Sumqayıtda vəzifəli şəxs CƏRİMƏLƏNİB
    • 5-02-2021, 13:58
    • 538

Sumqayıtda vəzifəli şəxs CƏRİMƏLƏNİB

Sumqayıt şəhəri Nəsimi adına mədəniyyət və istirahət parkına yaxın ərazidə ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.

Xidmətin rəsmisi Bəhruz Məhəmmədov News24.az-a bildirib ki, sözügedən əraziyə keçirilən baxış zamanı ərazinin dəmir lövhələrlə hasara alındığı və “Flame MTK” MMC tərəfindən tikinti işlərinin aparıldığı, lakin ağac kəsintisi faktının olmadığı məlum olub.

O qeyd edib ki, ərazinin əvvəlki illərdəki kosmik görüntüləri müqayisə olunub və tikinti aparılan yerdə yaşıllıqların olmadığı müəyyən edilib: "Aparılan araşdırma zamanı yaşayış obyektinin tikintisinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin müsbət rəyi olmadan aparıldığı aşkar edilib. Faktla bağlı MMC-nin məsul şəxsi Vüqar Səmədov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 3 500 manat məbləğində cərimə olunub. Ətrafdakı ağacların qorunub saxlanması və tikintiyə ekoloji ekspertiza rəyinin alınması məqsədilə şirkət rəhbərliyinə məcburi göstəriş verilib”.