Ürəyinə qurban olum, gizirim... - Müşfiq Abbasov yazır
    • 24-06-2020, 13:56
    • 1 740

Ürəyinə qurban olum, gizirim... - Müşfiq Abbasov yazır

Bəzən elə mövzular olur ki, o barədə yazmaq və ya xatirələri bölüşmək çox çətindir. İnsanlar var ki, onlar torpağa, millətə və bayrağa o qədər bağlıdır ki, bu, tarix kitablarına yazılıb gələcək nəsillərə aşılanmalıdır.   
     

2007-ci ildə Müdafiə Nazirliyinin Xüsusi təyinatlı hərbi hissəsinin bir qrup hərbçisi Kürdəmir rayonu ərazisində helikopterdən 400 metr hündürlükdən paraşütlə təlim atlayışları icra edirdi. 

Qeyd edim ki, helikopter yerə nə qədər yaxın məsafədən uçursa, paraşütlə atılmaq qədər çətin olur. Paraşütçü yerə yaxınlaşdıqca, onun sürəti saniyədə 70 metrədək artır. Təbii ki, bu vəziyyətdə havada hansısa hərəkətləri icra eləmək çox çətinləşir. Buna nə vaxt olmur, nə də havanın sürətli axını imkan vermir. Paraşütçünün əsas və ehtiyat paraşütü olur. Əsas paraşüt belində, ehtiyat paraşüt isə qarnının üzərinə yerləşdirilir. Əsas paraşüt ehtiyat paraşütdən çox böyükdür. Onun kupolunu çəkib çantadan çıxaran kəndir helikopterə bağlı olur. Əgər paraşütçü hansısa səbəbdən havada özünü itirib əsas paraşütü aça bilməsə belə, helikopterə bərkidilmiş həmin kəndir paraşütü avtomatik açır. Bu səbəbdən paraşütçünün ölüm riski demək olar ki, olmur. 

Lakin ölümün zamanını dəyişmək insanın əlində deyil. Həmin hərbi hissənin gizirlərindən biri helikopterdən atılanda sinəsində olan avtomat silahın lüləsi helikopterə bağlanmış kəndirə ilişmiş və kəndir qırılmışdı. Bu səbəbdən əsas paraşüt açılmamışdı. Özünü itirməyən gizirimiz dərhal qarnı üzərində olan ehtiyat paraşütünü açmış, lakin yerə məsafə çox az olduğundan ehtiyat paraşütün kupolunun dolmağı ilə gizirimizin yerə dəyməyi eyni vaxtda baş vermişdi. Təəssüf ki, o, elə orada da həlak olmuşdu. 

Bu müstəqillik illərimizdə olan ilk belə hadisə idi. Gizirimiz on üçüncü dəfə helikopterdən atılırdı. Hər iki paraşütü yerdə özü düzgün qablaşdırmışdı. Həmin vaxt mən Tərtər Hərbi Prokurorluğunun böyük müstəntiqi idim. Ərazi baxımından Kürdəmir bizim zonamıza daxil idi. İşin istintaqını aparmaq mənə tapşırılmışdı. 

Hadisə yerinə gələrkən əvvəldən heç bir tanışlığım olmayan general Hikmət Mirzəyevin gizirimizin meyitinin yanında sakitcə dayandığını və gözlərindən yaş axdığının şahidi oldum. Hadisə yerinə baxış keçirəndən sonra meyiti müayinə eləmək üçün Tərtərə gətirdik. Ekspertimiz Rahib Bayramov meyiti müayinəyə başladı. Gördüklərim məni bir xeyli düşünməyə vadar etdi. Gizirimizin bütün daxili orqanları, hətta beyni belə zərbənin təsirindən bütünlüklə parçalanmışdı. Yeganə dağılmayan orqanı ürəyi idi. Həmin anda ekspertimizin dediyi söz hələ də qulağımdadır: “Ürəyinə qurban olum, ürəyin parçalanmayıb, sən əsl döyüşçüsən”. 

Bu sözlər həmişə məni düşündürürdü. Bəlkə də həmin gizirin həyatı, xidməti və ölümü kitablara yazılmalı idi. Hadisəni araşdırdığım dövrdə Müdafiə Nazirliyinin həmin hərbi hissəsinin zabit və gizir heyəti ilə yaxından tanış oldum. Uzun müddət Hərbi Prokurorluqda işləsəm də, ordumuzun bu cür elitar bir hərbi bölməsinin olması barədə məlumatsız idim. Hər bir gizir və zabit ayrı-ayrılıqda şəxsiyyət olmaqla Vətənə və millətə sonsuz dərəcədə bağlı idi. Aprel döyüşləri zamanı onların göstərdiyi igidliklər hamıya məlumdur. Şəhidlərimiz Murad Mirzəyev, Samid İmanov, Pəncəli Teymur və başqaları həmin hərbi hissədən idi. Hansı şəraitdə ölmələrindən asılı olmayaraq, mənə görə onların hər biri parçalanmayan, şir ürəkli igidlərdir...

Müşfiq Abbasov