Yarım saatlıq, yoxsa bir illik KEYFİYYƏT? – Bir günə sökülən məktəbli formaları
    • 14-09-2020, 12:17
    • 962

Yarım saatlıq, yoxsa bir illik KEYFİYYƏT? – Bir günə sökülən məktəbli formaları

Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili” barədə qərarına əsasən, 15 sentyabr 2020-ci il tarixindən etibarən ölkənin bütün ümumi təhsil müəssisələrində ibtidai təhsil səviyyəsi üzrə tədris və təlim-tərbiyə prosesi bərpa olunacaq. Qərara əsasən, respublikada fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin siniflər üzrə fərqli tarixlərdə və əyani formada təşkili təmin ediləcək.

Məktəbli formalarının keyfiyyəti və qiyməti isə valideynlər üçün maraqlı nüanslardır. Saytımıza daxil olan bir neçə şikayətdə formaların keyfiyyətsiz olduğu və tez söküldüyü bildirilib. 

Məsələ ilə bağlı News24.az-ın sorğusunu cavablayan Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov bildirib ki, məktəbli formalarının tikilişi davam etdirilir: “Bununla bağlı müəyyən plan və ya sifariş yoxdur. Hazırda satış gedir. Bəzi filiallarımız “Mall”larda olduğu üçün bağlıdır. Ancaq digərləri tam rejimdə istirahətsiz fəaliyyət göstərir. 

E.Əzimov deyib ki, məktəbli formalarının qiymətində dəyişiklik yoxdur: “2017-ci ildən etibarən qiymətlərdə hansısa dəyişiklik edilməyib. I-VI siniflər üçün nəzərdə tutulan 26-44 ölçülü məktəbli formalarının qiyməti 40 manat, yuxarı ölçülər isə 46 manat təşkil edir. Bakı Tikiş Evində məktəbli köynəkləri də tikilir. 26-54 ölçülü bütün köynəklərin qiyməti 8 manatdır. Məktəblilər üçün nəzərdə tutulan jiletlər də ölçüsündən asılı olmayaraq 8 manata satılır”. 

Şöbə müidiri formaların keyfiyyəti ilə bağlı bunları deyib: “Formalar üçün bizdə uyğunluq sertifikatı var. Geyimlərin keyfiyyətinə ən azı bir il zəmanət veririk. Yəni bu müddət rəzində sökülməyəcək. Amma bəzi şagirdlər iki və ya üç il də geyinə bilir. Keyfiyyət yüksək səviyyədədir. Köynəklərin tikilməsi üçün istifadə edilən pambıq parçalar Türkiyədən gətirilir”. 

E.Əzimovun sözlərinə görə, şagirdlərin ənənəvi və ya onlayn formada dərsə gedəcəyi dəqiq olmadığından formalara tələbat azdır. 

Məhərrəm Əliyev