Dolanbac küçələri, sahibsiz insanları, musiqili parkları ilə yenidən Amerika… - REPORTAJ, FOTOLAR, VİDEO
    • 16-10-2018, 20:00
    • 823

Dolanbac küçələri, sahibsiz insanları, musiqili parkları ilə yenidən Amerika… - REPORTAJ, FOTOLAR, VİDEO

Və ya bir yazıda üç şəhər haqda…

San-Fransiskoda gəzintiyə davam... Əgər şəhərə gəlib, enişli-yoxuşlu küçələri gəzib bitirdinizsə və yemək zamanı gəzinti üçün səbəb axtarırsızsa, dərhal yoxuş yuxarı başınızı qaldırdığınız zaman görə biləcəyiniz Coit Toura çıxıb, mənzərənin dadına vara bilərsiniz. Bu bölgədə yamyaşıl ağacların içində yer alan şahanə evləri və təbiətdə yaşayan tutuquşuları ilə Telegraph Hill sizi özünə heyran edəcək. Enerjiniz varsa, 400 nərdivanla dəniz səviyyəsinə enməniz mümkündür.
Golden Gate Park /DeYoung Museum/ California Academy of Sciences
Şəhərin ən gözəl yerində böyük bir sahədə yayılan Golden Gate Park nəfəs almaq üçün mükəmməl bir ünvandır. İçəridə yürüş və piknik etmək zatən kefinizə qalıb, amma getmişkən, içərisindəki ünvanlara da baş çəkmədən gəlməyin. Xüsusən tropik iqlimlərdə yetişən bitkiləri və bir çox orkidə növünü görə biləcəyiniz Conservatoriyə dəyə bilərsiniz. Növbəti ünvan modern sənət əsərlərinə ev sahibliyi edən DeYoung Museum. SF MoMA-da 2016-cı ilə qədər qapalı olduğu üçün şəhərin ən cazibədar muzeyi hazırda DeYoungdur. Muzeyin mağazası və kafesi dayanıb nəfəs almaq üçün düzgün seçimdir.Dərhal qarşısında olan California Academy of Sciences isə elmə marağı olmayanlara belə təsir edəcək cinsdən müdhiş əyləncəli bir yerdir. Amerikadakı ən gözəl planetairumuna ev sahibliyi edən muzey eyni zamanda akvarium və yağış meşələrini özündə əks etdirir. Bir çox canlıya öz gözlərinizlə şahidlik edincə uşaqlar kimi əylənəcəksiniz, əmin olun – kim hər gün albino bir timsaha rast gəlir ki? Burada tövsiyyə olunacaq son ünvan isə Japanese Tea Garden. Hələ gəzməyə halınız varsa, yenə bilet alıb, bu məkana da girə bilərsiniz.BAHALI MAĞAZALAR, SƏLİQƏLİ İT SAHİBLƏRİ VƏ FƏRQLİ XİDMƏT SEKTORU
Arada bir qədər fasilə verib, bir alış-veriş mərkəzinə də girə bilərsiniz. Kim and içə bilər ki, xaricə gedəndə eyzən muzey-park gəzir? Bu da iri alış-veriş mərkəzlərindən biri, Nordstrom. Bir neçə mərtəbə və öyrəşdiyimiz AVM konsepti. Aşağı mərtəbələrdə geyim mağazaları, yuxarıda isə kafelər, restoranlar... Hər bir qadın kimi öncə geyim mağazalarını uzun-uzadı dolaşıram, qiymətlər, yeni trendlər, müqayisələr… Ya mən çox bahalı bir yerə gəlmişəm, ya da amerikan qadınlar üçrəqəmli qiymətlərdən ucuz nəsə alıb geyinmirlər. Qış çəkmələri 170 dollardan başlayır, ipək və brend firmaya məxsus olmayan əlbisələr üçün 1100 dollarından keçməlisən, əlcək 75 dollara. Dediyim kimi, çox baha və çatımsız geyimlər.
Alış-veriş zamanı maraqlı bir detal. Mərkəzin içində ayaqlı hava təmizləyici qurğular dolaşır. Robot kimi. Bir anda ətrafı lavanda qoxusu bihuş edir. Ya da kafelərdəki system. Bəlkə də bir çox ölkələrdə belə sistemlərin olmasından sizlər xəbərdarsız, amma mən ilk dəfə qarşılaşırdım. Bir kafelər zəncirinin şöbəsindəyəm. Kassaya yaxınlaşıb, sifarişimi verir, ödənişimi edirəm. Bu zaman mənə dəyirmi, qara bir alət verib, gözləməmi deyirlər. Masa seçir və gözləyirəm. Açığı bu alətin nə işə yaradığından da xəbərsizəm ilk anda. Çox güman, sifarişimi qeydə alan sistemdir deyə düşünürəm. 5 dəqiqə keçməmiş, sözügedən alətin üzərində işıq yanır, vibrasiya sistemi işə düşür: bəli, sifarişim hazırdır. Əslində çox təqdir ediləsi sistemdir. Çünki Bakıda fast-food kassalarının qabağındakı qələbəliyi, biabırçılığı, oturmağa masa tapmaq üçün düşən dava-dalaşları xatırlayanda bu, ideal sistemdir.Və bir də diqqətimi çəkən heyvan sahibləri. San fransiskolular heyvan sevdalısıdı. Küçə ilə gedəndə hər 10 şəhər sakinindən 5-nin yanında, qucağında bir it görə bilərsiz. Amma hər birinin çantasında bir sellofan torba. İt yolun ortasını pislədiyi dəqiqədə heç bir kompleks etmədən,çantasındakı sellofana onu yığır. Ona görə də şəhərin küçələri bu qədər itli gəzintilərə rəğmən pis qoxmur.
Şəhərdə diqqətimi çəkən daha bir cəhət isə insanlar üçün azad istirahət sahələrinin yaradılmasıdır. Videodan da izləyə bilərsiz. Şəhərin ortasında kreslolu, divanlı məkanlar var. Kiçik masaları ilə bərabər. Və canlı musiqi. Hər kəs istədiyi qədər oturur, canlı musiqiyə qulaq asır, usağı ilə əylənir, sevgilisi ilə rahat vaxt keçirir və sair. Və heç bir ofisiant da onlara yaxınlaşıb, “qaqa, buranı “zanit” eləmisiz, nəsə zakaz eləyin də…” demir, məsələn. Yəni, insanlar üçün, rahatlıq üçün, istirahət üçün…YAŞLILARIN SEVDİYİ QƏSƏBƏ – SAUSALİTO…
Gəzintiyə davam. Haight küçəsinin sonuna gəldiyiniz zaman, Golden Gate Parkını görəcəksiz. Bir çox amerikan parka girmədən yaxınlıqdakı Vhole Foods’dan piknik üçün lazımlı əşyaları alıb, sonra istirahət edir, ya da evdən özü ilə gətirir. Park demişkən, San Fransciscoda çoxlu evsiz var, amma onlardan çəkinmənizə ehtiyac yoxdur. Parkda itləri ilə sakit-sakit yaşayırlar. Yəni, onlardan hər yerdə var. Mağazaların yanında, parklarda, küçə tinlərində və sair. Aqressiv deyillər, dilənmirlər, narahatlıq vermirlər. Sadəcə, evsizdilər və həyatda qalmağa çalışırlar. Park içində bir çox fərqli ağac və bitki növünə rast gələ bilərsiniz. Bundan başqa, parkın içindəki mueyləri, gölləri və fərqli idmanlara aid sahələri gəzib, idman edənləri izləyə bilərsiniz.
İndi isə gəlin, Sausalitoya gedək, birlikdə... Şəhərdən bir az xaricdə, kiçik və şirin qəsəbə olan Sausalitoya 30 dəqiqəlik bir dəniz avtobusu səfəri ilə çatmaq mümkündür. Amma maşınla 1 saatlıq yoldur. Kiçik bir tətil qəsəbəsi görünüşündəki Sausalitonun yerli əhalisini 50 yaş və ondan böyüklər təşkil edir. Bol yaşıllıq, bir-birindən gözəl evlərin olduğu çox rahatlıq verən bir yerdir. Qayıdanda da, gedəndə də maşınla gedirsizsə, Golden Gate körpüsündən də keçmiş olursunuz.
Burada dünyanın ən dolanbac küçələrini görmək mümkündür. Məsələn, Lombard küçəsi də bunlardan biridir. Ümumiyyətlə, bu qəsəbə Houseboatlarda yaşayan sənətçilərə ev sahibliyi edir. Labor Day həftə sonunda təşkil edilən Sausalito Sənət Festivalına ev sahibliyi edən bir şəhərdir. Liman şəhəridir. İri gəmiləri ilə diqqət çəkir və ayda bir dəfə burden kruizlər təşkil olunur.
Sausalito haqqında nə deyirlər, bilirsizmi? Yaşları irəliləmiş, şəhər həyatından uzaqlaşmaq istəyən, amma San Fransiskodan ayrıla bilməyənlərin yaşadığı bir yerdir burası. Sausalito yerli sənətçilərin sənət əsərlərini sərgiləyən, bənzərsiz butik mağazalar və sərgilərlə doludur. Kiçik, şirin, amma sənətlə dopdulu…


SAN JOZE – SAN-FRANSİSKODAN KİÇİK, AMMA DÜNYADAN BÖYÜK...
Səfərimin böyük hissəsini keçirdiyim San Joze şəhəri haqqında da bir neçə kəlmə yazım.  Kaliforniyanın sevimli, kiçik, amma sənətlə dolu daha bir şəhəri. Burda da diqqətimi çəkən bir neçə məkanı sizə tanıdım.
Dountoun San Jose
Guadalupe çayı kənarında yerləşən şəhər mərkəzi, San Josenin kilid nöqtəsidir. Şəhərin ən məşhur iş, alış-veriş mərkəzləri, kafeləri, restoranları bu bölgədə yer alır. San Joselilərin və şəhərə gələn turistlərin maraq göstərdiyi şəhər mərkəzi Amerika Birleşmiş Dövlətlərinin ən önəmli bölgələrindən biridir. Bundan başqa, şəhərin muzeyləri, teatr və park sahələri də Dountounda yerləşir.
Vinchester Sehlər Evi
2 hektarlıq sahəni əhatə edən Vinchester Sehrlər Evi 1884 və 1922 illəri arasında inşa edilib. San Josenin ən önəmli turistik yerlərindən biri olaraq şöhrət əldə edən Vinchester Sehrlər Evi adını da memarından almaqdadır. Amerikan Beynəlxalq Tarixi Məkanları arasında göstərilən Vinchester Evi San Jose səyahətində mütləq gəzib görməniz lazım gələn yerlər arasında yer alır.
San Jozedə yerləşən Misir Muzeyində də misirlilərə aid tanınmış bir çox əsər sərgilənməkdədir. Şəhərin bələdiyyə gül bağçasını da nəzərdən qaçırmamaq lazımdı. Naglee və Dana küçələrinin kəsişdiyi nöqtədə yerləşən bir gül bağçasıdır. 5.5 hektarlıq bağça daha öncə alça bağçası olub. Dostların danışdığına görə, San Joze bələdiyyəsi bu sahəni satın alaraq mükəmməl bir gül bağçasına çevirib. Hazırda şəhərin ən rəngli və çox ziyarət edilən nöqtələrindən biridir.
Texnoloji Yeniliklər Muzeyi də şəhərdə görüləsi məkanlardan biridir. Zarafat deyil, Silikon Vadisi, texnologiyaların ana məskənidir.Muzeyin heç bir gəlir mənbəyi yoxdur. Məqsəd sadəcə insanların texnologiya yeniliklərindən xəbər tutmasıdır.

 

//Musavat.com