Rusiya "sülh mələyi" obrazında meydana çıxdı - Politoloqlar Moskva görüşünü ŞƏRH ETDİ
    • 10-10-2020, 17:14
    • 860

Rusiya "sülh mələyi" obrazında meydana çıxdı - Politoloqlar Moskva görüşünü ŞƏRH ETDİ

Rusiyanın paytaxtı Moskvada keçirilən Azərbaycan, Rusiya və Ermənistan Xarici işlər nazirlərinin üçtərəfli görüşü başa çatıb. Rusiya Xarici İşlər Nazirliyində (XİN) keçirilən görüşdə bu ölkənin XİN başçısı Sergey Lavrov, Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Zöhrab Mnatsakanyan iştirak edib. Görüş 10 saatdan çox davam edib. Bu, son 20 ildə Qarabağa dair ən uzun müddətli danışıqlar olub. 
Xarici İşlər Nazirliyindən bildirilib ki, Rusiya tərəfinin təşəbbüsü əsasında bu ilin 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin bəyanatı qəbul edilib.

Bəyanatın qəbul edilməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Qaranlıq məqamların olduğunu nəzərə alaraq, politoloqların məsələyə münasibətini öyrəndik. Yəni, biz bu görüşdən hansı nəticəyə gəlməliyik?


Politoloq, Beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri üzrə mütəxəssis Nəzakət Məmmədova hesab edir ki,  bu atəşkəsin Azərbaycana hər hansı faydası yoxdur: 


“Biz bu qədər döyüşlərdən, itkilərdən sonra yenidən Ermənistanla heç nə olmamış kimi danışıqlar masasına qayıdırıqsa, üstəlik vasitəçilər missiyasının tərkibində heç bir dəyişiklik baş vermirsə, bu, üstünlük sayıla bilməz. Azərbaycan təəssüf ki, hərb meydanında qazandığı qələbəni diplomatiya müstəvisinə ötürə bilmədi. Halbuki, tarixdə Taleyran kimi və başqa mahir diplomatlar olub ki, məğlub Fransanı diplomatiya meydanında qaliblərlə eyni sırada əyləşdirib. 28 ildir Azərbaycan xalqını aldatmağa çalışan, bizim sülh ümidlərimizi manipulyasiya vasitəsinə çevirən, işğalçı Ermənistanın işğalının ömrünü uzatmağa çalışan üç imperialist dövlətin fırıldaqçı emissarları yenidən Qarabağın taleyini öz cənginə keçirirsə, bu, acı məğlubiyyətdir, başqa bir şey deyil”. 

N.Məmmədova qeyd edib ki, onların nəinki Qarabağı bizə qaytarmaq fikirləri yoxdur, əksinə, işğalçıya kömək etmək, Azərbaycanın əl-qolunu bağlamaq üçün meydana düşüblər: “Orada mütləq və mütləq Türkiyə olmalı idi. Bir halda ki, Türkiyənin adını Azərbaycana kömək etməkdə hallandırıb, son proseslərdə onu ittiham edirdilər, Türkiyə də həmin görüşdə iştirak etməli idi. Rusiya "sülh mələyi" obrazında meydana çıxdı və öz istədiyini etdi. Rusiyaya Paşinyanın burnunun ovulması lazım idi ki, o da bunu etmək üçün müəyyən qədər Azərbaycana şərait yaratdı, mane olmadı. Ancaq proseslər artıq Azərbaycanın mütləq qələbəsinə, Ermənistanın isə məğlubiyyətinə doğru qarşısıalınmaz məcraya keçəndə Rusiya yenidən peyda oldu. Razılaşmada atəşkəsin başlama vaxtı konkret göstərilsə də, bitmə vaxtı göstərilmir, qeyri-müəyyən vaxta qədər uzadılır. Atəşkəs rejiminin konkret parametrlərinin daha sonra razılaşdırılacağı bəyan edilir. Halbuki, danışıqlar getdiyi 10 saat müddətində Paşinyan telefon diplomatiyasını davam etdirərək, dünyaya Qarabağın tanınması çağırışları edirdi. Artıq Ermənistanın bu atəşkəsə necə riayət edəcəyi bundan məlum idi. 

Danışıqlara başlayırıqsa, Minsk qrupunun tərkibinin dəyişdirilməsindən başlamaq lazım idi. Çünki Fransanın tamamilə ermənipərəst olması bir daha sübut olundu, Rusiya da həmçinin. Ermənistanın hərbi-siyasi müttəfiqi olan bit dövlət - Rusiya necə həmsədr, vasitəsi ola bilər?! Vasitəçiliyin birinci prinsipi neytrallıqdır. Ona görə də, bu müharibə Azərbaycana müəyyən işğal olunmuş torpaqların əldə olunması, düşmənə psixoloji zərbə və Paşinyanın zəiflədilməsi, beləliklə də, Rusiya qarşısında güzəştcil duruma salınmasından başqa heç nəyi dəyişmədi. Halbuki, biz bu dəfə çox şeyə ümidli idik”.

Politoloq, "Atlas" araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu News24.az-a açıqlamasında bildirib ki, bir və ya iki gündən çox çəkə bilən atəşkəs və həmsədrlərin vasitəçiliyi ilə “substantiv” danışıqlar Azərbaycanın və Türkiyənin təhlükəsizlik maraqlarına ziddir:


“Bundan başqa Moskva razılaşmasının uzun çəkməsi prezident İlham Əliyevin son günlər verdiyi qətiyyətli açıqlamalara zidd olardı. Düşmən atəşkəsdən istifadə edib, döyüş mövqelərini və istehkamlarını gücləndirə və Dağlıq Qarabağa yeni hərbi texnika daşıya bilər. Biz döyüş meydanında ona görə şəhid verib torpaqları azad etmirik ki, yenidən Moskvanın, Yerevanın və həmsədrlərin oyununa gedək. Azərbaycan ordusu irəliləməlidir. Başqa alternativimiz yoxdur. Həmçinin, Azərbaycan Prezidentinin səsləndirdiyi şərt də yerinə yetirilməlidir: “Gələcəkə danışıqlarda Türkiyə də iştirak etməlidir”. Bundan sonra Moskvanın birtərəfli vasitəçilyini qəbul etməməliyik.

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə bəyanatı 4 bənddən ibarətdir. Həmin bəndləri bir daha xatırlayaq:

1. 2020-ci ilin 10 oktyabr tarixi, saat 12:00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;

2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;

3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;

4. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.

Birinci bənd istisna olmaqla (o da qısa müddət üçün keçərlidir) digər 3 bəndin yerinə yetirilməsi mümkün deyil və indiki şərtlər altında bizim maraqlara ziddir. Birinci bəndin özündə də əsirlərin dəyişdirilməsiylə bağlı fikir qüsurludur. Biz hərbçilərimizə atəş açan erməni hərbçilərini azad edək ki, onlar geri qayıdıb yenidən bizə atəş açsınlar, şəhərlərimizi bombalasınlar? Əsirlərin dəyişdirilməsi ümumi məsələ həll olunduqdan - yəni müharibə bitdikdən sonra mümkündür. Bu, bütün müharibələr üçün keçərlidir. Müharibələr bitməmiş əsirlər dəyişdirilməz”. 

Politoloq hesab edir ki, bu bəyanatın əhəmiyyəti böyük deyil: “Bəyanatda Azərbaycanın işğal altındakı 7 rayonundan söhbət açılmır. Bu yoxdursa, bəyanatın digər 3 bəndi bizim üçün keçərli deyil. Prezident İlham Əliyevin dediyi kimi Ermənistan qoşunları Azərbaycan ərazilərini tərk etməyənə qədər danışıqlar mümkün deyil. Prezident açıq deyib ki, Ermənistan hakimiyyəti Azərbaycana qoşunların çıxarılması qrafikini təqdim etməlidir. İrəvan belə bir qrafik hazırlamayıb. Digər tərəfdən biz danışıqlarda regional dövlət kimi mütləq Türkiyənin iştirakını istəyiriksə, bəyanatda “danışıqlar formatının dəyişilməzliyini” bəndini qəbul edə bilmərik. Məgər ermənipərəst Fransanın vasitəçiliyini rədd etmədikmi?

Bu bir bəyanatdır, hüququ qüvvəsi yoxdur, kimsə bizi bu bəndləri yerinə yetirməyə məcbur edə bilməz. Ona görə irəli!”

Məhərrəm Əliyev