Həsrət qoxulu havanı ciyərlərimizə çəkməyə AZ QALDI - ŞUŞAYLA SÖHBƏT
    • 8-11-2020, 23:46
    • 646

Həsrət qoxulu havanı ciyərlərimizə çəkməyə AZ QALDI - ŞUŞAYLA SÖHBƏT

Vətən bağı al-əlvandır, var içində xarı bülbül.
Dumanlı dağları, sıx meşələri, sıldırım qayaları, çətir şəlaləsinə 28 ildir həsrət qaldığımız Şuşa... 


Şuşa, qanayan sən adlı yaramız, bu gün sağaldı. Qayıdırıq...

Sənə qovuşmaq, təmiz və həsrət dolu havanı içimizə çəkmək üçün günləri saymağa başlamışıq. 

Şuşa, sənin bizə geri döndüyün bu günü bir bilsən bütün Azərbaycan necə qeyd edir. Sanki hamımız Şuşalıyıq. 

Əziz Şuşam, bilirəm, sən də bizim üçün darıxmısan. Cıdır düzündə at çapan igidlərimiz, su ardınca İsa bulağına gedən qızlar, məhəllələrində o tərəf bu tərəfə qaçan uşaqlar, ağbirçək və ağsaqqal doğmaların üçün çox darıxmısan. Hələ Gövhər Ağa məscidinin  azan səsinə necə həsrət qaldığını təsəvvür etmək heç də çətin deyil. 

Dünya boyda Şuşamız, bəlkə də xəbərin yoxdur, amma biz səndən məcbur ayrı düşən zaman həm o dönəm sənə sancılan Şanlı üç rəngli Bayrağımızı, həm də sənin açarını özümüzlə götürmüşdük. Çünki geri gələcəyimizi bilirdik. Gəlib o bayrağı tezliklə yenidən sənə qovuşduracağıq, həm də o açarla qala qapısını bütün Azərbaycanın üzünə açacağıq. 

Azərbaycan mirvarimiz, alçaq düşmənin sənin köksünə vurduğu yaralara dərman, özününküləşdirməyə çalışdığı tariximizi bərpa etməyə gəlirik. 

Havalanacaq yenə Xanın səsi. Üzeyir bəyin, Bülbülün, Xurşidbanu Natəvanın ruhu şad olacaq. 

Şuşa, Laçına, Kəlbəcərə, Xankəndinə xəbər ver. De ki, onlar qayıdır... 

Teymur Məmmədov