Məktəblər martda yenidən BAĞLANACAQMI? - TƏHSİL NAZİRLİYİNDƏN EKSKLÜZİV AÇIQLAMA
    • 2-02-2021, 18:32
    • 401

Məktəblər martda yenidən BAĞLANACAQMI? - TƏHSİL NAZİRLİYİNDƏN EKSKLÜZİV AÇIQLAMA

Xəbər verdiyimiz kimi, 1 fevral tarixindən ümumi təhsil müəssisələrində əyani tədris qismən bərpa olunub. Nazirlər Kabinetinin müvafiq qərarında məktəbəhazırlıq qrupları, icmaəsaslı məktəbəqədər təhsil qrupları və ibtidai təhsil səviyyəsi üzrə tədrisin sanitar-gigiyenik tələblər nəzərə alınaraq ənənəvi formada təşkili nəzərdə tutulur. İbtidai siniflər üzrə əyani təhsilin iri şəhərlərdə, o cümlədən Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla bərpası planlaşdırılır. Fevralın 1-dən sonrakı müddətdə isə V-IX siniflərdə təhsil alan şagirdlərin tədrisə ənənəvi qaydada cəlbi barədə qərar veriləcək.

Azərbaycanda valideynlər pandemiya dövründə məktəbli övladlarında və ya digər ailə üzvlərində tənəffüs yolları şikayətləri, qızdırma, öskürək, nəfəs darlığı, ishal, COVID-19 xəstəliyi ilə bağlı hər hansı şikayətlər olduqda, övladını məktəbə gətirməməsi və bu vəziyyətlə bağlı məktəb rəhbərliyinə məlumat verməsi haqqında iltizam imzalayacaq.

Tədris prosesinə qoşulmayan şagirdlərin sayı nə qədərdir və onlar itirilən mövzuları necə kompensasiya edəcəklər?


Məsələ ilə bağlı News24.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, 1 milyon 200 min valideynin statistikasını qısa müddətdə açıqlamaq çətindir: 

“Yəqin ki, bu barədə gələn həftə məlumat veriləcək. Həmçinin valideyn pandemiya dövründə övladının ümumi təhsil müəssisəsinə gəlməsini onun səhhəti üçün təhlükəli hesab etdiyi halda, onun teledərslərə baxmasını, virtual dərslərdə iştirakını, müəllimləri tərəfindən verilmiş tapşırıqların vaxtında yerinə yetirməsini və eləcə də müstəqil öyrənməsini təmin edəcəyi barədə yazılı öhdəlik götürür”.

Fevralın sonu, martın əvvəli məktəblərin yenidən bağlanacağı ilə bağlı yayılan fikirlərə mətbuat katibi belə münasibət bildirib:

“Şayə yayan şəxslərlə bağlı dövlət qurumları müvafiq addımlar atır. Heç kim öncəgörən ola bilməz. Həmin şəxsin elə bir cihazı yoxdur ki 10 və ya 20 gün sonranı görsün. Yanlış tendensiyadır. Belə şayələr dezinformasiya mühiti yaradır. Belə söhbətlər insanlarda narahatlıq və pis gözləntilər formalaşdırır”.

Qeyd edək ki, 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub. Ötən ilin 2 noyabr tarixindən isə tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formada təşkil edilib.