"SMS-dən sui-istifadə olunsa, ciddi məhdudiyyətlər qoyulacaq" - VİDEOREPORTAJ
    • 23-06-2020, 21:33
    • 982

"SMS-dən sui-istifadə olunsa, ciddi məhdudiyyətlər qoyulacaq" - VİDEOREPORTAJ

İyunun 21-i, saat 00:00-dan etibarən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Masallı şəhərlərində və Abşeron rayonunda sərtləşdirilmiş karantin rejimi tətbiq olunur. Bununla bağlı sadalanan ərazilərdə müəyyən yerlər iki həftəlik fəaliyyətini dayandırıb. Amma buna baxmayraq “Baki Metropoliteni” tam sürətlə oz işini davam etdirir. Qurumdan News24.az-a verilən məlumata görə, son üç gündə sərnişin sayında nisbətən azalma müşahidə olunur.

"Bakı Metropoliteni" Daxili İşlər Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində gücləndirilmiş iş rejimdə çalışır. Metroya girən sərnişin elə qapıdaca ilk olaraq növbədə dayanır, daha sonra isə polis əməkdaşları tərəfindən  yoxlanılır. Sərnişinlər yalnız sms icazəsi, ya da iş arayışı yoxlanıldıqdan sonra yeraltı nəqliyyatdan istifadə edə bilər. Bakı metrosunda vətəndaşların demək olar ki, hər biri tibbi maskadan istifadə edərək, bütün qaydalara əməl edirlər. 

Çəkiliş müddətində sms icazəsinin bitməsinə az vaxt qalmış sərnişinlərə də rast gəlindi.

"Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirildi ki, sərnişinlər metroya daxil olan zaman maskanı tam şəkildə taxmalıdırlar. Çənənin, ya da ağızın üstünə taxmaq qayda pozuntusu hesab olunur və sözügedən tibbi vasitə yalnız yeraltı ictimai nəqliyyatdan çıxandan sonra çıxarılmalıdır: "Xüsusi karantin rejimində hər bir məhdudiyyət və yumşaldılma Bakı Metropoliteninin fəaliyyətinə özünəməxsus şəkildə təsir göstərir. Amma təxmini sərnişinlərə nəzər salsaq təxmini iki qat azalmalar var. Bu azalmaya rəğmən “Bakı Metropoliteni” gücləndirilmiş iş rejimində çalışır. Təbliğat və nəzarət sistemi ilə işləyirik. Qatarlar ən optimal hərəkət qrafiki üzrə çalışırlar. Bu isə o deməkdir ki, interval minimum səviyyədə saxlanılır. Qatarlarda sosial məsafənin qorunması üçün kifayət qədər ara var. Sərnişinlər birmənalı şəkildə maskalardan istifadə etməlidirlər. Bununla da özünüzü və ətrafdakı insanları qorumuş olacaqsınız. Bununla yanaşı, onu da qeyd edim ki, “Bakı Metropoliteni” gücləndirilmiş iş rejiminə uyğun olaraq metroda dezinfeksiya işlərini də davam etdirir. Eyni zamanda maarifləndirici posterlər də quraşdırılıb". 

Yoluxmaların daha çox ictimai nəqliyyatda yayıldığını nəzərə alsaq, bununla bağlı bir sıra maarifləndirici addımlar atılıb. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, maska taxanların sayı 60%-dək çoxalsa da hələ də qaydaları pozan sərnişinlərə rast gəlinir: "Sərt karantin rejimi tətbiq olunan gündən bu yana gündəlik sərnişin sayı və axını təhlil edilir. İyun ayının 22-si sərnişin sayı 670.000 olub. Yəni gündəlik sərnişin sayına nəzər salsaq deyə bilərik ki, 45% azalma var. Gündəlik xəttə 1700-1900 arası avtobus çıxarılır. Bu addımı atmaqda əsas məqsəd sıxlığı minimum səviyyəyə çatdırmaqdan ibarətdir. Amma çox təəssüf ki, avtobusun intervalını gecikdirən müəyyən səbəblər var. Onlardan biri yollarda olan məhdudiyyətlər və yol nəqliyyat hadisələrinin baş verməsidir. Məsələn, ötən şənbə günü üç yol qəzası oldu. Hər üçü də böyük sıxlığın yaranmasına səbəb oldu. Belə problemlərə görə bir istiqamətdə gedən bütün nəqliyyat vasitələr tıxacda qalır. Eyni zamanda bildiyiniz kimi yollarda yenidən polis karantin postları quraşdırılıb. Lakin çox təəssüf ki, bəzi sürücülər hərəkət sənədlərini polis əməkdaşlarına çox gec təqdim etdiyi üçün müəyyən mübahisələr yaranır, nəticədə isə yollarda tıxac yaranır".

Məlum olduğu kimi sərtləşdirilmiş karantin rejimi qüvvəyə mindikdən sonra sms icazə sistemi yenidən bərpa olunub. Bununla bağlı Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev News24.az-a müsahibəsində bildirib ki, iki gün ərzində 1 milyon 769 min SMS göndərilib. Bunlardan 25 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb: "İki gün ərzində müşahidələrimiz onu göstərir ki, “1” kodu ilə bağlı sui-istifadə halları olub. Belə ki, bəzi vətəndaşların sistem vasitəsi ilə “1” kodu, yəni təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar göndərilmiş müraciətlərini bu hal üzrə deyil, digər, aidiyyəti olmayan məqsədlər üçün istifadə etdikləri müəyyən edilib. Cəmi 2 gün ərzində bu koddan 130 minə yaxın vətəndaş bu koddan istifadə edib. Bir daha xatırlatmaq istərdik ki, “1” kodu yalnız təxirəsalınmaz tibbi yardım üçündür və müddəti iki saatdır. Əgər, geri qayıtma zamanı uzanarsa bununla bağlı vətəndaşa olduğu yerdə arayış veriləcək.   Bununla da vətəndaş sənədini polisə təqdim edib yoluna davam edə bilər. Sui-istifadə halları çoxalarsa, kodlarla bağlı yeni məhdudiyyətlər tətbiq oluna bilər. Hazırda əməkdaşlar üçün icazənin alınması ilə bağlı  54 min 512 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs üzrə 738 min 937 aktiv icazə qüvvədədir. SMS-lərin 99,3 faizi isə 1 dəqiqə ərzində cavablandırılıb. Aprel ayından fərqli olaraq bu dəfə səkkiz inzibatı ərazidə tətbiq olunub. Əvvəllər aidiyyətı olmayan smslərin sayı 60-70% təşkil edirdisə, indi bu rəqəm iki, üç dəfə aşağıya düşüb".  

Sonda onu da qeyd edək ki, sağlam qalmaq bizim öz əlimizdədir. Yetər ki, qoyulan qaydalara səbr və təmkin nümayiş etdirərək əməl edək. Gələcək bu gün hər birimizin əlindədir. Bu gün hər birimiz vətəndaş olaraq öhdəmizə düşən qaydalara məsuliyyətlə riayət etməklə sabahımızı sağlam edə bilərik.  

Sevda Bayramova
VİDEO: Fərid Şabanov