Qan borcu... - Müşfiq Abbasov yazır
    • 26-06-2020, 13:43
    • 1 511

Qan borcu... - Müşfiq Abbasov yazır

Bu gün Azərbaycan ordusunun yaranma günüdür. Səhər saatlarında sosial şəbəkələrə baxanda bəzi insanların bu günü qeyd etməyin yersiz olduğunu yazdıqlarını gördüm. 

Yazırlar ki, Qarabağımız işğal altındadır, torpaqlarımızın iyirmi faizi düşmən tapdağındadır, çoxlu qaçqınımız var. Belə bir vəziyyətdə nə ordu günü?! Hətta bəzi kişilər bu gün özlərini sanki günahkar hiss edirlər. Doğrusu, bu cür fikirlər məni üzür. Bəli, bu gün torpaqlarımız işğal altındadır, ordumuz birinci Qarabağ savaşından məğlub ayrılıb. 

Lakin Qarabağın hələlik düşməndə olması o, demək deyil ki, biz ordu günümüzü qeyd etməməliyik. Axı, Qarabağ yolunda həyatını itirən şəhidlərimiz, Milli Qəhrəmanlarımız, qanı o torpaqlara tökülmüş saysız-hesabsız qazilərimiz var. Ordu gününə bu cür münasibət axı, onların ruhuna, qanına hörmətsizlik olar. Biz döyüşü uduzmuşuq, dostlar. Amma qarşıda müharibə var. O müharibə ki, orda yenə qan töküləcək, yenə şəhidlərimiz, qazilərimiz olacaq. Odur ki, həmin oğlanların bayramını onlar sağ ikən qeyd etməliyik. 

Bu yerdə rəhmətlik Bəxtiyar Vahabzadəni xatırladım. 2005-ci ildə hərbi hissələrin birində əsgərlərdən biri aralarında yaranan mübahisəyə görə digərini döyüb yüngül xəsarət yetirmişdi. Buna görə hərbi hissə komandiri ona cinayət işi qaldırmışdı. 
Həmin dövrlərdə hərbi hissə komandiri təhqiqat orqanı sayılırdı və onun cinayət işi başlamaq səlahiyyəti vardı. Cinayət işi başlanıb istintaq aparılması üçün hərbi prokurorluğa göndərilirdi. Həmin əsgərin cinayət işinin istintaqınin aparılmasını prokuror mənə tapşırmışdı. Səhər işə gələndə telefonum zəng çaldı. Xalq şairi Bəxtiyar Vahabzadə idi. Çox təəccübləndim. Mən şairin nəvəsi, öz adını verdiyi Bəxtiyar Vahabzadə ilə Bakı Dövlət Univerisitetinin hüquq fakültəsində birgə oxumuşam. Amma şairimiz bunu bilmirdi və mən də bu haqda ona heç nə demədim. Bəxtiyar müəllim məndən həmin əsgər haqda soruşdu. Ona əsgər yoldaşını döydüyünə görə cinayət işi başlandığını dedim. Bəxtiyar müəllim həmin əsgərin atasının şəhid olduğunu deyib ona kömək eləməyimi xahiş elədi. 

Onun şəhid oğlu olduğunu deyəndə şairimizin telefonda kövrəldiyini, səsinin necə əsdiyini aydın hiss elədim. Onun son sözləri ruhuma toxundu: “Əgər bir insan bu torpaq, bu millət və bu bayraq üçün canını fəda edibsə, onun oğlunun xırda mübahisəsini, kiçik xətasını bağışlamaq borcumuzdur. Çünki hər birimizin onun atasına borcumuz var”.  

Şairimizin bu sözlərindən sonra qarnizon prokurorunun da razılığını alıb həmin əsgərə kömək elədim. Çünki mən də özümü onun atasına borclu sayırdım.

Borclu olduğumuz insanların xatirəsi üçün, Ordu günümüz mübarək!

Müşfiq Abbasov