Azərbaycandan Suriyaya aparılan qadının DƏHŞƏTLİ DRAMI
    • 12-10-2018, 12:06
    • 1 045

Azərbaycandan Suriyaya aparılan qadının DƏHŞƏTLİ DRAMI

Bir ildir ki, Bakıda üç uşaq anası çarəsiz durumda qalıb
Söhbət 5 il əvvəl həyat yoldaşı tərəfindən Türkiyə adı ilə aldadılaraq Suriyaya aparılan Ucar rayon sakini Qiyafət Abdullayevadan gedir. “Cümhuriyət” qəzetinə üz tutan gənc ana övladlarının təhsildən kənar qaldığını deyir. O bildirib ki, dəfələlərlə aidiyyatı qurumlardan kömək istəsə də, məsələ həllini tapmır. Getdiyi ünvanlardan isə əliboş qayıdır:



“5 il əvvəl yoldaşım məni Türkiyə adı ilə aldadıb Suriyaya apardı. Qaldığım müddətdə günlərim məşəqqət və əzablı keçdi. Orada qəribə mənzərənin, fərqli insanların və mühitin şahidi oldum. İlk gündən bəri vətənə qayıtmaq üçün mübarizə apardım. Başıma hər cür bəlalar gətirildi ki, qaçmayım. Dəfələrlə döyüldüm, evin qapısına mühafizəçi qoyuldu. Hətta övladlarımı əlimdən almaq istədilər. Amma ayaqda qalmağı bacardım. Yoldaşım evdən çıxan kimi, mən də uşaqları götürüb çıxdım. Tanımadığım ərazidən qaçmaq, çıxış yolları axtarmaq elə də asan olmadı. Türk əsgərlərin köməkliyilə vətənə qayıda bildim. Sağ olsun 1 ay 18 gün mənə və övladlarıma baxdılar. Sonra bilet alıb bizi Azərbaycana yola saldılar”.

Qadın deyir ki, indi hansı məktəbə üz tutursa, uşaqlarını məktəbə götürmürlər: “Bir ildir ki, Bakıdayam. Yaşadığım əraziyə yaxın 104 və 146 nömrəli məktəblərə müraciət etmişəm. 12 yaşlı qızım və 11 yaşlı oğlumu məktəbə götürmürlər. Kiçik qızım isə hazırlığa gedir. Konkret səbəb də göstərilmir. Sadəcə, müxtəlif ərizələr, həyat yoldaşımın ölüm kağızı tələb olunur. Dəfələrlə qeydiyyatda olduğum Ucar rayonuna getsəm də, bu da bir fayda verməyib. Gətirdiyim ərizələri Bakıda götürmürlər. Yoldaşım Suriyada ölsə də, övladları ki, burdadır, azərbaycanlıdır... Çox istəyirəm ki, uşaqlar təhsil alsın, ən azından oxuma-yazmanı bilsinlər. Bir dəfə mənə bununla bağlı yol göstərənlər metronun “Nərimanov” stansiyası yaxınlığında bir quruma (adını dəqiq bilmir-müəllif) üz tutmağımı məsləhət bildilər. Qapıda bizi saqqallı şəxs qarşıladı. Ora yaxınlaşanda isə mənzərə xoşuma gəlmədi. Baxdım ki, Suriyanın rəmzini əks etdirən simvollar var. Bir xanım dedi ki, canını qurtarsan, yaxşıdır. Elə oradan geri qayıtdım”.



Gənc ananın sosial durumu da acınacaqlıdır.  Üç uşaqla kirayələrdə qalan qadın aldığı gündəliklə güclə dolandıqlarını deyir. Qiyafət Abdullayevanın sözlərinə görə,  sosial müavinət almaq üçün Ucar Rayon Sosial Müdafiə Fonduna müraciət edib, ancaq oradan da əliboş qayıdıb. Qadına deyilib ki, həyat yoldaşının ölüm sənədi olmadığına görə ona sosial müavinət düşmür:

“Qeydiyyatım Ucarda qayınatamgilin yaşadığı ünvandadır. Onlar da nə mənə, nə də nəvələrinə baxır. Ucarda iş olmadığı üçün Bakıya gəldim. Yaxınlıqdakı kafelərdən birində xadimə işləyirəm. Gündəlik 10 manat qazancım olur. Kirayə haqqı isə 210 manatdır. Anam olmasa, dolanışığımız tamamilə çətin olar. O da xadimə işləyir. Aldığımız qəpik-quruşla birtəhər dolanırıq. Uşaqları evdə tək qoyub işə gedirəm, baxanım yoxdur. Hər an nəsə baş verəcək - deyə fikrim onların yanında qalır. Bir dəfə gəlib görmüşəm ki, qaz açıq qalıb. Bir dəfə də qız yıxılıb, qolu sınıb. Çox çətin durumdayam. Suriyadan gələndən uşaqların heç biri həkim müayinəsindən keçməyib. Onları həkimə aparmağa imkanım olmayıb. Heç olmasa, uşaqlara görə müavinət alsam, bir qədər vəziyyət düzələr. Amma əsas istəyim onların təhsildən kənar qalmamalarıdır”.



Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov “Cümhuriyət” qəzetinə açıqlamasında məsələyə aydınlıq gətirib: “Məktəb kiminsə şəxsi mülkiyyəti deyil. İnsandan hansısa sənəd tələb olunursa, bununla məşğul olmalıdır. Əgər evdə oturub heç nə etməyəcəksə, bu məsələ necə həll olunsun? Aidiyyatı qurumlara konkret ərizə yazsın ki, filan nömrəli məktəblərə üz tutdum, belə oldu. Ümumi söhbətlərdən biz nə vaxt qurtulacağıq? Məsələni ittiham üzərində qoymaq olmaz. Adam məlumatsız, savadsız ola bilər. Bunun üçün qadın övladları barədə məlumatları Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi ünvanına göndərməlidir.  Məsələni araşdırandan sonra bizdən asılı nə varsa, kömək edəcəyik”.
11 və 12 yaşlı uşaqların məktəbə neçənci sinfə bərpa olunması məsələsinə gəlincə, Bəşarət Məmmədov deyib ki, onlar xüsusi təhsilə cəlb olunacaqlar: “Ola bilsin ki, onlar sonuna qədər xüsusi təhsil sistemi ilə oxusunlar. Ola bilsin ki, yaşlarına uyğun sinfə yerləşdirilsinlər. Təbii ki, bu da uşağın tədris proqramını mənimsəmə qabiliyyətindən asılıdır. Amma o mərhələyə qədər xüsusi təhsilə cəlb olunacaqlar”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı isə gənc qadının sosial müavinət ala bilməməsindən danışıb. O, bildirib ki, qadın nazirliyə elektron qaydada müraciət etməlidir. Məsələ araşdırılandan sonra müvafiq suallara cavab vermək olar.

//Cebhe.info