Ermənilər işğal etdikləri 5 rayonu BU ŞƏRTLƏ QAYTARACAQ – Rusiyanın planı nədir? Politoloq DETALLARI AÇDI
    • 24-09-2020, 11:03
    • 1 126

Ermənilər işğal etdikləri 5 rayonu BU ŞƏRTLƏ QAYTARACAQ – Rusiyanın planı nədir? Politoloq DETALLARI AÇDI

“Rusiya tərəfi nizamlama prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır”.

Bunu ötən gün Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşündə deyib.



Lavrovun çıxışını News24.az-da təhlil edən politoloq İlqar Vəlizadə bildirib ki, bu bəyanat regiona yeni bir şey gətirmir: 

“5 rayonun qaytarılması yenilənən Madrid prinsiplərinin tərkib hissəsidir. Madrid prinsiplərinə əsasən ilk mərhələdə Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 5 rayon geri qaytarılmalıdır. Geri qaytarılması nəzərdə tutulan rayonlar – Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və  Laçın rayonunun 13 kəndidir. Bundan sonra regionda bütün kommunikasiyalar açılacaq, azad edilən torpaqların reabilitasiyası üzrə donor konfransı keçiriləcək. Regionda sülhməramlı müşahidəçilər yerləşdiriləcək, evlərinə qayıdan köçkünlərin təhlükəsizliyi təmin ediləcək. Növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları tamamilə azad edilir, azərbaycanlı icma Dağlıq Qarabağa qayıdır, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın hüquqi statusu müəyyən edilir.


Lavrov mərhələli plan haqqında danışdı. Ermənilər isə paket planın üzərində dayanıblar. Rusiya xarici işlər naziri qeyd etdi ki, paket yox, mərhələli plan yaxşı olar. Bu, sadəcə bəyanatdır. Bəyanat isə Rusiyanın məsələyə baxışını ifadə edir. Burada əsas sözü danışıqlar prosesinin iştirakçısı olan Azərbaycan və Ermənistan deməlidir. Bizim mövqeyimiz aydındır. Ancaq Ermənistan tərəfi danışıqlardan yayınmaqda davam edir. Bütün hallarda münaqişə tərəfləri məsələni həll edirlər. Rusiyanın mövqeyi bizə bu etapda yaxşıdır ki, mərhələli planı dəstəkləyir. Həmçinin, Rusiya Paşinyanı qeyri-konstruktiv mövqedə günahlandırıb”. 


Politoloq Azərbaycan və Türkiyənin hərbi-siyasi müstəvidə əməkdaşlığına Rusiyanın münasibətini belə dəyərləndirib: “Türkiyənin regionda mövcudluğunun Rusiyanı qıcıqlandırması məsələsinə gəldikdə isə konkret deyə bilərik ki, Azərbaycan üçün Türkiyə qardaş ölkədir. Rusiya faktiki vəziyyətlə razılaşmalıdır. Faktiki vəziyyət isə bundan ibarətdir ki, biz Türkiyə ilə münasibətlərimizi hərbi-siyasi müstəvi də daxil olmaqla müxtəlif istiqamətdə qururuq. Bizim hərbi-siyasi müstəvidə Türkiyə ilə qurduğumuz münasibətlər ona görə möhkəmlənir ki, ermənilər Azərbaycan torpaqlarını işğal edib. Bu işğal olmasaydı, bizim hərbi-siyasi əməkdaşlığımızın da istiqaməti bəlkə başqa cür olardı. Nə edək ki, ermənilər bizim ərazilərimizi zəbt edib və üçüncü qüvvələrin maraqlarına söykənib, onları regiona daxil etmək istəyirlər. Bunun fonunda təbiidir ki, Azərbaycan yaxın ölkələrə üz tutur”. 

Məhərrəm Əliyev