Hərbi ekspert: "Ermənilər Azərbaycanın hərbi formasını alıb öz cəsədlərinə geyindirirlər
    • 6-10-2020, 12:19
    • 719

Hərbi ekspert: "Ermənilər Azərbaycanın hərbi formasını alıb öz cəsədlərinə geyindirirlər"

“Ermənilər köhnə kadrları yeni adıyla təqdim edib, bizi ruhdan salmaq istəyirlər”. 

Bunu News24.az-a açıqlamasında hərbi ekspert Rəşad Süleymanov deyib.

Hərbi ekspert bildirib ki, ermənilər həmişə qurma videolardan istifadə edərək Azərbaycan ictimaiyyətini çaşdırmağa və təşviş içərisində saxlamağa çalışıb: “Biz əvvəlki dönəmlərdə də bunun şahidi olmuşuq. Hətta ermənilər bəzən başqa yerlərdə çəkilən videoları Qarabağda olmuş hadisə kimi təqdim ediblər. Burada bir məqsəd var: Azərbaycanda panika, təşviş və ruh düşkünlüyü yaradıb, başını itirən öz cəmiyyətlərinə təskinlik vermək.

Döyüşlər başlayandan 15 dəqiqə sonra ermənilər guya Azərbaycan tankının vurulması ilə bağlı görüntü yaydılar. Nəzərə almalıyıq ki, döyüş gedir və ərazidə kommunikasiyalar iflic vəziyyətdədir. Görüntüləri ildırım sürətilə əvvəlcə Xankəndiyə, sonra isə İrəvana göndərib, ardınca da jurnalistlərə paylayıb, video materialı emal etmək bir-iki saat vaxt alan prosesdir. Bu, onu göstərir ki, ermənilər əvvəlcədən hazırlanan görüntüləri əllərində saxlayıb, belə anlarda istifadə edirlər. Dünənki məlum görüntü – guya ermənilərin Azərbaycan şəhidlərini təhqir etməsi 100% əminliklə deyə bilərəm ki, ssenaridir. Orada bir neçə nüans diqqətimi çəkdi. Bakıda payızdırsa, insanlar artıq qalın paltarda gəzirsə, döyüş gedən ərazilərin dağlıq və hava şəraitinin daha kəskin olduğunu nəzərə alsaq, qısaqol köynəkdə əsgərlərin gəzməsi ümumiyyətlə, ağlabatan deyil. Bu görüntülərin montaj olduğunu da demək mümkündür”. 

R.Süleymanovun vurğulayıb ki, bu gün istənilən hərbi geyimi əldə etmək çox asandır: “İnternet üzərindən bunların satışı mümkündür. Həmin videonun tarixlərinə nəzər yetirib araşdırsaq, çoxunun illər öncə haralardasa hazırlandığına şahid olarıq. Bu geyimləri alıb, öz meyitlərinə geyindirib, studiya şəraitində müəyyən bir çəkiliş apardıqdan sonra yenidən istifadə üçün əyinlərindən çıxarılması çətin proses deyil. Ermənistan tərəfi məqsədli olaraq bu görüntüləri yayır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi bütün məlumatları doğru çatdırır. Ona görə də bu mövzuda kənar mənbələrdən istifadə etmək düzgün deyil”.

Məhərrəm Əliyev