“Əgər çimərlikdə bircə nəfər koronaviruslu xəstə olsa...”- Baş infeksionistdən XƏBƏRDARLIQ
    • 26-05-2020, 14:40
    • 1 044

“Əgər çimərlikdə bircə nəfər koronaviruslu xəstə olsa...”- Baş infeksionistdən XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 üzrə sözçüsü Marqaret Harris çimərliklərlə bağlı təzadlı açıqlamalar verib.

News24.az xəbərinə görə, o bildirib ki, koronavirusun sudan keçməsi halı müşahidə edilməyib. Amma insanlar suda olan zaman ağızlarının və gözlərinin suya toxunmamasına diqqət etməlidirlər:

“Çimərlikdə suya qurşağa qədər girmək olar. Çünki insanlar çalışmalıdırlar ki, başları dəniz suyu ilə islanmasın. Yəni gözə, buruna, ağıza dəniz suyu dolmamalıdır. Həmçinin mütləq şəkildə sosial məsəfayə riayət etsinlər. Təmiz havada olmaq çox yaxşıdır. Amma sağlam istirahət etmək daha önəmlidir. Çünki virus öldürücüdür. Ona görə də insanların çox toplaşdığı çimərliklərdə xüsusilə ehtiyatlı olmaq lazımdır. İnsanların sıx olmadığı yerdə çimmək lazımdır ki, virusa tutulmayasan”.

News24.az-a açıqlama verən Azərbaycanın baş infeksionisti Cəlal İsayev  ÜST nümayəndəsinin dediklərində haqlı olduğunu qeyd edib: “Bu virus əlamətsiz formada keçir. İnsan suya girəndə ağzına su dolur. Əgər həmin şəxs koronavirus daşıyıcısıdırsa, yaxud xəstəsidirsə, onun tüpürcəyi də virusludur. Və həmin insan ağzındakı suyu tüpürməklə dəniz suyunu viruslu edir. Təbii ki, virus da müəyyən müddət dəniz suyunda qala bilir. Həmin su sağlam adamın ağzına, gözünə düşərsə, onu yoluxdura bilər. İkinci tərəfdən xəstə insanlar dənizin sahilində  oturacaqlar, söhbət edəcəklərsə, yenə də ətrafdakıları yoluxdura bilərlər. Əsas odur ki, insanlar o tövsiyələrə əməl etsinlər”. 

C.İsayev onu da əlavə edib ki, koronavirusun dəniz suyunda qalma müddətinin hələ o dəqiqləşdirilmədiyini bildirdi: “Koronavirus  dəniz suyunda nə qədər qala bilər. Hələ bunu öyrənən yoxdur. Hətta orda bir saat da qalsa, kifayət edir ki, suya girən insanları yoluxdursun”.

Baş infeksionist hovuzlarda suya qarışdırılan xlorun koronavirusu öldürdüyü bildirib: “Xlor koronavirusu bir neçə dəqiqəyə öldürür. Düzdür, orda koronavirusun qalma ehtimalı çox zəifdir, amma hər halda hovuzlar açılsa da, orda müəyyən tədbirlər edilməlidir. Hovuzlar xlorlanmalı, sular tez-tez dəyişdirilməlidir. Bütün bunlara əməl olunmasa, hovuzlar infeksiya mənbəyi ola bilər”. 

Afaq Mirayiq