İşğaldan azad edilən rayonlarımızda yarımstansiyalar tikiləcək
    • 21-10-2020, 13:01
    • 621

İşğaldan azad edilən rayonlarımızda yarımstansiyalar tikiləcək

“Azərenerji” ASC işğaldan azad edilən və ediləcək rayonlarımızda yeni 110 kV-luq sistem əhəmiyyətli yarımstansiyaların tikilməsi və quraşdırılması, ikidövrəli yüksək gərginlikli 110 kV-luq elektrik xətlərinin çəkilməsi ilə bağlı layihələndirmə işini tamamlamaqdadır. 

ASC-dən News24.az-a verilən məlumata görə, ilkin olaraq Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının hər birində 110 kV-luq sistem əhəmiyyətli 4 yarımstansiyanın tikilməsi və onların arasında 110 kV-luq elektrik xətlərinin çəkilməsi nəzərdə tutulub.

Paralel olaraq “Azərişıq” ASC də, 35 kV-luq yarımstansiyaların tikməsi ilə bağlı əlaqəli layihələndirmə işləri aparılır. Tikiləcək yarımstansiya və xətlər üçün avadanlıqlarla təchizat və başqa sahələr üzrə işlər görülür. Yarımstansiyalarda o cümlədən yüksək gərginlikli xətlərdə işlərin ilkin olaraq sürətlə görülməsi və bundan sonra şəhərsalma işləri aparılan zaman paylayıcı elektrik şəbəkəsinin yaradılması planlaşdırılır.

Ümumilikdə isə yuxarıda göstərilən 4 rayondan başqa işğaldan azad ediləcək bütün ərazilərimizdəki rayonların elektrik enerji təchizatının qurulması və mövcudların yenilənməsi üçün layihələndirilmə işləri ən sürətli şəkildə aparılır. Məqsəd işğaldan azad edilən rayon və kəndləri ən qısa vaxtda elektrik enerjisi ilə təmin etməkdir. Beləliklə, işğaldan azad edilən rayonlarımızda tezliklə öz işığımızın yanacaq. Hazırda “Azərenerji” və “Azərişıq” bütün personalıyla Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin “işə başlayın” əmrini gözləyirlər.