Baş prokuror ABŞ-ın ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri ilə görüşdü - FOTO
    • 18-06-2020, 17:33
    • 574

Baş prokuror ABŞ-ın ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri ilə görüşdü - FOTO

İyunun 18-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri Örl Litzenbergerlə görüşüb.

News24.az xəbər verir ki, Qonaqları səmimi salamlayan Baş prokuror Azərbaycanla ABŞ arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, dövlətlərimizin hüquq mühafizə orqanları arasında əməkdaşlığı haqqında danışmışdır.

Kamran Əliyev Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq prokurorluqda aparılan genişmiqyaslı islahatlardan söhbət açaraq, beynəlxalq təhlükəsizlik və terrorizmə qarşı mübarizədə dövlətimizin göstərdiyi səyləri, həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən institusional və cinayət təqibi tədbirlərini qeyd edərək, Baş Prokurorluğun insan alveri və narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin mütəşəkkil cinayətkarlığın digər ağır formaları ilə mübarizə sahəsində beynəlxalq qurumlarla, o cümlədən digər ölkələrin müvafiq qurumları ilə səmərəli əməkdaşlığın əhəmiyyətini vurğulamışdır.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Örl Litzenberger ikitərəfli münasibətlərə toxunaraq ABŞ-ın Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və iki ölkə arasında münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini vurğulamış, ölkəmizlə Ermənistan arasındakı mövcud münaqişə barədə fikir mübadiləsi aparılarkən Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyaraq Dağlıq Qarabağ ərazisinin ölkəmizin tərkib hissəsi olmasını təsdiqləmiş və hər zaman Azərbaycan dövlətini dəstəklədiyini bildirmişdir.

Səfir prokurorluq əməkdaşlarının peşə bacarıqlarının artırılmasında ABŞ-ın hər cür dəstək göstərməyə hazır olduğunu qeyd etmişdir.

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunmuş, faydalı fikir mübadiləsi aparılmışdır.