Azərbaycanda yanğınların səbəbi bu imiş... - DYNX RƏSMİSİ
    • 10-02-2021, 14:06
    • 786

Azərbaycanda yanğınların səbəbi bu imiş... - DYNX RƏSMİSİ

Hər gün KİV vasitələrində ölkə ərazisində baş verən yanğın hadisələri ilə bağlı xəbərlər yayımlanır. Təəssüflər olsun ki, yanğın hadisələri əksər hallarda insan tələfatı ilə nəticələnir. Elə ötən gün Xətai rayonunda baş verən hadisə kimi. Fərdi evdə baş verən yanğın zamanı bir nəfər öldü. 

Bəs baş verən yanğınlara səbəb nədir? Yanğın faciələrinin baş verməməsi üçün əhali hansı qaydalara riayət etməlidir? 

News24.az bu suallarla bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinə sorğu ünvanlayıb.

Xidmətin şöbə rəisi Elnur Babayev sorğuya cavab olaraq bildirib ki, respublika ərazisində 2019-cu və 2020-ci illər ərzində təhqiqatı aparılmış yanğınların statistik göstəricilərinin müqayisəli təhlili aparılıb: “2020-ci il ərzində Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən əhali, müəssisə və təşkilatlarda aparılmış profilaktiki və maarifləndirmə tədbirlərinin nəticəsi olaraq, insan tələfatı 4, xəsarət alanların sayı 113 fakt, yanğınların vahid statistik uçotuna daxil edilmiş yanğınların ümumi sayı 203, yaşayış sektorunda yanğınlar 157, ticarət obyektlərində 22, əkin sahələrində yanğınların sayının isə 14 fakt az qeydə alındığı müəyyən edilib”.

E.Babayev Yanğın Təhlükəsizliyi Qaydalarının pozulması ilə bağlı rəqmələri  açıqlayıb: “Elektrik avadanlıqların quraşdırılması və istismarı zamanı YTQ-nin pozulması faktlarının sayında 143, sobaların quraşdırma və istismarı zamanı YTQ-nin pozulması 11, odla ehtiyatsızlıqda 95 fakt az qeydə alınıb. Qəsdən yandırmanın sayında isə 2019-cu il ilə 2020-ci ili müqayisə etdikdə 52 faktın daha çox qeydə alındığının şahidi olarıq”.

DYNX rəsmisi məişətdə baş verən yanğınların əsas səbəblərindən danışıb, qarşısının alınması ilə tövsiyyələr verib: Mərkəzləşdirilmiş isitmə sistemi nəzərdə tutulmayan binalarda, həmçinin fərdi evlərdə mənzillərin isidilməsi üçün elektrik və qaz cihazlarından, eləcə də müxtəlif yanacaqla, o cümlədən odunla işləyən sobalardan istifadə edilir. Bu cihaz və sobalardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunması ciddi məsuliyyət tələb edir. Belə ki, yanğınlar, əsasən, odla ehtiyatsız davranış səbəbindən, məişətdə istifadə edilən elektrik qızdırıcı, təbii və mayeləşdirilmiş qaz ilə işləyən cihazların, həmçinin odun sobalarının istismarı qaydalarına düzgün əməl edilmədikdə baş verir.
Elektrik təsərrüfatında yanğınların əsas səbəbi elektrik dövrəsinin artıq yüklənməsi və qısaqapanmadır. Elektrik naqilləri məişət elektrik cihazlarının nominal gücünə uyğun seçilməlidir. Əks halda, elektrik naqili həddindən artıq qızar, nəticədə naqilin izolyasiyası keyfiyyətini tədricən itirər, bu da öz növbəsində elektrik təsərrüfatında qəzaya və yanğının baş verməsinə səbəb olar. Bir yuvaya bir neçə elektrik cihazının qoşulması da belə bir hala gətirib çıxara bilər. Qısaqapanma izolyasiyası olmayan və ya izolyasiyası zədələnmiş naqillərin bir-birinə  toxunması  nəticəsində  baş  verir.  Bu  zaman  naqillər  o  qədər qızır  ki,  metal damarlar əriyərək qığılcım yaradır və bitişik yana bilən konstruksiyalarda yanğının başlamasına səbəb olur. Qeyd olunan səbəblərdən baş verə biləcək yanğınların qarşısını almaq üçün müəyyən yükə hesablanmış əriyən qoruyucu və ya avtomat açar quraşdırılmalıdır.

Məişətdə işlədilən qaz cihazlarından törənən yanğınların əsas səbəbi: "Buna səbəb boru xətlərinin birləşmə yerlərində kipliyin pozulması, qaz cihazına qoşulmada standartlara uyğun olmayan rezin və digər materiallardan istifadə edilməsidir. Nəzərə almaq lazımdır ki, mayeləşdirilmiş qaz təbii qazdan daha çox yanğın təhlükəli xassələrə malikdir. Propan qaz balonları qızdırıcı cihazlardan ən azı bir metr kənarda yerləşdirilməli, gün şüaları və mexaniki təsirlərdən qorunmalı, zirzəmidə  saxlanılmasına yol verilməməlidir. Qaz sızmasını hiss etdikdə ümumi qaz kranını bağlamaq, mənzilin havasını təmizləmək üçün qapı-pəncərələri açaraq hava cərəyanı yaratmaq lazımdır. Bu zaman mənzillərdə elektrik işlədicilərini dövrəyə qoşmaq və ya ayırmaq olmaz".

Qış mövsümündə evlərdə bərk yanacaqla işləyən sobalardan da istifadə olunur: "Sobalar yanmayan və istilik keçirməyən altlıqlar üzərində  qurulmalı, onun qalama qapısı önündə 70x50sm ölçüdən kiçik olmayan metal təbəqə döşəməyə bərkidilməlidir. Tüstü borusu tavan hissədən keçdikdə yanmayan və istilik keçirməyən materiallarla yanar konstruksiyalardan təcrid olunmalı, borunun tüstü çıxan sonluğu evin dam hissəsindən ən azı 70sm hündürlükdə quraşdırılmalıdır. Qalanmış sobanı nəzarətsiz və ya azyaşlıların nəzarəti altında qoymaq qadağandır. Sobanın ətrafinda odun qurutmaq, sobaya həddən artıq odun atmaq, sobaları tezalışan mayelərlə qalamaq qəti qadağandır. Sobaların, qaz cihazlarının üstündə və bilavasitə yaxınlığında paltar qurutmaq təhlükəlidir”.  

Elnur Babayev həmçinin məişətdə yanğın baş verdikdə təhlükəsizliyi təmin etmək üçün atılmalı olan addımları sadalayıb:


•    FHN-in “112” qaynar telefon xəttinə məlumat verin;
•    odsöndürücü balon və ya əl altında olan digər vasitələrlə  (su, qum, palaz, keçə və s.) yanğını söndürməyə çalışın;
•    yanğının şiddətlənməməsi üçün qapı və pəncərələri bağlayın;
•    mümkündürsə, elektrik və qaz cihazlarını söndürün;
•    ağız və burnunuzu nəm dəsmal, şərf, paltar və s. ilə tutaraq tüstüdən qorunun;
•    yan otaqdakı tüstüdən qorunmaq üçün qapı ətrafındakı boşluqları nəm əski ilə tutun;
•    döşəməyə yaxın ərazidə tüstü daha az olduğundan əyilərək və ya sürünərək hərəkət edin;
•    yanğın gücləndikdə sənəd və digər vacib əşyaları götürüb dərhal bayıra çıxın;
•    uşaqlara, ahıl və köməyə ehtiyacı olanlara mənzili tərk etməkdə kömək edin;
•    mənzili tərk etmək mümkün deyilsə, eyvanda və ya pəncərənin yanında dayanaraq yanğınsöndürənləri gözləyin;
•    xilas olmaq üçün yuxarı mərtəbədən aşağı tullanmayın;
•    liftdən istifadə etməyin;
•    qonşuları xəbərdar edin.

Teymur Məmmədov