Yayın ciddi bəlası: zəhərlənmələr – Özümüzü necə qorumalıyıq?
    • 1-08-2020, 15:33
    • 866

Yayın ciddi bəlası: zəhərlənmələr – Özümüzü necə qorumalıyıq?

Yayın gəlişi ilə zəhərlənmələrin özünü büruzə verməsi halları çoxalıb. Əsasən, istidən tez xarab olan və düzgün saxlanılmayan məhsullar xüsusilə təhlükəlidir və bu zaman xoşagəlməz hadisələrdən qaçmaq çox çətindir. 

Ümumiyyətlə, özümüzü zəhərlənmələrdən necə qorumalıyıq?

News24.az məsələ ilə bağlı ekspertlərin fikirlərini öyrənib:

Ölkənin baş toksikoloqu Azər Maqsudov klinikaya ən çox ilan sancması ilə bağlı müraciətlərin daxil olduğunu və vətəndaşların daha təhlükəsiz yerlərdə fəaliyyət göstərməyinin zəruriliyini qeyd edib: “Xüsusilə, havaların qızmar keçdiyi dövrdə ilan çalması ilə bağlı zəhərlənmələrə görə bizə müraciətlər daxil olur. Bu dövrdə ilanlar, xüsusilə də gürzələrin fəallıq dövrü başlayır. İlan zəhəri orqanizmin müqavimətinə və zəhərin miqdarına görə təsir edir. İlan sancması zamanı ətraflar hərəkətsiz vəziyyətə gətirilməlidir. İlk olaraq sancma yeri yuyulur, daha sonra isə antibiotik məlhəm vurulur. İlan sancması zamanı  xəstə kürək üstü uzadılmalıdır. Sancılan nahiyənin 3-5 sm yuxarısından və altdan boğucu bant bağlanmalıdır. Bundan sonra xəstə dərhal həkimə çatdırılmalıdır. Xəstəxanada ilan sancan şəxsə zərdab vurulur və zəhərlənmənin qarşısı alınır”.

A.Maqsudov spirtlə bağlı zəhərlənmələrin əvvəlki dövrlə müqayisədə xeyli azaldığını əlavə edib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bəzi istehsalçıların məhsullara əlavə dərmanlar qatması və istehlakçıların sanitar normaları gözləməməsi səbəbindən yemək və içkidən zəhərlənmə hallarının baş verdiyini dilə gətirib: “Azad İstehlakçılar Birliyinə zəhərlənmələrlə bağlı şikayətlər az daxil olur. Məsələn, dörd gün öncə vətəndaş yemişdən zəhərlənmə ilə bağlı bizə müraciət etdi. Lakin zəhərlənən insan özü Azad İstehlakçılar Birliyinə gəlib çıxmır. Ya Səhiyyə Nazirliyinin sisteminə düşür, ya da vəfat edir. Lakin bunu da qeyd edim ki, qida zəhərlənməsi ilə bağlı şikayətlərin intervalı ildən-ilə müsbətə doğru gedir. Zəhərlənmələrlə bağlı riskli məhsullar qrupuna tez xarab olanlar daxildir. Göbələk, hisə verilən balıq, toyuq əti və s. Yay vaxtlarında ən çox kənd təsərrüfatı məhsullarından şikayətləri müşahidə edirik. Bizdə məhsulun adı tam yazılmır. Heç bir rəsmi sənəddə bu öz əksini tapmır. Həkimlərimiz sadəcə xəstənin zəhərləndiyini qeyd edir. Məhsulun adı qeyd olunmadığı halda, biz şəxsin hüquqlarını qoruya və ya məhkəməyə verə bilmirik”.

Ekspert bu il ərzində isə ən çox zəhərlənmənin spirtli içkilərdən olduğunu vurğulayıb: “Ölüm hallarını belə müşahidə etdik. Pandemiya dövründə spirtli içkilərə tələbat artdı və saxta spirtli içkilər istehsal edildi. Bizə Ukrayna arağından şikayətlər daxil oldu. Qida Təhlükəsizliyi Agentliyinə bu barədə məlumat verdik. Eləcə də “Xan spirti” şübhəli mal kimi ofisimizdədir. Bundan əlavə, son həftə ərzində içi qaralan kartof nümunəsi bizə gətirilib. Ömrümdə ilk dəfədir belə bir nümunə ilə rastlaşdığımı etiraf etməliyəm. Bu barədə aidiyyəti qurumlara məlumat verilib. İlkin məlumata görə, çox təhlükəli qidadır. Dərmandan əmələ gəldiyi üçün bu hal ortaya çıxıb”.

Eyyub Hüseynov zəhərlənmə hallarını yaşamamaq üçün vətəndaşlara bəzi tövsiyələr verməyi də unutmayıb: “Zəhərlənmə hallarının baş verməməsi üçün vətəndaşlara tövsiyəm budur ki, aldıqları məhsulun etiketinə mütləq baxsınlar. Məhsulun etiketində zəruri informasiya olmadığı təqdirdə, onu almaqdan imtina etsinlər. Məsələn, dünən bizə “Naxçıvan lavaşı” ilə bağlı şikayət daxil olub. Eyni tərkib olduğu halda biri ağ, digəri qara rəngdədir. Böyük ehtimal ki, içərisinə nəsə qarışdırılıb. İstifadə müddəti keçmiş məhsulu almaq birbaşa risk daşıyır və imtina edilməlidir. Şübhəli qidalara rast gəldikdə isə vətəndaşlar Qida Təhlükəsizliyi Agentliyinin 1003 qaynar xəttinə məlumat verməlidilər”.


Məhərrəm Əliyev