Prezident İlham Əliyev TASS agentliyinə MÜSAHİBƏ VERDİ
    • 7-05-2020, 20:30
    • 787

Prezident İlham Əliyev TASS agentliyinə MÜSAHİBƏ VERDİ

"Biz tarixi yenidən yazmaq, Böyük Vətən müharibəsi haqqında həqiqəti təhrif etmək, faşizmi və faşist canilərini qəhrəmanlaşdırmaq cəhdlərini qətiyyətlə pisləyirik. Azərbaycan bir sıra forumlarda bu mövzuda açıq çıxış edib, o cümlədən mən dəfələrlə öz mövqeyimi bildirmişəm. Deməliyəm ki, Azərbaycan cəmiyyəti bu mövqeyə tam şərikdir. Əlbəttə, bəzi ölkələrdə faşizmin qəhrəmanlaşdırılması prosesi bizim üçün əsla qəbuledilməzdir".

News24.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu barədə TASS agentliyi direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində danışıb.

Bu məsələləri dəfələrlə, o cümlədən MDB ölkələrinin sonuncu Zirvə görüşündə qaldırdığını bildirən dövlət başçısı deyib: “Mən təəssüflə qeyd etdim ki, Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırılması həyat normasına çevrilir. Konkret misallarla göstərdim ki, bir neçə il bundan əvvəl Ermənistanda faşist cəllad və cani, Njde ləqəbi ilə məşhur olan Qaregin Ter-Arutyunyana 6 metr hündürlüyündə heykəl qoyulub. Bu adamın cinayətləri sübut olunub. Buna görə bu məsələni qaldıranda ümid edirdim ki, Ermənistanın yeni, özünü demokratik kimi göstərməyə çalışan rəhbərliyi mənim təşəbbüsümü dəstəkləyəcək. Lakin təəssüf ki, bunun əksini gördüm”.

Prezident qeyd edib ki, bütün bunlar böyük təəccüb, heyrət doğurur. Belə bir fikrə əsas verir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, lakin rejimin mahiyyəti əvvəlki kimi qalır.

Rusiya Federasiyasının Armavir şəhərində də cinayətkar, faşistlərin əlaltısı Njdeyə xatirə lövhəsi vurulduğunu xatırladan Prezident İlham Əliyev deyib: “Yalnız mən bu məsələni dövlət başçılarının Zirvə görüşündə qaldırandan və bu məsələ kütləvi informasiya vasitələrində əksini tapandan sonra həmin lövhə götürülüb. Haqlı olaraq sual yaranır: Ermənistanda Böyük Vətən müharibəsi qəhrəmanları olmayıbmı? Bəs Armavirdə erməni kilsəsinin yaxınlığında nə üçün onlara yox, faşist caniyə xatirə lövhəsi vurulub? Bunu necə başa düşməli? Ona görə bu məsələlər geniş müzakirə edilməlidir. Yenə də hər bir ölkə bu məsələyə öz münasibətini selektivlik, siyasi korrektlik mülahizələrinə görə deyil, birbaşa və açıq şəkildə bildirməlidir. Ermənistanda bir tərəfdən deyirlər ki, onlar Qələbənin yubileyini bayram edəcəklər, amma digər tərəfdən faşistin abidəsi önünə gül qoyurlar. Bu, ən azı ziddiyyət, əslində isə riyakarlıq təzahürüdür”.