Azərbaycanda məktəblilər “orqan mafiyası” tərəfindən qaçırılıb? - DİN-dən açıqlama
    • 10-10-2018, 14:10
    • 1 445

Azərbaycanda məktəblilər “orqan mafiyası” tərəfindən qaçırılıb? - DİN-dən açıqlama

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Bakıda və respublikanın şimal bölgəsində məktəbli uşaqların "orqan mafiyası” tərəfindən qaçırılması barədə yayılan məlumatlara münasibət bildirib.
 Nazirliyin Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə deyib ki, sosial şəbəkələrdə və bir sıra xəbər saytlarında yayılan belə məlumatların heç bir əsası yoxdur və onlar həqiqəti əks etdirmir. Bu cür məlumatların şayiə və dezinformasiyadan başqa bir şey olmadığını qeyd edən O.Mansurzadə iddia olunan yerlər də daxil olmaqla ümumiyyətlə respublikanın heç bir bölgəsində belə halların qeydə alınmadığını deyib:

"Bu məsələ ilə bağlı polis orqanlarına hər hansı məlumat və müraciət daxil olmayıb, heç bir fakt qeydə alınmayıb. Biz dəfələrlə qeyd etmişik, ictimaiyyətə bildirmişik ki, vətəndaşlar qarşılaşdıqları, üzləşdikləri istənilən hüquq pozuntuları, cinayət xarakterli hadisələrlə bağlı Daxili İşlər Nazirliyinin "102-Zəng Mərkəzi” Xidmətinə məlumat versinlər və ya aidiyyəti üzrə polis orqanlarına müraciət etsinlər. Əhali arasında əsassız olaraq çaşqınlıq, qorxu atmosferi yaradılmasına xidmət edən təxribat xarakterli belə məlumatların bilərəkdən, müvafiq dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparılmadan yayılması, sosial şəbəkələrdə və bir sıra xəbər portallarında tirajlanması mövcud qanunvericiliyin tələblərinə görə yolverilməzdir və kütləvi informasiya azadlığından bu formada sui-istifadə müəyyən hüquqi məsuliyyət də doğurur”.

Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi xəbər saytlarında Bakının Hövsan qəsəbəsində və respublikanın şimal bölgəsində məktəbli uşaqların qaçırılması ilə bağlı məlumatlar yayılıb. İddia olunur ki, guya uşaqlar "orqan mafiyası”nın üzvləri tərəfindən oğurlanıb.