Belarusdakı PROSESLƏRİN PƏRDƏARXASI - Lukaşenkonun “SEÇKİ” oyunu - Ekspertlər DETALLARI AÇDI
    • 19-08-2020, 11:30
    • 913

Belarusdakı PROSESLƏRİN PƏRDƏARXASI - Lukaşenkonun “SEÇKİ” oyunu - Ekspertlər DETALLARI AÇDI

Belarusda prezident seçkilərinə qarşı keçirilən dinc etiraz aksiyaları və vətəndaşlara qarşı güc tətbiqi davam edir. Proses ölkənin bir çox şəhərini əhatə edib.

News24.az məsələ ilə bağlı ekspertlərin fikirlərini öyrənib. 


Politoloq İlqar Vəlizadə bildirib ki, Belarusdakı siyasi qarşıdurma qısa zamanda çözülməyəcək: “Belarusda prezident seçkilərindən sonra açıq siyasi qarşıdurma yaranıb. Bütün bu siyasi qarşıdurmanı səciyyələndirən cəhətlər üzdədir. Proseslərin fonunda isə siyasi böhran ortaya çıxıb. Baxmayaraq ki, Lukaşenko sərt siyasi addımları ilə tanınır. Hazırda kompromiss dövrü olduğundan, kompromiss addımların atılması da vacibdir. Bu addımların atılmasını biz Lukaşenko tərəfindən gözləmirik. Zənnimcə, Lukaşenko siyasi reallığı kifayət qədər dərk etmir. 

Svetlana Tixanovskaya müxalifət dairələri tərəfindən şərti lider kimi qəbul olunur. Yəni, real lider deyil. Ancaq Tixanovskayanın arxasında real qüvvələr dayanıb. Həmin real qüvvələr hələ ki, özünü büruzə vermir. Onsuz da, Tixanovskayanın özü belə deyib ki, mən keçid dövrünün prezidenti ola bilərəm. Bəs bu keçid dövrü nə zamana kimi davam edəcək? Yaxud da keçid dövrü bitəndən sonra kim prezident ola bilər? Bu məsələlər hələ də aydın deyil. Ona görə də, Belarusda qarışıq bir vəziyyət müşahidə edirik. Bu qarışıq vəziyyətin nə qədər uzanacağı hələ ki, bilinmir. 

Bütün hallarda biz görürük ki, insanlar küçələrə çıxır, iri müəssisələr isə fəaliyyətini dayandırırlar. Belarus cəmiyyəti artıq keçmişə qayıdan deyil. Artıq onlarda başqa cəmiyyət mövcuddur. Bununla hesablaşmaq lazımdır. Lukaşenko adekvat təkliflər vermir. Təkliflər onun dediyi müddətdə real vəziyyəti əks etdirmir. Müxalifət isə belə vəziyyətdə dialoq qurmaq niyyətində deyil. Bu məsələdə xaricdən maraqlı tərəflərin olduğunu da müşahidə edirik. Güman ki, bu, kifayət qədər güclü və mütəşəkkil dəstəkdir. Bu dəstəkdən də çox şey asılıdır. Məlum dəstək böyük ehtimal ki, yaxın günlərdə çoxalacaq. Burada maliyyə və nüfuz dəstəyini qeyd edə bilərik. Həmçinin, Avropa İttifaqı artıq Belarusa sanksiyalar tətbiq etməyə başlayıb. Belarusun bəzi avropa ölkələrindəki səfirləri Lukaşenkonu pisləyirlər. Silahlı qarşıdurmanın olub-olmayacağını zaman göstərəcək. Hər halda Belarus Liviya deyil. Belarusu Liviyanın halına deformasiya etmək istəyən qüvvələr yoxdur. Nə Rusiya, nə də Avropa İttifaqı bunu istəmir. Hesab edirəm ki, əsas siyasi iştirakçılar bundan sonrakı proseslərdə çalışacaqlar ki, maksimum ehtiyyatla davransınlar”. 


“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu vurğulayıb ki, hazırda Lukaşenkonun bütün istinad nöqtələri ondan üz çevirib: “Belarusda etirazların miqyası artmaqdadır. Lukaşenko hər zaman Belarusda fabrik və zavodlara istinad edir, onlardan dəstək alırdı. Artıq onlar da Lukaşenkoya dəstəkdən imtina edib və kütləvi olaraq etirazlara qoşulublar. Bu isə öz növbəsində Lukaşenkonun vəziyyətini daha da ağırlaşdırır. Lukaşenko alternativ variant kimi, təkrar seçkilər təklif edə bilər. Hələ ki, bundan imtina edir. Amma vəziyyət ağırlaşsa, bunu edəcək. Müxalifət güclənəcəyi təqdirdə bu təklifi də qəbul etməyəcək və Tixanovskayanın qələbəsini təmin etməyə çalışacaq. Belə vəziyyətdə Lukaşenko öz hakimiyyətini hansısa yolla qorusa belsə, artıq Belarusu əvvəlki kimi idarə edə bilməyəcək. Bu artıq dəqiq prosesdir. Ancaq hakimiyyətdən nə zaman gedəcəyi bəlli deyil. Artıq polis etirazçılara zor tətbiq etməkdən imtina edir. Lukaşenko hazırda bütün istinad nöqtələrini itirməkdə davam edir. Bu da yəqin ki, onun özünün hakimiyyəti itirməsi ilə nəticələnəcək”. 


Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, Belarusda zavodların bağlanması ölkədəki iqtisadi vəziyyəti iflic halına sala bilər: “Belarus iqtisadi gücünə görə, dünyada nominal ümumi daxili məhsulun həcmi baxımından 75-ci, real ümumi daxili məhsulun həcmi baxımından isə 69-cu yerdərir. Alıcılıq indeksi nəzərə alınmaqla, 2019-cu ildə Belarusda 200 milyard dollara yaxın ümumi daxili məhsul istehsal olunub. Nominal ifadədə Belarusun 63 milyard dollar civarında ümumi daxili məhsulu olub. Bu da alıcılıq indeksi baxımından Belarusda adam başına düşən ümumi daxili məhsulun həcminin 21 min dollara yaxın olması anlamına gəlir. Belarusda sənaye və eləcə də, xidmət vacib sektorlardandır. Baxmayaraq ki, Belarus kənd təsərrüfatı məhsulları da istehsal edir. Amma kənd təsərrüfatı məhsullarının ümumi daxili məhsuldakı payı 8,1 faizdir. ÜDM-in 51 faizi xidmət sahəsindəki sektorun payına düşür. 41 faizi isə sənayenin payına düşür. Praktik olaraq sənaye Belarusda xidmətdən sonra ikinci aparıcı sektordur. Bütövlükdə ÜDM-in yarısına qədəri sənayenin payına düşdüyü üçün zavodların bağlanması Belarus iqtisadiyyatı üçün mənfi təsir göstərə bilər. Belarusda zavodların bağlanması və ya fəaliyyətini dayandırması bütövlükdə digər iqtisadi durumların iflic olması, ümumi iqtisadiyyata neqativ təsirsiz ötüşməyəcək. Hələ ki, mövcud konktekstdən biz Belarus iqtisadiyyatının defolt olacağını proqnozlaşdıra bilmərik. Bunun üçün indiki durumda ciddi risklər yoxdur. Amma iqtisadi təsirlər Belarusdakı hadisələrin hansı müddəti əhatə etməsindən asılı olacaq. Belarus üçün daha qısa zamanda idarəetmənin bərpası eyni zamanda, sənayenin bərpasına təkan verəcək. Hazırda proseslər davam edir. Proseslər davam edəcəyi təqdirdə, Belarusda ümumi daxili məhsulda daha kəskin azalmalar müşahidə edəcəyik. Belarus iqtisadiyyatının növbəti dövrdəki vəziyyəti proseslərin hansı müddətdə sonlanmasından asılı olacaq”.

Məhərrəm Əliyev