Deputat BDU-nun əməkdaşları və magistrantları ilə onlayn görüş keçirdi
    • 21-08-2020, 21:23
    • 737

Deputat BDU-nun əməkdaşları və magistrantları ilə onlayn görüş keçirdi

Avqustun 21-də Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin əməkdaşları və magistrantları ilə Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlunun onlayn görüşü keçirilib.

News24.az xəbər verir ki, beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Zeynalabdin Həsənəliyevin moderatorluğu ilə keçirilən görüşdə professor Hikmət Babaoğlu son dövrlərin iki aktual məsələsi olan “Azərbaycan-Türkiyə hərbi-siyasi əməkdaşlığı” və “Pandemiya dövründə Azərbaycan dövlətinin sosial proqramları” mövzularında məruzə ilə çıxış edib.

Millət vəkili Azərbaycan-Türkiyə münasibətlərinin tarixi kökləri, hazırkı inkişaf dinamikası, perspektivlər, habelə 2020-ci ilin iyul ayında dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın hərbi təxribatı, Türkiyənin ölkəmizin haqlı və ədalətli mövqeyini dəstəkləməsi, Azərbaycan-Türkiyə quru qoşunlarının və hərbi hava qüvvələrinin genişmiqyaslı hərbi təlimləri haqqında danışıb.

Hərbi-texniki sahədə də Türkiyənin Azərbaycanın bir nömrəli tərəfdaşına çevrildiyini deyən Hikmət Babaoğlu vurğulayıb ki, Azərbaycan işğal altındakı torpaqlarını azad və ərazi bütövlüyüni bərpa etmək, Qarabağ problemini həll etmək üçün Milli Ordumuzu hər cür ən müasir hərbi texniki avadanlıqlarla təchiz edir və bu proses davam edəcək. Onun sözlərinə görə, tarixi strateji müttəfiqimiz olan Türkiyədən silah alınması aktualdır, həmişə olub, bu gün də var:“Belə də davam edəcək.  Əlbəttə ki, bütün iqtisadi, mədəni proseslərdə olduğu kimi, hərbi müstəvidə də əməkdaşlıq davam edəcək. Ali Baş Komandanımızın bildirdiyi kimi, bu əməkdaşlıq strateji xarakter daşıdığından, təbii tarixi müttəfiqliyə söykəndiyindən perspektivdə Türkiyəni Azərbaycanın bir nömrəli hərbi-siyasi tərəfdaşına çevirəcək. Bu ölkəmizin maraqları baxımından mühüm hadisədir”.

“12 iyul hadisələrindən sonra yeni strateji həqiqətlər ortaya çıxdı. Bu da ondan ibarətdir ki, baş verən bu qədər hadisələr fonunda Azərbaycanın arxasında onun təbii, tarixi strateji müttəfiqi dayandı. Bu, mürəkkəb hesab edilən dünya siyasətinin çox sadə izahıdır. Bu gün ölkəmizin milli maraqları tarixən olduğu kimi Türkiyə ilə münasibətlərin daha da inkişaf etdirilməsini zəruri edir. Azərbaycan Prezidenti də Türkiyə Milli Müdafiə nazirini qəbul edərkən məhz buna vurğu edərək qardaş ölkənin bütün sahələrdə olduğu kimi, hərbi əməkdaşlıqda da ölkəmizin bir nömrəli tərəfdaşına çevriləcəyini diqqətə çatdırdı”,-deyən millət vəkili əlavə edib ki, hazırkı mərhələdə Türkiyə-Azərbaycan ittifaqı təkcə iki ölkənin maraqları baxımından deyil, bütövlükdə regionumuzda sabitliyin və inteqrasiyanın təmin edilməsi üçün son dərəcə önəmlidir. Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər böyük bir geostrateji regionda mühüm hərbi-siyasi tarazlıq yaradır.

Professor Hikmət Babaoğlu son dövrlər dünya gündəminin əsas məsələsinə çevrilən koronavirus pandemiyasının Azərbaycana təsiri, dövlətin bu dövrdə həyata keçirdiyi gördüyü sosial-iqtisadi tədbirlər barədə də fikirlərini diqqətə çatdırıb. Qeyd edib ki, dövlətimiz koronavirus pandemiyası ilə mübarizə çərçivəsində bütün zəruri resursları səfərbər edib və Azərbaycan təcrübəsi dünya miqyasında müsbət nümunə kimi dəyərləndirilir. Onun sözlərinə görə, ölkədə pandemiya şəraitində məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır və bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. Bunlarla yanaşı, görülən tədbirlər postpandemiya mərhələsində sosial-iqtisadi məsələlərin həlli və iqtisadiyyatın inkişafı kontekstində strateji əhəmiyyətə malikdir. Şübhəsiz ki, kompleks tədbirlər indiki mərhələdə iqtisadi sabitliyi qorumaq və postpandemiya dövründə iqtisadi fəallığı bərpa etmək üçün real zəmin formalaşdıracaq. Bütün bunlar, eyni zamanda, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, insanların rifahının yüksəlməsinə xidmət edən addımlar kimi mühüm əhəmiyyətə malikdir.

 Məruzədən sonra müzakirələr aparılıb, suallar ətraflı cavablandırılıb. “Microsoft Teams” platforması üzərindən təşkil edilmiş görüş iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.