Göyçay çayında suyun səviyyəsi ARTDI
    • 9-05-2020, 00:22
    • 814

Göyçay çayında suyun səviyyəsi ARTDI

Mayın 8-də axşam saatlarında Göyçay çayında suyun səviyyəsi artıb.

News24.az APA-ya istinadən xəbər verir ki, son günlər dağlarda yağıntının artması səbəbindən Göyçay çayına gələn sel suları Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərindəki avtomobil körpüsü üçün qismən təhlükə yaradıb.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri İkram Vəliyev APA-nın yerli bürosuna bildirib ki, hazırda çayda sel axını davam edir, lakin avtomobil körpüsünün çökmək təhlükəsi yoxdur, dayaqlar möhkəmdir. O, Göyçay çayında suyun sürətinin azaldılması və sel sularının körpüyə, eləcə də çay kənarı torpaqlara ziyan vurmaması üçün çay yatağında inşa edilən əvəzləyici sol beton sınma qolda su sızmasının baş verdiyini bildirib: “Bu gün axşam saatlarında çayda suyun səviyyəsinin artması insanların marağına səbəb olub və sakinlər körpünün üstünə toplaşıblar. Biz vəziyyətlə əlaqədar körpüyə baxış keçirdik, orada təhlükəli hal aşkar etmədik. Körpünün altında, yəni çayın yatağındakı sol beton sınma qolunda baş verən su sızmasının qarşısının alınması üçün təcili tədbirlər görüləcək. “Körpübinatikinti” ASC-nin tikinti briqadası sabah Göyçaya gələcək, çay yatağındakı beton plitələrdə su sızmasının qarşısının alınması üçün yenidən betonlama işləri görüləcək”.

Qeyd edək ki, 2018-ci il iyunun 2-də Göyçay çayına güclü selin gəlməsi nəticəsində uzunluğu 76 metr, eni 11,5 metr olan avtomobil körpüsü tamamilə dağılmışdı. Nəticədə Bakı-Şamaxı-Yevlax yolu ilə hərəkət edən avtomobillərin bu körpü üzərindən keçidi bir ay ərzində məhdudlaşmış, yeni körpü inşa edildikdən sonra nəqliyyatın hərəkəti bərpa edilmişdi.