Hamilə qadınlarda viruslu xəstəliklərə qarşı həssaslıq artır - AQTA
    • 6-06-2020, 12:37
    • 850

Hamilə qadınlarda viruslu xəstəliklərə qarşı həssaslıq artır - AQTA

Hamiləlik zamanı qadın orqanizmində bir sıra hormonal dəyişikliklər baş verir ki, bu da dolayı yolla immun sisteminin zəifləməsinə, orqanizmin bakterial və viruslu xəstəliklərə qarşı həssaslığının artmasına gətirib çıxarır. 

News24.az
xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, immun sistemi orqanizmin yad cisimlərə qarşı təbii müdafiə reaksiyasıdır. Hamiləlik dövründə ananın immun sisteminin zəifləməsi və ana bətnindəki körpənin immun sisteminin hələ tam inkişaf etməməsi bir sıra bakteriya və viruslara qarşı yoluxma riskini artırır. Bu səbəbdən hamilə qadınların özlərini virus və infeksiyalardan qoruması olduqca vacibdir:

 “Nə üçün hamilə qadınlar yüksək risk altındadır? 

- Hamilə qadın və inkişafda olan körpə bəzi xəstəliklərə qarşı yüksək riskə məruz qalırlar, çünki hamiləlik dövründə immun sistemi dəyişir, bu da orqanizmin müəyyən zərərli mikroorqanizmlərlə mübarizə aparmasını çətinləşdirir. 

- Ana bətnindəki körpənin immunitet sistemi zərərli mikroorqanizmlərlə mübarizə aparmaq üçün kifayət qədər inkişaf etməyib.  

-Virus və bakteriyalarla yayılan xəstəliklər hamilə qadın və doğulmamış körpə üçün ciddi sağlamlıq problemlərinin yaranmasına yol aça bilər. Hazırda hamilə qadınların COVID-19 xəstəliyinə yoluxan insanların içərisində hansı nisbətdə olduğu dəqiq müəyyən edilməyib.

Lakin hamilə qadınlar və süd verən analar ümumi əhalinin riayət etdiyi aşağıdakı sanitariya-gigiyena qaydalarına əməl etməklə virus və infeksiyalara, eləcə də COVID-19 xəstəliyinə yoluxma riskini minimuma endirə bilər; 

- Öskürən zaman əlləri ilə ağızlarını örtmək;

- Xəstə insanlardan mümkün qədər çox, azı 1,5 - 2 metr sosial məsafə saxlamaq 

 -Əlləri sabun və alkoqol əsaslı təmizləyici vasitələrdən istifadə edərək müntəzəm yuyub təmizləmək.

Araşdırmalara görə, COVID-19-a yoluxmuş analardan doğulan heç bir körpənin COVID-19 testi müsbət nəticələnməyib. Onu da qeyd edək ki, az sayda olan bu hallarda virusa nə amniotik maye, nə də ana südü nümunələrində rast gəlinməyib. Amma COVID-19 virusunun hamilə qadından hamiləlik və ya doğuş zamanı dölə və ya körpəyə ötürülmə ehtimalı hələ elmə tam olaraq məlum deyil”.

Bildirilib ki, hazırkı məlumatlara əsasən, hamiləlik dövründə COVID-19-a müsbət nəticəsi olan analardan doğulmuş körpələrdə hamiləlik və ya doğuş (məsələn, vaxtından əvvəl doğuş) ilə əlaqədar az sayda problem yaşanıb. 

“Ancaq bu halların ananın yoluxduğu virus infeksiyası ilə əlaqəli olub olmadığı aydın deyil. Xüsusi nəzərə alınmalı məqamlardan biri də yoluxmuş ananın körpəsini ana südü ilə qidalandırmasıdır. Ana südü müxtəlif xəstəliklərə qarşı körpəni qoruyur. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC- Centers for Disease Control and Prevention) digər bənzər viruslarla (SARS-CoV və MERS-CoV) yoluxma zamanı körpələrin südlə qidalandırılmasına dair xüsusi tədbirlər planı təklif etməyib. Həmçinin, COVID-19 xəstəliyinin törədicisinin ana südünə, dolayısı ilə körpəyə necə təsir etdiyi hələlik məlum deyil. Süd verən ana öz həkimi və ailə üzvləri ilə məsləhətləşdikdən sonra süd verməyə davam edəcəyinə və ya saxlayacağına qərar verməlidir. COVID-19 diaqnozu qoyulmuş və ya xəstəliyin simptomlarını daşıyan analar virusun körpəyə yoluxmasının qarşısını almaq üçün bütün təhlükəsizlik qaydalarına əməl etməlidir. Belə ki, körpələrə toxunmadan öncə əllərin yuyulması və maska taxılması olduqca vacibdir. Ana övladını əmzik başlıqlı butulka ilə qidalandırırsa, əlləri yumadan öncə butulkanın heç bir hissəsinə toxunmamalıdır”.