Pandemiyada anası ilə görüntülü danışan, psixoloqa gedən, bir qəpiyi olmayan MƏŞHURLAR
    • 27-08-2020, 17:00
    • 644

Pandemiyada anası ilə görüntülü danışan, psixoloqa gedən, bir qəpiyi olmayan MƏŞHURLAR

COVİD-19 pandemiyası artıq həyatımızın ayrılmaz bir parçasına çevrilib. Hətta onunla birgə yaşayırıq desək, heç də yanılmarıq. Və bütün bu hallar insanlara maddiyyatla yanaşı, mənəvi də böyük təsir göstərib. 

Bəs, görəsən bütün günü vur çatlasın, çal oynasın deyən şou-əhli necə? Bu stressdən çıxış yolunu tapa biliblərmi və ya bilirlərmi?

News24.az bununla bağlı mövzu işləyib. 

Xalq artisi Faiq Ağayev qeyd olunan mövzunu belə şərh edib: "Koronavirus sağlamlığıma heç bir mənfi təsir göstərməyib. Çünki özümü qoruyuram, zərurət olmadığı təqdirdə çölə çıxmıram, amma psixoloji baxımdan bunu deyə bilmərəm. Üzərimdə böyük gərginlik var, çünki karantin təcrid - izolyasiya tələb edir. Hər bir insan sosial varlıqdır, yəni gərək hər zaman ünsiyyətdə olsun. Bu olmasa, sıxıntı keçirir. Stressdən çıxmaq üçün gündə iki dəfə anamla görüntülü danışıram, ara-sıra efirlərə qatılıram, sənətimlə məşğul oluram".

Xalq artisti Naibə Allahverdiyeva da pandemiya dönəmində stress yaşayanlardandır: "Səhhətimdə qan dövranı və ürəyimlə  bağlı problemlərim var. Əlbəttə ki, karantin mənə psixoloji baxımından çox böyük ziyan vurub, amma gərək, bir məqamı da qəbul edəsən. O da bu problemin bütün dünyada olduğudur. Çox ehtiyatlı və məsuliyyətli olmalıyıq. Teatrsız, səhnəsiz ürəyim partlayır. İzolyasiya vaxtlarında çoxlu kitab və şeirlər oxumuşam. Biz aktyorlar ruh insanlarıyıq. Bu da ruhumuza ziyandır. İnsan nə qədər evdə oturar? Mən üç, dörd ildir depressiyadayam. Bir az əsəbiləşən kimi stressə düşürəm. Yəni, depressiyaya meyilliliyim var. Bu problemdən çıxmaq üçün artıq həkimə də müraciət etmişəm. Məncə, insanlar bir-birilərini mənəvi ruhlandırıb kömək etməlidirlər. Sosial şəbəkədə neqativ paylaşımlar azalmalıdır. Mən özümü tək depressiyadan çıxara bilmərəm. Bacardığım qədəri ilə insanları pozitivliyə kökləyirəm". 

Müğənni Nazim Faytonçu bildirib ki, bu müddət ərzində depressiyaya düşməyib: "Psixolojı sarsıntı keçirmədim. Bu vəziyyət məndən yan keçdi, amma maddi baxımdan çox böyük sıxıntılarım var. Altı aydır bir qəpiyin yiyəsi olmamışam. Ancaq mayadan yeyirik, amma o da bitəcək. Biz belə vəziyyətə öyrəşməmişik. Çox neqativ vəziyyətdir. Bu bir başa yaradıcılığımıza da təsir göstərib. Gülüşü də içimizdən dartıb çıxarmaq istəyirik, o da alınmır. Pesimizm insanı depressiyaya salır, amma elə olmaq olmaz. Depressiyaya düşsəniz də, düşməsəniz də vəziyyət budur. Üsyan etməklə heç nə düzəlməyəcək. Səbr edib gözləməkdən başqa çarə yoxdur".

Əməkdar artist Nüşabə Ələsgərli artıq psixoloqun yanına getdiyini vurğulayıb: "Vəziyyətim çox pisdir. Psixologiyam artıq pozulub. Ev dustağıyam, buna görə də çox əsəbiyəm. Müalicə də alıram".

Gənc müğənni Ayaz Babayev isə stressdən çıxış yolunu ev heyvanı saxlamaqda görüb: "Mən artıq çölə çıxanda tez evə qayıtmaq istəyirəm. (gülür) yəni bu vəziyyətə öyrəşmişəm. Uzun müddət hərəkətsiz qaldığımdan kökəlmişəm. Bu da mənə mənfi təsir göstərib. İndi isə idmanla məşğul olmağa başladım və arıqlamağa doğru gedirəm. Düzdür, maddi baxımdan özümü dolandıra bilirəm, amma oturaq həyat tərzi məndə tənbəllik yaratdı. Buna görə də ev heyvanı aldım. İtimlə gəzmək məni çox rahatlaşdırır. Hər kəsə it almağı məsləhət görürəm".

Rəqqasə Fatimə Fətəliyeva da mövzuyla bağlı fikirlərini bölüşüb: "Hər kəs kimi bu müddət mənə də çox mənfi təsir göstərib. Düşünürəm ki, hər kəsə psixoloq yardımı lazımdır. Bu müddət ərzində bir dəfə psixoloqa müraciət etmişəm. Amma onu deyə bilərəm ki, əsəblərim çox pozulub".

Teleaparıcı Samir Bayramlı da psixoloji baxımdan əziyyət çəkməyən məhşurlar sırasındadır: "Mən bu dövrü iş başında keçirdim. Həm də sosial insan olmadığıma görə, bu dönəm mənə mənfi təsir göstərmədi". 

Sevda Bayramova