Nazirlik karton evdə yaşayan ailəyə kömək etdi- Amma bu yetməz!
    • 28-09-2018, 17:48
    • 943

Nazirlik karton evdə yaşayan ailəyə kömək etdi- Amma bu yetməz!

İki gün öncə Biləcəridə çətin vəziyyətdə yaşayan iki ailənin barəsində məlumat vermişdik. Medianın çağırışı cavabsız qalmadı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov bildirib ki,
Bakı şəhəri Biləcəri qəsəbəsində, dəmiryolu xəttinin yaxınlığında qeydiyyatsız yaşayan, Tərtər rayonu, Buruc kənd sakini Tacəddin Məmmədovun ailəsinin maddi durumunun çətin olması ilə bağlı yayılan müraciətlə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşları ailənin yaşadığı yerə gediblər.

Şəraiti olmayan tikilidə yaşayan ailə başçısı Tacəddin Məmmədov “Azərbaycan Dəmir Yolları” QSC-də Biləcəri 2 nömrəli işarəvermə və rabitə sahəsində işləyir.
Ailənin 3 övladı məktəbli ləvazimatlarının olmaması səbəbindən məktəbə getmirdilər. Uşaqların hər birinə Heydər Əliyev Fondu tərəfindən hədiyyə edilən zəruri ləvazimatları olan məktəbli çantaları təqdim edilib.
Nazirlik əməkdaşları ailəyə ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün elekton qaydada müraciət etmələri tövsiyə olunub. Ünvanlı dövlət sosial yardımın təyin olunması üçün tələb olunan prosedurlar izah olunub.
Ailənin digər əməkqabiliyyətli üzvü Xəyalə İsmayılova dəmiryolu ərazisində yaşadığı və buna görə övladlarını nəzarətsiz qoya bilmədiyinə görə təklif olunan vakant işlərdən imtina edib. Bununla belə ev şəraitində çalışmaq imkanı nəzərə alınaraq özünüməşğulluq proqramına cəlb edilməsi üçün rayon məşğulluq mərkəzinə dəvət olunub.
News24.az olaraq bildiririk ki, bu ailənin bütün dərdi iki məktəbli çantası deyil. XXI əsrin ortasında elektrik enerjisi olmadan neft lampası ilə, külək vursa yerindən uçacaq bir komada yaşayan və ən ümdəsi də, 250 manatla həyatla boğuşan bir ailənin bundan qat-qat çox köməyə ehtiyacı var. Ümid edirik, nazirlik  daha böyük işlərə imza atacaq.