"Nərimanov İcra Hakimiyyətində QAPIDAN QOVULDUQ..." - 15 qəlpəylə yaşayan QAZİ... - VİDEOREPORTAJ
    • 15-01-2021, 14:05
    • 596

"Nərimanov İcra Hakimiyyətində QAPIDAN QOVULDUQ..." - 15 qəlpəylə yaşayan QAZİ... - VİDEOREPORTAJ

Şanlı Azərbaycanımızın qalibiyyətlə keçdiyi 44 günlük Vətən Müharibəsi bütün dünyaya bir daha rəşadətli Ordumuzun gücünü nümayiş etdirdi. Torpaqlarımızın erməni işğalından azad olunmasında canından keçməyə hazır olan, bir neçə dəfə ağır yaralanan əsgərlərdən biri də Amil Məmmədovdur.

News24.az Vətən Müharibəsi iştirakçısı ilə olan reportajı təqdim edir:

“Erməni tanklarının üzərində Azərbaycan bayrağı vardı”

18 yaşlı Vətən Müharibəsi qazisi döyüşlərə qatılan zaman ailəsinə xəbər vermədiyini deyir: “Sentyabrın 27-də səhər saatlarında dedilər ki, döyüşə gedirsiniz. Bunu eşidəndə çox sevindim. Silahlarımızı götürüb maşına mindik. Döyüş bölgəsinə tez çatmaq barədə düşünürdük. Amma aramızda heç kim ailəsinə müharibəyə getdiyini bəlli etmədi. Evdən zəng etmişdilər dedim ki, narahat olmayın, hərbi hissədəyəm. Halbuki, həmin dəqiqələrdə Füzuliyə çatırdıq. Sentyabrın 28-i Füzuli istiqamətindən döyüşə girdik. Ordan Cəbrayıl istiqamətinə keçdik. Həmin vaxt üstümüzə tanklar gəldi. Erməni tanklarının üzərində Azərbaycan bayrağı vardı. Bizə dedilər ki, öz tanklarımızdır. Bayraq götürüb onların yanına gedən zaman bizə atəş açmağa başladılar. Bir neçə şəhidimiz oldu. Əsgər yoldaşım Əliyev Cavid tankın birini partlatdı. Ondan sonra tanklar geri çəkildi. Mühasirəyə düşmüşdük. Arxamızda və sağımızda ermənilər, qarşımızda isə tanklar var idi. Yaralanmışdım. Oktyabr ayının 7-si idi. Məni Füzulidə Əhmədbəylidəki hospitala gətirdilər, ordan da Zərdaba göndərdilər. 10 gün müalicə aldıqdan sonra yenidən döyüşlərə qatıldım”.


“Əsgər yoldaşımın beyni partladı və üzümə töküldü”


Döyüş bölgəsinə qayıdan Amil Məmmədovun ikinci dəfə yaralanması Şuşa istiqamətində olub: “1543 metr hündürlüyündə dağ var idi. Onu müdafə etməliydik. Su yox idi. Təminat üçün hündürlükdən aşağı endim və qalxdım. İstirahət edirdim. Düşmən yenə artilleriyadan atəş açmağa başladı. Tanklar üstümüzə gəldi. Sağımda olan əsgər yoldaşımın beyni partladı və üzümə töküldü. Komandirlərim gözümün qarşısında şəhid oldu. Həmin vaxt mən yenə yaralandım. Mərmi arxa tərəfimə düşdü. Ağciyərim, qaraciyərim, sol ayağım, çiyinlərim və başımdan qəlpə xəsarəti aldım. Vuruşa bilmədim”.

“Ağciyərimdə 7,  qaraciyərimdə isə 8 qəlpə hələ də qalıb”

18 yaşlı qazi yaralandıqdan sonra Yevlaxdakı xəstəxanaya göndərilib orada əməliyyat olunub: “Yevlaxda əməliyyat olunduqdan sonra Şəmkirə göndərildim. Orada isə mənə məzuniyyət verib evə yolladılar. Ağciyərimdən əsas böyük qəlpə çıxarıldı. Təxminən 7, və ya 8 qəlpə isə hələ də qalıb. Qara ciyərimdə də 8 qəlpə var. Yevlaxda həkimlər öncə dedilər ki, bütün əməliyyatları eyni anda edəcəklər. Sonra yaşımı nəzərə alaraq bildirdilər ki, əməliyyat ağır olacaq və tab gətirə bilmərəm. Ona görə də başımdan, sol ayağımdan və ağciyərimdəki əsas qəlpələr çıxarıldı”.

“Hazırda bədənimdə olan qəlpələr iki il sonra mənə fəsad verə bilər”

Vətən Müharibəsi iştirakçısı Bakıda Hərbi Hospitalın həkimlərinin ona qaraciyərində əməliyyata ehtiyac olmadığını dediklərini bildirib: “Özümü narahat hiss edirəm. Arada olur ki, yata bilmirəm. Ağrılarım olur. Başqa bir həkimin yoxlanışında olan zaman isə mənə dedilər ki, bədənimdəki qəlpələr iki il sonra mənə fəsad verə bilər”.

Amil Məmmədov qələbə sevincini Azərbaycan Xalqına yaşatdığına görə, Cənab Ali Baş Komandan İlham Əliyevə təşəkkürünü bildirib: “Bu sevinci bizə yaşatdığına görə Cənab Prezidentə təşəkkür edirəm. Amma mən də orada olmaq, o hissləri orada yaşamaq istəyərdim. Yaxşı ki getmişəm. 30 ildir ayaq dəyməyən torpaqlara ayaq basmışam”.

“Şəhid olsaydım, prezidentimiz qoymazdi ki, anam kirayələrdə qalsın”

Vətən Müharibəsi iştirakçısı evin tək oğludur: “Anamdan başqa heç kimim yoxdur. Buna baxmayaraq, döyüşə gedən zaman gözüm arxada qalmamışdı. Şəhidlik zirvəsinə ucalmasam da qazi oldum. Bilirdim ki, orada mənə nə isə olsa prezidentimiz qoymaz ki, anam əziyyət çəksin, kirayələrdə qalsın”. 

“Amili yetimçiliklə böyütmüşəm, o mənim yaşama səbəbimdir”

Amilin anası Aygün Kərimova övladını 2 yaşından tək böyütdüyünü deyib: “Öz zəhmətimlə, əziyyətlə böyütmüşəm. Bütün qonşular da bilir ki, yay mövsümündə yorğan-döşək sırımaqla pul qazanıram. Oğlumun müharibəyə getməyindən xəbərim yox idi. Ondan bir gün əvvəl mənimlə danışanda dedi ki, narahat olma, hər şey yaxşıdır. Həftələrlə zəng vura bilməyəcəyini də mənə dedi. Onun yaralanmasından xəbərim olsa da, çox narahat idim. Amil zəng vuranda dedi ki, narahat olma hər şey qaydasındadır. Xəstəxanadakı səs-küyü eşidəndə ona and verdim. O zaman mənə yüngül yaralandığını bildirdi. O mənim yaşama səbəbimdir. Amili yetimçiliklə böyütmüşəm. Ondan başqa kimim var ki? Yevlaxda icra başçısı özü bizi qarşıladı. Xəstəxanaya 1 konfet belə keçirməyə qoymadı. Sağ olsun Amilin geyimlərinə qədər özü maraqlandı və həll etdi. Növbəti gün isə Amil bizi yanına gəlməyə qoymadı. Dedi yerlərini dəyişirlər. Amma yalan demişdi. Həkiminin otağına gedib və dostlarının soyuq torpaqda yatdığını özünün isə xəstəxanada olmasına baxmayaraq isti yerdə olduğunu və buna görə döyüş bölgəsinə qayıtmaq istədiyini deyib. Bunu bizə elə həkimin özü danşdı. Dedi oğlunu xəstəxanada saxlaya bilmədik. Növbəti dəfə yaralananda yenə hər şeyin yaxşı olduğunu dedi. Siz demə ciyəri deşilibmiş. Ağzından qan gəlirdi. Yaralandığı yerləri sayanda özümü döydüm-öldürdüm. Amma dua eləmək başqa əlimdən heçnə gəlmirdi. Xəstəxanada dedilər ki, ayağı kəsilib. Dedim Allahın bu gününə də şükür. Ayağı kəsilsə də sağ-salamatdır”.

“Yevlax Xəstəxanasında Amilə əsa verilmədi, onu da pulla aldım”

Aygün Kərimova Yevlax Xəstəxanasında Amilə əsa vermədiyini vurğulayıb: “Amil üçün əsanı 35 manata öz hesabıma aldım. Bu uşaq gecələri yatmır. Əsəbləri pozulub. Qəlpə dişini də qırıb. Ayağı bu vəziyyətdə, dolanışığımız gördüyümz kimi. Kirayə qalırıq. Daha doğrusu, Amili evdə qoyub işləyə bilmirəm. Yoxsa, hardasa işləyib 3-5 manat gündəlik tələbatı evə gətirirdim. Heç bir yerdən maraqlanan da yoxdur ki, belə bir uşaq var”. 

“Nərimanov rayon İcra Hakimiyyətindən bizi qovdular”

A.Kərimova mövcud vəziyyətləri ilə bağlı Nərimanov rayon İcra Hakimiyyətinə müraciət edib, lakin onu qapıdan geri qaytarıblar: “Vəziyyətimi bildirmək üçün Nərimanov rayon İcra Hakimiyyətinə getdim. Evin kirayə haqqını verə bilmədiyimi, heç bir yerdən də köməyimin olmadığını demək istəyirdim. Mənə köməklik etsinlər. İcra hakimiyyətinin qarşısında olan iki nəfərə oğlumun qazi olduğunu dedim. Onlar isə məni mədəni formada qapıdan qovdular. Dedilər ki, pandemiyadır. Niyə gəlmisiniz? Gedin məktub yazın göndərin. Məktub da yazdıq, cavab olmadı”.

“Nə vaxta qədər qonşu kömək edəcək? Utanıram axı...”

Qazinin anası gündəlik qida yardımını onlara qonşularının etdiyini deyib: “Nə vaxta qədər qonşu kömək edəcək? Bu gün biri, sabah digəri nə isə gətirir. Utanıram axı. Heç vaxt belə olmamışam. Düzdür, oğlumla fəxr edirəm. Müharibədə iştirak edib. Amma bizə də bir nəzər salsınlar. Ailəm olsaydı, vallah belə şeylər demərəm. Atası olsaydı, deyərdim ki, Amilə o baxsın. Amma indi ata yoxdur. Kimə deməliyəm?”

Teymur Məmmədov
Foto-Video: Fərid Şabanov