"Şuşaya həsrət öləcəm" - FLORA KƏRİMOVA HÖNKÜRDÜ
    • 8-05-2020, 17:08
    • 1 365

"Şuşaya həsrət öləcəm" - FLORA KƏRİMOVA HÖNKÜRDÜ

"Şuşadan mənə göz yaşı, xəcalət, bir də can əzabı qaldı. Bilirəm, mən o yerlərə həsrət öləcəm. O torpaqları bir də görəcəyimə heç ümidim qalmayıb. Bəlkə də uşaqlarım nə vaxtsa Şuşanı görə biləcək, amma mənim daha buna inamım tükənib".

Bu sözləri News24.az-a açıqlmasında Azərbaycanın Xalq artisti Flora Kərimova deyib. Şuşanın işğalının 28-ci ildönümündə yurd yeri ilə bağlı xatirələrini bölüşən Flora Kərimova, Şuşadan danışarkən göz yaşlarını saxlaya bilmədi: "Şuşa ilə bağlı canımı yandıran o qədər xatirə var ki... Sonuncusu işğaldan bir qədər qabaq olub. Anam rəhmətlik o vaxt mənə dedi ki, qızım, gəl, Şuşaya gedək. Dedim ki, bu konserti də verim, sonra gedərik. Bu gün-sabaha saldım, yubatdım. Amma sonra anam Şuşaya atasının dəfninə getdi, mən isə babamın yasına getdim. Bu da ikimizin də - anamın və mənim Şuşaya sonuncu dəfə getməyimiz oldu. Bu ağrı illərlə vicdanımda qalıb. Mən onun son arzusunu gözündə qoydum. İndi özüm bu arzuyla öləcəm yəqin... (Ağlayır) Mənə deyirlər, sən Qarabağın sərvətisən, bu gün Şuşada deyiləmsə, ora yoxdursa, bunun nə mənası var? Mən o torpaqla, o yurdla dəyərliyəm".

"Şuşasızlığa, bu həsrətə son qoymalıyıq" deyən Flora Kərimova bunun hər bir azərbaycanlının arzusu olduğunu da qeyd edib: "Aprel döyüşlərində, üç gün müharibə elədik və sübüt etdik ki, biz onlardan güclüyük. Boğazlarını üzdük, nəfəslərini kəsdik. Biz bir daha sübut elədik ki, hər şeydə onlardan qabaqdayıq. İntellekt, ağıl, kişilik, namus, hər baxımdan onlardan üstünük. Biz heç yerdən gəlməmişik, kökümüz, Vətənimiz bəllidir. İlham Əliyev Paşınyanı nə günə saldı. O hadisədən sonra ermənilər Paşınyanın üzünə tüpürürlər. Onlar bizim baba yurdumuzu əlimizdən alıblar. Əgər bu gün ora üçün yanmasam, ora üçün can atmasam, Şuşa deməzmi ki, Qarabağın səsi sənin haramın olsun? Ora üçün mahnı da oxuyuram, ölümə də gedirəm, tankın qabağında da dururam. Hər şeyimi qurban verirəm. Amma bunlar yetərli deyil. Təssüflənmək, üzülmək yox, mübarizə aparmaq lazımdır. Ya ölüm, ya olum..." 

Sevda Bayramova