"Faşist cinayətkarlarının qəhrəmanlaşdırılması cəhdləri olmamalıdır" - İLHAM ƏLİYEV
    • 7-05-2020, 13:43
    • 753

"Faşist cinayətkarlarının qəhrəmanlaşdırılması cəhdləri olmamalıdır" - İLHAM ƏLİYEV

"Azərbaycanda bu gün həmişə geniş qeyd olunur. Hərçənd deməliyəm ki, müstəqilliyin ilk illərində bu, belə deyildi. 1992-ci ildə Xalq Cəbhəsi çevriliş yolu ilə hakimiyyətə gələndə 9 May bayramı ləğv edildi və veteranlar mənəvi terrora məruz qaldılar".

News24.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Mir" telekanalına verdiyi müsahibəsində deyib.

Prezident bildirib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bu ədalətsizlik aradan qaldırıldı və həmin vaxtdan 9 May dövlət bayramıdır:"Hər il mən həmin gün bir qayda olaraq, veteranlarla görüşürəm, həlak olanların xatirəsini anırıq, məzarları üzərinə əklillər, güllər qoyuruq. Bu il tədbir, əlbəttə, başqa formatda olacaq. Çünki biz veteranlarımızı qorumalıyıq. Hələ ki, karantin rejimi bir yerə kütləvi toplaşmağa, kütləvi tədbirlər keçirilməsinə yol verməsə də, bundan məsələnin mahiyyəti dəyişməyəcək. Hərçənd bayramın qeydedilmə formatı başqa cür olacaq, lakin düşünürəm ki, veteranlar həm bu gündə, həm də sonra Azərbaycan dövlətinin dəstəyini hiss edəcəklər. Veteranlar qayğı ilə əhatə olunub, onların maddi durumu təmin edilir. Onların çoxu dövlət tərəfindən ayrıca yaşayış sahəsi, mənzillə təmin edilib. Biz həmin gün, bir qayda olaraq, onlara Prezident mükafatları təqdim edirik. Beləliklə, bütün bunların hamısı qorunub saxlanılacaq. Ən başlıcası isə Böyük Vətən müharibəsi haqqında həqiqət həmişə üstünlük təşkil etməli, tarixin yenidən yazılması, faşizmin və faşist cinayətkarlarının qəhrəmanlaşdırılması cəhdləri olmamalıdır. Azərbaycanın bu istiqamətdə mövqeyi birmənalıdır".