Bu il məscidlərdə bayram namazı qılınmayacaq - QMİ
    • 23-05-2020, 12:36
    • 914

Bu il məscidlərdə bayram namazı qılınmayacaq - QMİ

Qafqaz Müsəlmanları İdarəsi ilə Şamaxı Astrofizika Rəsədxanasının Ramazanla bağlı təqviminə əsasən sabah Azərbaycanda bayram gününə təsadüf edir. Əgər bayramla bağlı qeyri-adi nələrsə baş verərsə onda xalqa məlumat veriləcək.

News24.az xəbər verir ki, bunu, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib. Onun sözlərinə görə, bu gün bayram axşamına, sabah isə bayram gününə təsadüf edir:

“Bayram günü oruc tutmaq haramdır. Əgər insan bilirsə ki, bayram günüdür, o gün oruc tuta bilməz. Çünki istər Ramazan, istərsə də Qurban bayramında oruc tutmaq haramdır, qadağandır. Əgər şərait varsa, insanlar bayram namazına qatıla bilirlər, camaatla birgə namaz qılırlar. Əslində bayram namazları camaatla birgə qılınmalıdır. Buna şərait yoxdursa, insanın evində ailəsi ilə birgə iki rükət bayram namazı qılması savabdır. İnsan oruc halda bayram namazı qıla bilməz. Gərək orucunu açsın, daha sonra bayram namazını qılsın. Sübh namazından Zöhr namazına qədər olan müddətdə bayram namazı qılına bilər. Bayram axşamı çıxarılan Fitrəni də bildiyi, tanıdığı yoxsul insana verə bilər, bunun üçün ən gözəl vaxt Zöhr namazına qədər olan müddətdir”.

QMİ sədrinin müavini bildirib ki, bu gün ayın görünmə imkanları əldə olunur: “Ola bilər ki, havanın təmizliyindən insanlar ayı gözlə bilməsinlər, bunu illərdir bilirik. Bu axşam Şam namazına qədər, yəni Əsr namazı vaxtında, gün batana qədər artıq Fitrə çıxarılmalıdır. Fitrə çıxarmaq vacibdir, ailənin hər bir üzvü üçün Fitrə çıxılır. Amma ev üçün, maşın üçün Fitrə çıxarılmaz. İnsan mal-mülkünə görə zəkat verə bilər, amma Fitrə çıxarılmamalıdır. Fitrənin miqdarı çox istifadə olunan 3 kq ərzağın qiymətinə bərabər olmalıdır. Məsələn 3 kq buğda, 3 kq un 3 kq düyü və s. Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi və Qazılar Şurası hər zaman məsləhət görür ki, insanlar minimum 5, maksimum 10 manat Fitrə zəkatı çıxarsın. Bu, savabdır, körpə uşaqlar üçün də, ailədə oruc tutmayanlar üçün də Fitrə çıxarılmalıdır. Yəni, evdə nə qədər adam varsa, tutaq ki, qonşu qonaq gəlibsə, kənar adamlar varsa, onun üçün də çıxarılır. Kimsə əsgərlikdədir, səfərdədir, evdə deyilsə, onun üçün Fitrə çıxarılmaya bilər. Həmin Fitrə bayram günü Zöhr namazına qədər imkansız şəxslərə verilməlidir”.

F.Nurullayev deyib ki, hazırda koronavirus infeksiyasının yayılması davam edir və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, insanlar kütləvi olaraq bir yerə yığışa bilməz:

“Biz də bu qərara hörmət edirik. Virusun yayılmaması, insanların yoluxmaması üçün əlimizdən gələni etməliyik. Məscidlərdə insanların bir yerə yığılması da təhlükə yarada bilər. Bunun qarşısını almaq üçün Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi və Qazılar Şurası qərar verib ki, məscidlərdə müvəqqəti olaraq məscidlərdə cümə, camaat, bayram namazları təxirə salınsın. Karantin rejimi davam edir. Ona görə də insanlar bayram namazlarını öz evlərində fərdi olaraq qıla bilərlər". /APA/