AFFA Gəncədə Futbol Akademiyası açacaq
    • 29-01-2021, 13:38
    • 1 250

AFFA Gəncədə Futbol Akademiyası açacaq

"O vaxt iş adamlarının maliyyə imkanları var idi, futbola pul buraxırdılar. Sonra problemlər oldu, əllərini çəkdilər".

News24.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

Milli assosiasiya rəsmisi bildirib ki, futbolda məcburi heç nə olmur: "Şərqi Avropa ölkələrində futbol sosial layihədir. Çox az klub mənfəət əldə edir. Ümidlə yaşayırlar ki, nə vaxtsa futbolçu yetişdirib satacaqlar. Onlar əsasən bu işlə məşğul olurlar. Bu ölkələrdə teleyayım və reklam gəlirləri də böyük deyil".

E.Məmmədov Tovuzda olduğu kimi, Gəncədə də Futbol Akademiyası açmaq istədiklərini bildirib: "İki həftə öncə Tovuzda futbol akademiyası və bazanı tam bərpa etdik. Bu, UEFA, FIFA və AFFA-nın dəstəyi ilə oldu. Bu cür bazanı Gəncədə də açmaq istəyirik. Sabah hansısa sponsor gələndə ona yeni baza tikmək lazım olmayacaq. "Kəpəz"ə sponsor cəlb etmişdik, stadionu görəndən sonra fikrini dəyişdi".

İcraçı vitse-prezident bölgə klublarının Premyer Liqada iştirak etmələrini çox istədiklərini diqqətə çatdırıb: "İnanıram ki, bu halda çempionatımızda rəqabət və rəngarənglik artacaq. Kubok matçlarında da gördük ki, maraqlı mübarizə ola bilər".