Qənirə Paşayeva müğənni Nurlan Əzizbəyli ilə GÖRÜŞÜB
    • 30-05-2020, 22:05
    • 1 174

Qənirə Paşayeva müğənni Nurlan Əzizbəyli ilə GÖRÜŞÜB

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanın tanınmış yeni nəsil sənətçisi, müğənni Nurlan Əzizbəyli ilə görüşüb. 

News24.az xəbər verir ki, millət vəkili Q.Paşayeva müğənninin evinə gedərək, onun qarşılaşdığı müəyyən sosial problemlərlə, mənzil şəraitsizliyi ilə yerində tanış olub.

Nurlan Əzizbəylinin gənc nəsil, eləcə də sənətbilicələri, geniş tamaşaçı auditoriyası tərəfindən maraqla qarşılanan istedadlı müğənni olduğunu qeyd edən xanım Paşayeva, onun həllivacib problemlərini aidiyyatı orqanlar qarşısında qaldıracağını bildirib.

Komitə sədri bildirib ki, dövlət başçısının, I vitse-prezidentin sənətə, sənətçilərə dayanıqlı diqqət-qayğısı hər bir məmurun, əlaqədar orqanların üzərinə hüquqi məsuliyyətlə yanaşı mənəvi məsuliyyət də qoyur. – “Ümidvaram ki, mümkün olan ən qısa zaman içində, sizin problemlər də öz layiqli həllini tapacaq. Bununla da, siz öz diqqətinizi gözəl sənətinizin inkişafına sərf edərək, musiqi, ifaçılıq sənətimizə yeni töhfələrlə çıxış edəcəksiniz”. Millət vəkili Q.Paşayeva müğənni Nurlan Əzizbəylini xeyriyyəçi Hacı Nuran Hüseynov və Qadın Sahibkarlar Assosiasiyasının rəhbəri Səkinə xanım Babayeva ilə birgə ziyarət etmişdi.

Bu gün isə Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Nurlan Əzizbəyli və xanımı ilə birgə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovla görüşüblər və sənətçinin üzləşdiyi ağır mənzil-məişət şəraiti ətrafında geniş fikir mübadiləsi aparılıb. Yasamal Rayon İcra Hakimiyyəsinin başçısı Elşad Həsənov Nurlan Əzizbəyliyə üzləşdiyi problemin həllində dəstək olmaq üçün əlindən gələni edəcəyini deyib. Millət vəkili Qənirə Paşayeva və sənətçi Nurlan Əzizbəyli məsələyə böyük həssaslıq və diqqətlə yanaşan Yasamal Rayon İcra Hakimiyyəti başçısı Elşad Həsənova təşəkkürlərini bildiriblər.