Ermənistanı TƏŞVİŞƏ SALAN Azərbaycanın QORXULU SİLAHI - LORA
    • 5-11-2020, 16:48
    • 1 268

Ermənistanı TƏŞVİŞƏ SALAN Azərbaycanın QORXULU SİLAHI - LORA

Azərbaycanın İsrail Aerokosmik Sənayesi şirkətindən aldığı silahlardan biri də “LORA” əməliyyat-taktiki raket kompleksidir. Bəzi xarici mənbələrdə iddia olunur ki, Azərbaycan Həkəri çayında Ermənistanı Laçınla birləşdirən körpünü məhz bu raketlə vurub dağıdıb. Ancaq Azərbaycanın Müdafiə Nazirliyi bu məlumatı təsdiqləməyib. 


News24.az xəbər verir ki, LORA – “Long Range Attack” İsrail tərəfindən istehsal olunan kvaziballistik raketdir.

O, həm gəmidən, həm də qurudan atəş açmaq qabiliyyətinə sahibdir. 

LORA qutu formalı 4 hücrəli atıcıdan atılır. O, vasitənin üzərinə yaxud qoşquya quraşdırıla bilər. Atıcının mühərriklərinin hamısı elektrikdir və hidravlik deyil. Atıcı 0 dərəcədə daşınan pozisiyada dayanır və raketlər 60-90 dərəcə bucaq altında atıla bilər. LORA raketləri düşmən qoşunlarının müdafiəsinin əməliyyat dərinliklərində xüsusi mühüm obyektlərə: HHM batareyalarına, dayanacaqda olan təyyarə və helikopterlərinə, hərbi hissələrin ehtiyat və cəmləşmə rayonlarına, komanda məntəqələrinə, atəş vasitələrinə (artilleriya və dəqiq atəş qurğularına), infrastruktur elementlərinə (idarəetmə məntəqələrinə, rabitə qovşaqlarını, elektrik stansiyalarına, bazalarına, rabitə qovşaqlarına) və sənaye infrastrukturunun əhəmiyyətli obyektlərinə qəfil və dəqiq raket zərbələri endirmək üçün nəzərdə tutulub.


“LORA” raketləri uçuş trayektoriyasına görə ballistikdir, ancaq raketdən müdafiə sistemlərindən yayınmaq üçün proqramlaşdırılmış və ya ixtiyari manevrlər edə bilir. Bu səbəbdən onu kvaziballistik raket də adlandırırlar. Raket həm GPS sistemi, həm operator tərəfindən idarə edilə bilər. Dörd konteynerdən ibarət buraxılış qurğusu adi yük maşınının və ya treylerin şassisində yerləşdirilir.


Raketin işlənib hazırlanması böyük məxfilik şəraitində həyata keçirilib. Yalnız 2003-cü ildə İsrailin peyk telekanallarından biri təsadüfən raketin sınaqlarından görüntüləri sızdırıb. Bundan sonra “LORA” raket kompleksləri üzərindən məxfilik pərdəsi qaldırılıb, 2004-cü ildə raketlər İsrail ordusunun quru qoşunlarının, daha sonra hərbi dəniz qüvvələrinin silahlanmasına daxil edilib. Türkiyə və Hindistanın İsraildən bu raketləri almağa maraq göstərdiyi haqda məlumatlar var, lakin bu sövdələşmələr baş tutmayıb. Ona görə də Azərbaycan İsraildən “LORA” raketlərini alan ilk ölkə hesab edilə bilər.


Dizaynı ilə LORA təmir zəruriyyətinin üzə çıxmasından öncə davamlı olaraq 7 ilə qədər öz atıcı konteynerinin içində saxlana bilər. LORA maksimim 300-400 kilometr (döyüş başlığından asılı olaraq dəyişə bilir), minimum 30 kilometr mənzilə sahibdir. Atışdan hədəfə dəyənə qədərki uçuş vaxtının 10 dəqiqədən daha az olduğu bildirilir.

Xarakteristikaları:

Atəş məsafəsi: 30- 300 km
Hədəfdən yayınma ehtimalı: 10 m
Çəkisi: 1.6-1.8 ton
Uzunluq: 5 m
Diametr: 610 mm
Nüfuzedici - 600 kq
Qəlpəli fuqas - 400 kq
Uçuş yüksəkliyi: 45 km
Döyüş başlığı: 570 kq
Maksimum atış uzaqlığı: 400 km
Təchizat: inersiyal naviqasiya, GPS və TV terminal


Qeyd edək ki, İsrail Aerokosmik Sənayesi LORA-nı bazara çıxarmağa davam edir. Bu raketlərdən neçə ədəd istehsal olunması, qiyməti, yaxud nə qədər xarici sifariş qəbul olunmasına dair məlumat yoxdur.

Məhərrəm Əliyev