Xırdalandakı faciənin GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ - VİDEOREPORTAJ
    • 11-02-2021, 18:18
    • 1 522

Xırdalandakı faciənin GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ - VİDEOREPORTAJ

Yanvarın 25-də Xırdalan şəhərinin 27-ci məhəlləsində baş vermiş partlayışdan 16 gün ötüb. Partlayış əslən Agstafadan olan 61 yaşlı Ziyafət Musayevaya məxsus fərdi yaşayış evində olub. Hadisə zamanı ev sahibəsi özü Gəncədə olsa da, ailə üzvləri - oğlu Vüsal, gəlini Aytən, nəvələri 11 yaşlı Firudin və 9 yaşlı Fatimə evdə olublar. Hadisədən sonra dağıntılar altında qalan Aytən Musayevanın meyiti elə həmin gün, balaca Fatimənin meyiti isə yanvarın 26-da xilasedicilər tərəfindən çıxarılıb. Firudinin vəziyyətinin yaxşı olduğu bildirilir, həyati təhlükəsi yoxdur, atası Vüsal Musayevin vəziyyəti isə stabildir. 


Dəhşətli partlayışdan geriyə yerlə-yeksan olunmuş evlər və xarabalığa çevrilmiş məhəllə qalıb. Partlayışın gücündən yaxınlıqdakı dörd bloklu beşmərtəbəli bina yaşayış üçün yararsız vəziyyətə düşüb. Bina sakinlərinə məxsus avtomobillər də dağıntılar arasında qaldığından yararsız haldadır. 


News24.az olaraq vəziyyətin hazırda nə yerdə olduğunu öyrənmək üçün hadisə yerində, ev sahibəsi Ziyafət Musayeva ilə həmsöhbət olduq.

Onun sözlərinə görə, istər televiziya, media və ya sosial şəbəkələrdə, istərsə də real həyatda hadisə barədə yanlış məlumatlar yayılıb. Z.Musayeva hadisəni belə izah edib: “Hadisə baş verəndə, mən Gəncədəydim. Bacım xəstə olduğu üçün yanına getmişdim. Yanvarın 25-i axşam saatlarında mənə zəng gəldi ki, siz tərəfdə partlayış olub. Yaxın qonşulara zəng edib, vəziyyəti öyrəndim. Səhər saatlarında Bakıya çatdım. Artıq hər yer dağılmışdı, insanlar isə oraya toplaşmışdı. Mənə dedilər oğlun xəstəxanadadır, gəl, səni də aparaq. Dedim yox, mənim o biri balalarım daşın altındadı. Səhər açılanda, sanki ağlımı itirdim. Qohumları tanıya bilmirdim. Bir neçə saatdan sonra gəlin dağıntılar altından çıxdı. Ona baxmağa imkan vermədilər. 


Yanvarın 26-ı nəvəm tapıldı. Onu xəstəxanaya, morqa apardılar. Xahiş etdim ki, uşağı oğlumun yanına aparaq, vidalaşsın. Dedilər mümkün deyil. Gəlinimlə nəvəmi kənddə dəfn edəndən sonra Bakıya gəldik. Dedilər oğlunun vəziyyəti yaxşı deyil. Respublika Klinik Xəstəxanasında ona yaxşı baxılmamışdı. Yaxın qohumlar, dostlar onu Avrasiya Klinikasına apardılar. Daha sonra əməliyyat edildi. Bağırsaq içəridə partlamışdı. Dedilər ki, bir az da gec gəlsəydi, qanda zəhərlənmə baş verəcəkdi”.

Z.Musayeva oğlunun və nəvəsinin vəziyyətinin hazırda yaxşı olduğunu deyib: “Oğlumun əl-ayağı, gözləri və ağlı yerindədir. Nəvəm Firudinin də səhhəti yaxşıdır. Bu günümə şükr edirəm. Ancaq bizimlə maraqlanan yoxdur ki, evi dağıldı, oğlu xəstəxanadadır. Onun ikinci əməliyyata ehtiyacı var. Bizim acımıza yanan yoxdur. Kömək lazımdır. 


Orada bir jurnalist özündən məlumat toplayıb, deyib ki, nənə və baba orada idi. Mənim yoldaşım 2008-də rəhmətə gedib. Özüm isə Gəncədə idim. O, Zaur Baxşəliyevin verilişində bunları gülə-gülə danışıb. Ayıb olsun. Hələ verilişdə deyiblər ki, guya oğlumun ayağı kəsilib”. 
Ev sahibəsi zirzəmidə spirtli içki hazırlanması ilə bağlı yayılan xəbərləri saxta adlandırdı: “Oğlum heç vaxt spirtli içki qəbul etməyib. Siqaret belə çəkmir. Yoldaşı namaz qılan insan olub. Xahiş edirəm, yalan məlumatlar yayıb, özlərinə günah qazanmasınlar”. 

O, partlayışın hansı səbəbdən baş verdiyini öyrənmək üçün rəsmi qurumlara müraciət edib: “1979-dan çəkdiyim əziyyətin hamısı boşa getdi. Mən balalarımı istəyirəm. Partlayış niyə baş verdi? Bunu öyrənmək istəyirəm. Özümə də əminəm ki, mənə aid orada nə qaz balonu olub, nə də sex. Adi bir evim var idi. İkinci mərtəbədə yaşasam da birinci mərtəbədə artıq əşyalarım, yorğan-döşəyim, cehizlik şkafım, mebel dəstim olub”.


Yaxınlıqdakı dörd bloklu beşmərtəbəli binada yaşayan qonşular da şayələrin yanlış olduğunu bildirib. Onlar həmçinin, evlərinin yararsız hala düşdüyünü vurğulayaraq, özlərinə aidiyyəti qurumlardan hələ də kömək edilmədiyini deyiblər.  

Son olaraq Vüsal Musayevin vəziyyəti ilə tanış olmaq üçün yaşadığı kirayə evə üz tutduq. Zərərçəkmiş bunları qeyd edib: “Yanvarın 25-i təxminən saat 19:00 radələrində işdən evə gəldim. İkinci mərtəbəyə çıxıb salamlaşdım. Uşaqlar “onlayn” dərs edirdilər. Onlara mane olmadan aşağı mərtəbəyə düşdüm. Orada bir-iki səliqə-səhmana salınacaq işlərim var idi. Hardasa 20-25 dəqiqə sonra partlayış baş verdi və huşumu itirdim. Bir zaman ayıldım ki, məni Fövqəladə Hallar Nazirliyinin işçiləri xilas edir. Huşum tam özümə gələndə, gördüm ki, Respublika Klinik Xəstəxanasındayam. Orada qarın boşluğumda və çanaq nahiyəmdə şiddətli ağrılar var idi. Özümü pis hiss edirdim. Dodağım partlamışdı. Respublika Klinik Xəstəxanasında 1 gün qaldıqdan sonra bizi Avrasiya klinikasına apardılar. Məni çox gözəl ilkin müayinə edib, qərar verdilər ki, əməliyyat olmalıyam. Əməliyyat olunan zaman bağırsağım zədələnmişdi”. 


V. Musayev maddi və mənəvi dəstəyə ehtiyacları olduğunu deyib. O, həmçinin dezinformasiya yayanlara müraciət edib: “Həyat yoldaşım və qızımı itirmişəm. Evimiz dağılıb. Hər kəsdən xahiş edirəm, qeyri-dəqiq informasiyanı reytinq xətrinə yaymasınlar. Televiziyada, mediada və sosial şəbəkələrdə dezinformasiya yayıblar ki, guya ayaqlarım amputasiya olunub. Tamamilə yanlışdır. Hər ikisi yerindədir və hərəkət etdirə bilirəm. İkinci əməliyyata gedəcəm. Bir xahişim də dövlət qurumlarınadır ki, bu prosesi ciddi araşdırsınlar. Məsələnin nədən qaynaqlandığını öyrənmək istəyirəm. 

Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat xidməti məsələ ilə bağlı sorğumuzu belə cavablandırıb: “Bir neçə gün öncə Xırdalan şəhərinin 27-ci məhəlləsində baş vermiş partlayış nəticəsində yararsız vəziyyətə düşmüş 1 B saylı binanın sakinləri ilə görüş keçirildi. Görüşdə RİH başçısı İradə Gülməmmədova və Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov iştirak etdi. Görüşdə bildirildi ki, məsələ Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın nəzarətindədir. Daha sonra ilkin mərhələdə, ən vacib məsələ kimi, qış ayı olması ilə əlaqədar olaraq 42 ailənin dərhal kirayə evlərdə yerləşdirilməsi müzakirə edildi və qərar qəbul olunaraq həmin günü sakinlərin hər biri şəraitli kirayə evlərlə təmin olundu. Bununla yanaşı, bir neçə  ailənin maddi vəziyyəti və mənzillərinin tamamilə dağılması nəzərə alınaraq onlara RİH tərəfindən ərzaq yardımı və maddi köməklik göstərildi.


Eyni zamanda, paralel olaraq Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən sözügedən binanın dayanıqlığı və mənzillərin durumu, dəymiş ziyanı hesablamaq üçün ayrı-ayrılıqda bütün evlərə baxış keçirildi, araşdırılma aparıldı, müvafiq aktlar tərtib edildi. Araşdırmadan sonra 1 B saylı binanın dayanıqlığına hər hansı bir ziyanın dəymədiyi aydınlaşıb. Ona görə də binanın təmir olunaraq sakinlərə veriləcəyini deyə bilərik. 

Hazırda FHN-nin mütəxəsisləri tərəfindən həyata keçirilən araşdıma işləri davam edir, yəni təmir işlərinin smetası tutulub, bazar qiymətləri hesablanır. FHN tərəfindən hazırlanacaq yekun sənəd Nazirlər Kabinetinə təqdim olunma ərəfəsindədir. Bundan sonra Nazirlər Kabineti qərar qəbul edəcək. Veriləcək qərardan asılı olaraq ərazidə işlərə başlanılacaq. Qeyd edim ki, təmir müddətində sakinlər kirayə evlərdə qalmaqda davam edəcəklər. Yəni zərərçəkmiş şəxslər öz evlərinə köçənə qədər onların kirayə haqqlarının ödənişi həyata keçiriləcək. 

Onu da bildirim ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən prosesin surətləndirilməsi ilə bağlı mütəmadi olaraq aidiyyəti qurumlarla əlaqə saxlanılır”. 

Məhərrəm Əliyev
VİDEO: Fərid Şabanov