Cəlilabadda Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olundu - FOTO
    • 30-12-2020, 12:45
    • 607

Cəlilabadda Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olundu - FOTO

Cəlilabadda Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olundu.

News24.az xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Rayon Şöbəsinin, eləcə də rayonun hüquq-mühafizə orqanlarının rəhbərliyi torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olanların ailələrinə mütəmadi olaraq baş çəkir, onların qayğıları ilə maraqlanırlar. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Vətən müharibəsinin dörd şəhidinin –Bəcrəvan kəndində anadan olmuş baş çavuş Fərid Hüseynov, Badamağac kəndində anadan olmuş baş çavuş Mirsəfa Mirəşrəfbəyli, Privolnoye kəndində anadan olmuş əsgər Elnur Bağırov və Bəcrəvan kəndində anadan olmuş əsgər Ayaz Abasovun ailələri ziyarət olunub. Şəhid hərbi qulluqçuların valideynləri övladlarının Vətən torpağı uğrunda qəhrəmancasına vuruşaraq, igidlik və mərdlik nümunəsi göstərərək ən uca zirvə olan şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını bildiriblər. Şəhid Ayaz Abasovun anası Şəfaqət Abasova bütün şəhid anaları adından göstərilən diqqət və qayğıya görə dövlət rəhbərliyinə minnətdarlığını ifadə edib və məhz ölkə başçısının apardığı uğurlu siyasətin, ordu quruculuğunun və islahatların nəticəsində torpaqlarımızın düşmən tapdağından qurtulduğunu bildirib, bu savaşda Vətən torpağı uğrunda rəşadətlə döyüşərək şəhid olan əsgər anası kimi fəxr etdiyini deyib.