“Azərişıq” şirkət sahiblərinə XƏBƏRDARLIQ ETDI
    • 22-06-2020, 15:15
    • 638

“Azərişıq” şirkət sahiblərinə XƏBƏRDARLIQ ETDI

Son zamanlar bəzi çoxmənzilli binalarda və böyük obyektlərdə baş verən yanğın hadisələri bir daha göstərir ki, bəzi sahibkarlar tərəfindən təhlükəsizlik texnikası, elektrik qurğularının quraşdırılması və elektrik enerjisindən istifadə qaydalarına dair müvafiq qanunverciliyin tələblərinə əməl edilmir, nəticədə vətəndaşlara çox ciddi maddi və mənəvi ziyan dəyir. Təəssüflər olsun ki, hələ də obyektlər və çoxmənzilli binalar bir çox hallarda elektrotexniki normalara əməl olunmadan inşa edilir.

News24.az xəbər verir ki, bu barədə  “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti tərəfindən yayılan məlumatda deyilir.

Baş verən yanğınların səbəbləri araşdırılarkən müəyyən olunur ki, tikinti obyektləri, binalar, evlər inşa edilərkən enerji təsərrüfatına aid olan işlər texniki normalara və qaydalara uyğun aparılmır. Bir çox hallarda elektrik naqilləri və avadanlıqları qeyri-peşəkar quraşdırıldığından, eyni zamanda onlara istismar qaydalarına uyğun qulluq göstərilmədiyindən qeyd olunan bədbəxt hadisələr baş verir. 

Abonentləri bədbəxt hadisələrdən qorumaq məqsədi ilə “Azərişıq” ASC tərəfindən texniki qaydalara əməl etməyən obyekt sahiblərinə, çoxmənzilli bina inşa edən sahibkarlara mütəmadi olaraq xəbərdarlıqlar olunmasına baxmayaraq, qeyd olunan nöqsanlar hələ də aradan qaldırılmayıb. Odur ki, “Azərişıq” ASC tərəfindən enerji təchizatı sistemində problemi olan şirkətlərin siyahısının yaxın günlərdə mediaya təqdim olunması nəzərdə tutulur. 

Qüvvədə olan qaydalar tələb edir ki, inşa edilən çoxmənzilli binalarda yaşayan sakinləri və obyektləri keyfiyyətli, dayanıqlı və təhlükəsiz elektrik enerjisi ilə təmin etmək məqsədi ilə enerji təchizatı müəssisəsi ilə  sahibkar arasında enerjinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və yalnız ondan sonra mənzillər enerji ilə təmin oluna bilər. 

Bir daha vətəndaşlarımızın nəzərinə çatdırmaq istəyirik ki, “Azərişıq” ASC-nin rəsmi saytında yaradılmış xüsusi bölmədən istifadə edərək yeni tikililərdən obyekt və ya mənzil alarkən gələcəkdə elektrik enerjisi təchizatında problemlərin yaranmaması üçün binanın texniki sənədlərinin düzgünlüyü və kommunal təminatının vəziyyəti haqqında məlumat əldə etsinlər.