Ceyhun Bayramov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb
    • 13-08-2020, 17:28
    • 834

Ceyhun Bayramov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

Avqustun 13-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstanın ölkəmizdəki səfiri Zurab Pataradzeni qəbul edib.

Nazirlikdən News24.az-a verilən məlumata görə, C.Bayramov Azərbaycan və Gürcüstan arasında münasibətlərin tarixi dostluğa dayandığını və iki ölkə arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu diqqətə çatdırıb.

Nazir iki ölkə arasında əməkdaşlıq münasibətlərinin iqisadi, ticarət, enerji, nəqliyyat istiqamətləri ilə yanaşı, humanitar, mədəniyyət, elm və təhsil sahələrində inkişafını qeyd edib.

Ölkələrimizin beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipinə verdiyi qəti dəstəyi və bu mövqeyin beynəlxalq çərçivələrdə birmənalı ifadə olunması məmnunluqla qeyd olunub.

Tərəflər üçtərəfli və çoxtərəfli formatlarda, eləcə də BMT başda olmaqla beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Z.Pataradze Xarici İşlər naziri təyinatı ilə əlaqədar səmimi təbriklərini ifadə edib, həmçinin Gürcüstan Xarici İşlər naziri David Zalkalianinin salamlarını nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb.

Səfir, öz növbəsində, iki ölkə arasında mövcud yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin bundan sonra daha geniş şəkildə davam etdirilməsi üçün imkanların olduğunu qeyd edib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə müzakirələr aparılıb.