Aprel döyüşlərində yaralanan hərbçiyə Türkiyədə süni kəllə qapağı qoyuldu
    • 20-10-2018, 16:15
    • 1 945

Aprel döyüşlərində yaralanan hərbçiyə Türkiyədə süni kəllə qapağı qoyuldu

2016-cı ilin aprel döyüşlərində başından güllə yarası alan Xüsusi Təyinatlı Qüvvələrin hərbçisi Yaşar Ağayev Türkiyədə Gülhanə Hərbi Tibb Akademiyasında əməliyyat olunaraq başına süni kəllə qapağı qoyulub. Virtualaz.org xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.
46 gün komada qalan hərbçi Azərbaycanda 3 dəfə əməliyyat olunsa da, gəzə bilməyib, bədəninin sol hissəsini tərpətməkdə və danışmaqda əziyyət çəkib və demək olar ki, başının bir tərəfi olmayıb. Yenidən əməliyyat üçün Türkiyəyə aparılan hərbçi orada daha iki əməliyyat keçirib.
Əməliyyatdan sonra mətbuata açıqlama verən Y. Ağayev bu qədər uğurlu əməliyyat olacağını gözləmədiyini bildirib: “Mən bir dəfə əziyyət çəkdim, ailəm isə daim bu əziyyəti çəkirdi. Başımın bir tərəfinin olmaması xüsusən anamı narahat etdiyindən onun yanında heç başı açıq gəzə bilmirdim. Çünki məni görəndə çox pis olur və ağlayırdı. Əməliyyatın bu qədər uğurlu olacağını heç özüm də gözləmirdim”, - deyə hərbçi bildirib.
Sentyabrın 25-də əməliyyat olunan hərbçi deyir ki, indiyə qədər başının bir tərəfi olmadığından əlini həmin hissəyə apara bilmirdi. Artıq rahatlıqla əlini başında gəzdirir və başını qaşıyır.

Yaşar Ağayev əməliyyat olunmasına görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
Türkiyədə keçirdiyi əməliyyat və müalicə müddətində onun yanından ayrılmayan qardaşı Anar da sağalmasını görüncə göz yaşlarını saxlaya bilməyib.
Hərbçini əməliyyat edən Gülhanə xəstəxanasının beyin və sinir cərrahı Özkan Tehli 13 nəfərlik həkim heyəti ilə "kranioplastika" əməliyyatı həyata keçirərək, 3D printerlərin köməyi ilə Y. Ağayevə baş nahiyəsinə süni baş qapağı qoyulduğunu bildirib.
"O, xəstəxanamıza gəldikdə danışa, yeriyə bilmirdi. 5 əməliyyat və 1 il yarımlıq müalicədən sonra o, həm danışır, həm də yeriyə bilir. Görünüşündəki qüsur da aradan qaldırılıb." - , deyə həkim bildirib.

//Virtualaz.org