İnsan xisləti... ANA ADI... - Müşfiq Abbasov yazır
    • 29-06-2020, 14:16
    • 2 061

İnsan xisləti... ANA ADI... - Müşfiq Abbasov yazır

Bu gün sizə iki ana haqqında yazacam. 

2009-cu ildə Tərtərdəki hərbi hissələrdən birində ağır cinayət hadisəsi baş vermişdi. Salyandan olan ali təhsilli bir əsgər gecə yuxudan qalxıb ayaqyoluna gedəndə manqa komandirinin başqa bir əsgərlə onun anası və bacısı haqda çox nalayiq sözlər danışıb güldüklərini eşidir. O, dərhal avtomatını götürüb otağa girir və onların hər ikisini güllələyib öldürür. O, sonra özünü vurmaq istəyər. Lakin silahdan atəş açılmır. Atəş səsinə gələn gizir silahı ondan alır. 

Elə həmin gün cinayət işi başlayıb qətl törədən əsgəri həbs etdim. Qaydaya görə, öldürülən əsgərlərin valideynləri zərərçəkmiş şəxs kimi tanınıb dindirilməli idi. Manqa komandiri olan əsgər Qusardan olduğuna görə ora getdim. Bir qayda olaraq, rəhmətə getmiş əsgərlərin valideynləri hərbi prokurorluğa çağırılmır, onların dərdli olması nəzərə alınır və müstəntiq evlərinə gedib dindirirdi. 

Mən əvvəlcə Qusar rayon hərbi komissarlığına gəldim. Hərbi komissara gəlişimin məqsədini dedim. Hərbi komissar dedi ki, həmin manqa komandirinin meyiti komissarlığı gətirilmişdi (Hərbi hissədə ölmüş hərbiçinin meyiti əvvəl hərbi komissarlığa gətirilir, ordan da evinə göndərilir). Onun anasına zəng etdik. Anası gələnədək hərbi komissarlığa təcili tibbi yardım maşını da çağırdıq ki, onsuz da anasına lazım olacaq. Ana gəldi, oğlunun meyitinə baxıb sadəcə bu sözləri dedi: “İndi buna görə dövlət mənə nə qədər pul verəcək?” Bu sözləri eşidib təccüblənməmək mümkün deyildi. Həmin qadını dindirərkən özüm də buna şahid oldum. Ana ögey oğlu haqda danışmırdı. O, öldürülən manqa komandirinin doğma anası idi. Dindirmə zamanı sadəcə, dövlətin verəcəyi puldan və təqaüddən bəhs edirdi. Onu tez dindirib evindən bir an öncə çıxmaq istəyirdim. Həmin iş məhkəməyə gedənədək, o, mənə bir neçə dəfə zəng edib yalnız təqaüdlə maraqlanırdı. Oğlunun niyə öldürülməsi və qatilin kim olması onunçün maraqsız idi. 

Sonralar Bakı şəhər prokurorluğunda işləyərkən mənə bir cinayət işi verdilər. Bir neçə il əvvəl bir nəfər mağazada pul üstündə mübahisəyə görə iki qardaşa bıçaqla xəsarət yetirmişdi. Qardaşlardan biri ölmüş, digəri yaralanmışdı. Cinayət törətmiş şəxs həbs olunmuşdu. Yaralı qardaş sağaldıqdan bir neçə il sonra qisas almaq qərarına gəlmişdi. O, ov tüfəngi ilə silahlanıb qardaşının qatilinin heç bir günahı olmayan ali təhsilli oğlunu evlərinə gedən yolda öldürmüş, onun yanında olan dostunu isə yaralamışdı. 

Cinayət işinin istintaqı məndən əvvəl başqa müstəntiq tərəfindən aparılmışdı. Qətlə yetirilmiş gəncin anasının çoxsaylı şikayətlərindən sonra cinayət işi həmin müstəntiqdən alınıb mənə verildi. Bəlkə də “ana” dedikdə mənim ağlıma ilk o qadın gəlirdi. Oğlunun qanı batmasın deyə sonadək mübarizə aparır, qatilə ən ağır cəza verilməsinə çalışır, barışıq üçün təklifləri rədd edir, lazim gəldikdə səs-küy, qışqır-bağır salır, hətta prokuroru da tənqid edirdi. Bəlkə də mənim yazımı həmin qadın da oxuyacaq. Azərbaycan qadının illərdir formalaşan obrazını bir daha yaratdığı üçün ona minnətdaram.
 
Ana bəlkə də valideynləri, qardaş və bacısı üçün öz həyatından keçməz. Lakin yeganə varlıq övladdır ki, ana bir an düşünmədən, tərəddüd etmədən onun yolunda öz həyatından keçər. Gəlin, əsl anaları sevək. 

Müşfiq Abbasov