Ələt postundakı tıxaca bir polisin xidmət aparması səbəb olub? - RƏSMİ AÇIQLAMA - VİDEO
    • 18-01-2021, 12:50
    • 279

Ələt postundakı tıxaca bir polisin xidmət aparması səbəb olub? - RƏSMİ AÇIQLAMA - VİDEO

Ötən gün Bakının girişində qurulan karantin postunda uzun tıxacın yaranması ilə bağlı görüntü yayılıb. 

Sürücülərin etirazla qarşıladıqları tıxaca səbəb isə postda icazələrin bir polis əməkdaşı tərəfindən yoxlanılması olub. 

Məsələ ilə bağlı News24.az-ın sualını cavablandıran Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, bir polis əməkdaşının postda xidmət aparması birmənalı olaraq düzgün informasiya deyil: "Onu elə çəkiblər. Bakının giriş və çıxışlarında quraşdırılan karantin postlarında polis əməkdaşları ilə yanaşı, Daxili Qoşunların hərbi qulluqçuları sutka ərzində xidmət aparırlar".

E.Zahidov postlarda böyük tıxacın yaranmasına da aydınlıq gətirib:"Biz dəfələrlə ölkə əhalisinə, vətəndaşlarımıza müraciət edib bildirmişik ki, zəzurət olmadan nəqliyyat vasitəsindən az istifadə etsinlər. Eyni zamanda da Bakı şəhərinə və ya digər qapalı bölgələrə giriş-çıxışına icazəsi yoxdursa, həmin postlardan keçməyə cəhd göstərməsinlər. Amma təəssüflər olsun ki, bəzi vətəndaşlar icazələrinin olub-olmamasına diqqət etmədən postalardan keçməyə cəhd edirlər. bu da sözsüz ki, süni tıxacların yaranmasına təsir edir".

Teymur Məmmədov