İstirahət üçün çıxılmaz vəziyyətdə QALAN BAKI ƏHLİNƏ - 22 MİNLİK KİRAYƏ BAĞ EVİ
    • 11-06-2020, 13:01
    • 1 110

İstirahət üçün çıxılmaz vəziyyətdə QALAN BAKI ƏHLİNƏ - 22 MİNLİK KİRAYƏ BAĞ EVİ

Yay ayları hər kəsdə dəniz, səyahət, məzuniyyət, bir sözlə, ürəkdən istirahət etmək arzusunu oyadır. Lakin bu ilki yay istirahəti ötən illərinkindən çox fərqlənir. Koronavirus pandemiyası ilə əlaqədar olaraq ölkə xaricinə səyahətlə yanaşı, bölgələrə səfərlərə də məhdudiyyət qoyulub. Bu isə sakinlərin yalnız yaşadıqları ərazidə istirahət edə biləcəkləri deməkdir.  

Belə olan halda, Bakı ərazisində yaşayanlar şəhər kənarındakı bağ evlərini günlük, həftəlik və ya aylıq kirayələməyə üstünlük verirlər. Bu gün üçün istirahət üçün ən real variant bağ evləridir. Onu da nəzərə alsaq ki, hər kəsin bağ evi olmadığı üçün bu versiyadan istifadə etmək şansını itirir. Amma bu vəziyyətdən də çıxış yolu mümkündür. Bağ kirayələməklə bu arzunu gerçəkləşdirmək olar, amma... Builki qiymətlər elə yazının əvvəlində qeyd etdiyimiz səbəbə görə daha da bahalaşıb. 


Elə bu səbəbdən də News24.az olaraq bağ evlərinin qiymətlərini araşdırmağa qərar verdik. 

Aydın oldu ki, Bakının Mərdəkan, Bilgəh, Buzovna, Şüvəlan, Fatmayi kimi ərazilərində qiymətlər ceyran belindədir. 

Mərdəkanda hovuzu, idman zalı, iş otağı, futbol və basketbol meydançası olan üçmərtəbəli bağ evlərinin aylıq icarəsi nə az, nə çox 22 000 manat təşkil edir. 

Şüvəlanda hovuzu, saunası, bir neçə yataq otağı olan ikimərtəbəli villanın aylıq kirayəsi 15 500 AZN-dir. 

Eyni qiymətə Bilgəhdə də bağ evi icarəyə verənlər az deyil. Burada isə ev 2 mərtəbə və mansar qatından ibarətdir. 

Buzovnada da bağ kirayələmək mümkündür. Burada həyət dekorativ ağaclarla bəzədilib. Digər evlər kimi bu bağ evinin də bir neçə yataq otağı var. Fərqləndirən cəhət isə xüsusi şərab otağının olmasıdır. Qiymət isə 15 000 AZN-dir. 

Şüvəlanda da 15 000 manata bağ kirayələmək istəyənlər üçün seçim boldur. 

Bilgəhdə 10 000 manat civarında bağlar təklif olunur. Aralarında fərq isə yerlə-göy qədərdir. 
Daha ucuz bağ evləri isə Fatmayı kəndindədir. Burada 2 mərtəbəli və hovuzlu bağ 8 000 manata təklif edilir.

Şüvəlanda bundan öncə qeyd etdiyimiz bağlardan fərqli olaraq 4 min manata hovuzlu birmərtəbəli yığcam ev tapmaq da mümkündür. 

Ümumiyyətlə isə Bakı ətrafı kəndlərdə daha aşağı qiymətə bağ tapmaq olar. Lakin qiymət ucuzlaşdıqca icarəyə verilən evlərin şəraiti də müəyyən qədər azalır. Misal üçün ucuz qiymətə təklif edilən evlərdə həyətyanı sahə az olur, hovuzdan ümumiyyətlə söz gedə bilməz, evlər isə  2 və ya 3 otaqdan ibarət olur.   

Sadalanan bağ evlərini həm mülkiyyətçilər, həm də vasitəçilər (makler) kirayə verirlər. Maklerlərlə söhbət zamanı məlum oldu ki, may ayında bağ evlərinə təyin olunan qiymətlər iyunda dəyişdirilərək yüksəldilib. 

Teymur Məmmədov