Müəmmalı qətlin tarixçəsi - III hissə - Müşfiq Abbasov yazır
    • 3-07-2020, 11:16
    • 1 136

Müəmmalı qətlin tarixçəsi - III hissə - Müşfiq Abbasov yazır

I hissə: https://news24.az/huquq-ve-cemiyyet/44622
II hissə: https://news24.az/huquq-ve-cemiyyet/44665

Mən bölük komandirinə zəng edib MAXE İmran Dadaşov haqda soruşdum. Çünki bilirdim ki, heç bir əsgər post başçısının xəbəri olmadan Ağstafaya gələ bilməzdi. Bölük komandiri mənə MAXE Dadaşovun Ağstafadan olduğunu dedi.  Daha sonra Fikrət onun avtomobilinin olub-olmadığını dəqiqləşdirməyimi istədi. Komandirin cavabı hər ikimizi çox təəccübləndirdi.

O dedi ki, Dadaşovun qara rəngli “06” -sı var, amma 10 gün olar ki, motoru xarab olub. Fikrət bunu eşidəndə dik atıldı və qışqırıb  "odur" dedi. Biz dərhal Qazaxa qayıtdıq. Mən yolda hərbi hissə komandiri ilə danışıb çox ehtiyatlı şəkildə Dadaşovun saxlanılmasını tapşırdım, çünki o, postda idi və əlində avtomat silah vardı. Komandirin göndərdiyi bir neçə zabit heç bir şübhə yaratmadan post başçısını tərkisilah edib saxladılar. 
Biz ora çatan kimi Dadaşovun postun arxasında saxladığı avtomobilə baxdıq, maşının yanacaq çəninin qapağı yox idi. Artıq cinayətin düyünü çözülmüşdü. Dadaşovun avtomat silahı da ortada idi. Onunla bir müddət söhbət elədikdən sonra olanları etiraf etdi.
        
Cinayət gecəsi baş verənlər.....

Dadaşov Ağstafa rayonunun Qırlı kəndindəndir, özü Qazaxdakı hərbi hissədə xidmət etsə də, maşını olduğundan kəndə tez-tez gəlib-gedirmiş. 
Həmin dövrdə onun ayrı-ayrı adamlara xeyli borcu olub. Bunu onun tabeliyindəki əsgərlər - Nazimlə Cavid də bilib. Dadaşov onlardan harasa silahlı hücum  edib pul tapmalarını istəyib. 

Dadaşov öz kəndlərindəki yanacaqdoldurma məntəqəsini qarət eləməyi təklif edir. O, gecə Cavid və Nazimi də götürüb maşını ilə Qazaxdan Agstafaya gəlir. Yanacaqdoldurma məntəqəsinə çatmağa 300 metr qalmış maşını saxlayır. Onu kənddə tanıdıqlarına görə  ora əsgərləri göndərir və  operatoru avtomatla qorxudub pulları almalarını tapşırır. Onlar əyinlərindəki formaları çıxarib tərs üzünə geyinirlər ki, əsgər olduqları bilinməsin. 
Nazim əlində avtomatla məntəqənin operator otağına girir və orada işləyən Amili qorxudaraq pulları tələb edir. Amil isə cəsarətli tərpənir, fənd işlədərək onun əlindəki avtomatı alir. 

Vəziyyətin dəyişdiyini görən əsgər dərhal otaqdan cıxıb bayırda onu gözləyən Cavidlə birlikdə hadisə yerindən qaçır. Amil isə əsgərlərin arxasınca qaçaraq avtomatla onlara tərəf bir neçə atəş açır. Həmin güllələrdən biri Nazimin kürəyınə dəyir. Dadaşov avtomatının orda qaldığını biləndə dəliyə dönür və başa düşür ki, ona təhkim olunmuş silahın nömrəsi ilə kimliyini biləcəklər. Buna görə də maşınla yanacaqdoldurma məntəqəsinə gəlir. 
Görür ki, orada operator işləyən qohumu Amildir. O, maşını yanacaqdoldurma aparatının yanında saxlayıb benzin vurmasını xahış edir. Amil də ona az əvvəl başına gələnləri danışır və deyir ki, indicə ona iki nəfər hücum eləmişdi və əlindəki avtomatı Dadaşova göstərib onların birindən aldığını deyir.  Sözünü bitirib yanacaq bakının qapağını açmaq istəyəndə Dadasov avtomatı dartıb onun əlindən alır. Amil bunun səbəbini soruşanda Dadaşov əsgərlərdən birinin səhv elədiyini deyir və onları bağışlamasını istəyir. Amma Amil deyilənlərlə razılaşmır. O, artıq bu haqda polisə xəbər verdiyini deyib avtomatı qaytarmasını tələb edir. Dadasovun avtomatı vermədiyini görüncə, Amil onun üstünə yeriyir.

Operatorun təkidlərinə rəğmən, avtomatı qaytarmayan Dadasov bir neçə dəfə maşının ətrafına fırlanır.

Sonda Amilin avtomatı onun əlindən alacağını görüb ona tərəf atəş açır. Amil aldığı xəsarətlərdən yerindəcə keçinir. Dadaşov tez avtomobilə minərək körpünün yanında onu gözləyən əsgərləri götürüb posta qayıdır. O, yanacaqdoldurma məntəqəsindən tələsik çixdığından maşının yanacaq bakının qapağı yerdə qalır. Daha sonra posta gələrək ermənilərə tərəf atəş açır. Təbii ki, erməni tərəf də buna qarşılıq verir və bizim mövqelər atəşə tutulur. 

Beləliklə, o, Nazimin guya ermənilərlə atışmada yarandığı barədə rəy yaradır və bir müddət əsl həqiqəti gizlədə bilir. 

…Məhkəmənin hökmü ilə Dadaşov 15 il, Cavidlə Nazim isə 9 il azadlıqdan mərhum edildilər. Həmin gecə yanacaqdoldurma məntəqəsində növbədə qalmalı olan Rüstəm alın yazısına görə ölümdən xilas oldu, Amil isə  qohumu tərəfindən öldürüldü. Bəlkə də o, Dadaşovun avtomatı götürməsinə imkan verməli idi, çünki MAXE onsuz da ifşa olunacaqdı. Amma bu, bir alın yazısıdır. Amil öz alın yazısından qaça bilmədi...

Bu cinayətin açılmasında müstəsna rolu olan müstəntiq Fikrət Həsənov bir müddət sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə mühüm islər üzrə müstəntiq təyin olundu. Amma az sonra keçirdiyi avtomobil qəzası zamanı başından aldığı ağır xəsarət üzündən əmək qabiliyyətini bütünlüklə itirdi və prokurorluq orqanlarından xaric olundu. 

Bu da onun alın yazısı idi, çox təəssüf...

Müşfiq Abbasov