"Yenidən silaha sarılmağın vaxtı gəldi" - AYGÜN KAZIMOVA - VİDEO
    • 13-10-2020, 16:56
    • 1 157

"Yenidən silaha sarılmağın vaxtı gəldi" - AYGÜN KAZIMOVA - VİDEO

"Anam, qızım və səhnəm... Bu üç şeyi buraxaraq getdim ön cəbhəyə. Bilirsiniz, bu arzu məndə uşaqlıqdan olub. Hətta müharibədə özümü necə aparmağımla bağlı çoxlu məşqlər də etmişəm. Düşündüklərimin demək olar ki, hər biri başıma gəldi və mühasirəyə düşdüm. Anamla sağollaşanda artıq hərbi geyimdəydim. Qızımı anamın qucağında qoyub getdim. Nə qədər dedi ki, getmə, amma getdim. Gözümün qabağına heç nə gəlmirdi".

News24.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "Xəzər" Televiziyasında yayımlanan "Vaxtı gəldi!" verilişində deyib. 

Xalq artisti 90-cı illərdə döyüşdə olarkən əsir düşmə təhlükəsindən danışıb: "Komandir dedi ki, deyəsən biz çox getdik. Elə bu sözü demişdi ki, artıq ermənilərin səsi gəldi. Sonra artıq eşidirdik ki, dağdan biri canavar kimi ulayır, biri it kimi ulayır. Bir-birlərinə siqnal ötürürdülər. Başa düşdük ki, vəziyyət çox pisdir. Komandir bir də dedi ki, başa düşdünüz yəqin ki, birinci Aygünü vuracaqsız. Həmin an artıq həyatla sağollaşmağa da vaxt qalmır. Ancaq anamın mənə getmə dediyi səhnələr gəldi gözümün qabağına. Barışdım həyatla ki, hər an nəsə ola bilər. Yol bir tərəfli idi deyə biz dağın döşü ilə geri qayıtmağa başladıq. Beləcə anam namaz üstündə imiş deyirlər. Mən də elə qurtuldum. İndi kövrəlmək istəmirəm. Çünki indi biz başqa ruhdayıq. Lazım gələrsə qadın olaraq biz də bu işə qarışarıq, amma torpaqlarımızı geri alacağıq. Qarabağ Azərbaycandır!"

Bununla yanaşı, veriliş əsnasında Xalq artisti studiyaya təqdim olunan silahı sökərək yığıb.

Sevda Bayramova