətlərinin qəbulu Telefon Məlumat Mərkəzi (146-1) və [email protected] elektron poçt ünvanı vasitəsilə təmin edilsin.

12. İnformasiya şöbəsi bu əmrin aidiyyəti struktur bölmələrə çatdırılmasını təmin etsin.

13. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.