Tereza ana müqəddəs idimi?
    • 22-10-2018, 18:30
    • 1 418

Tereza ana müqəddəs idimi?

Tereza ana: - Sizin əzabınız İususun çarmıxda çəkdiyi əzaba bənzəyir. Siz əzab çəkəndə, o, sizi öpür.
Xəstə: - Ona deyin daha məni öpməsin... 

*******
Mayamidə daşınmaz əmlak alveriylə məşğul olan kubalı maqnat Hemli Qonsales 2008-ci ildə müflisləşir və hər şeyi sıfırdan başlamalı olur. İllər sonra o, “Məsuliyyətli xeyriyyəçilik” adlı qeyri-kommersiya təşkilatı yaradıb Kəlküttə və Pune şəhərlərində uşaqları təhsilə cəlb etməklə məşğul olacaqdı, amma işləmək üçün ilk olaraq Tereza ananın “Təmiz ürək” (“Nirmal Hriday”) ölüm evinə gəlmişdi. Orda ona 50 xəstəyə, o cümlədən tənəffüs yolu infeksiyasından əziyyət çəkənlərə süngər vannası etmək tapşırılır. Bu prosedur zamanı soyuq sudan istifadə olunurdu deyə xəstələr üşüyüb qışqırırdılar. Onlara yazığı gələn Qonsales rahibələrə qızdırıcı almaq üçün pul yığmağı təklif edir, amma rədd cavabı alır. Sonralar sığınacaqla bağlı xatirələrində eks-maqnat bunları yazacaqdı:
“Rahibələr xəstəliklər haqqında heç nə bilmirdilər, pnevmaniyalı pasiyentləri soyuqla imtahana çəkirdilər, üstəlik, elementar gigiyena qaydalarına da əməl etmir, işlənmiş şprisləri kran suyunda yaxalayıb yenidən istifadə edirdilər. Pasiyentlərin paltarları ümumi əlüzyuyanların içində yuyulurdu. O ev sanki bir yoxsulluq muzeyi idi”. 

Cəhənnəm mələyi
Kəlküttədə doğulub böyümüş doktor Arup Çatterci tələbəlik illərində yoxsullar məhəlləsində könüllü olaraq çalışmışdı. Tereza anaya münasibəti ümumilikdə yaxşı olan, amma “yoxsullar məhəlləsində rahibələri heç görmədiyi” üçün araşdırmalara başlayan Çartecci aylarla sığınacaq evlərinin qarşısında müşahidə aparmış, 100-dən çox adamdan müsahibə almış, topladığı materialları kitab halında dərc etdirmiş (“Tereza ana: danışılmamış tarix”, 2002), onu pasiyentlərə qarşı amansız rəftarda və “əzaba pərəstiş” təbliğ etməkdə suçlamışdı.
Çattercinin araşdırması məhşur britaniyalı jurnalist və publisist Kristofer Hitçensin də diqqətini çəkmiş və o, keçmiş könüllünün materialları əsasında “Cəhənnəm mələyi” adlı sənədli film çəkmişdi. Tereza ana haqqında bu qalmaqallı filmi Qərbin bütün aparıcı media qurumları nümayiş etdirmişdi. Həmin filmdə Hitçens Tereza ananın öz fikirlərinə istinad edərək bildirir ki, missioner xanımın əsas məqsədi əzabı azaltmaq yox, əksinə, artırmaq və demək ki, əzab çəkən insanlara kömək etməməkdir; o və rahibələri ölüm ayağında olan xəstələrə (hətta induistləri və müsəlmanları da) katolikliyi qəbul etdirirlər. Keçmiş könüllü Syuzan Şilts də daxil olmaqla, bir çox şahid bunu təsdiqləyir: alına qoyulan yaş əski və dua – vəssalam, xəstə artıq katolikdir.
II İoan Pavel Tereza anaya müqəddəslik statusu vermək təklifiylə çıxış edəndə (2003) Hitçens yenidən bu mövzuya qayıtmış, möcüzə faktını puça çıxarmış həkim Rahcan Mustafinin şahid ifadəsini rədd etdiyi üçün kilsəni “yuyub-sərmiş”, Tereza ananı “fanat, fundamentalist və fırıldaqçı” adlandırmışdı.
Tereza ana haqqında məşhur “Allah xatirinə gözəllik” (“Something Beautiful for God”) filminin müəllifi Malkolm Maqqeric çəkiliş zamanı “ölüm evi”ndə işıqların söndüyünü, dərhal peyda olan ilahi işıq sayəsində çəkilişə davam edə bildiklərini demiş, operator Ken Makmillan problemi gecə çəkilişləri üçün lent vasitəsilə həll etdiklərini açıqlamışdı. Amma kilsə və tərəfdarlı bu faktı da görməzdən gəlmişdilər.

Uydurulmuş uğur hekayəsi
Həm Çarteccinin, həm də digər araşdırmaçıların Tereza ana haqqında topladığı faktlar dünyaca məşhur missionerin sözləri və əməlləri arasında xeyli fərq olduğunu üzə çıxarır. Mənzərənin ən ümumi şəkli belədir:

- Tereza ana müsahibələrində gündəlik olaraq 4000 (5000, 7000 və hətta 9000) nəfər yoxsul doydurduğunu deyib, halbuki cəmi iki-üç kiçik ölçülü ictimai mətbəxi olub və o mətbəxlərdə ən yaxşı halda 300 nəfərə qədər adam yemək yeyə bilərdi;
- Tereza ana Nobel sülh mükafatının təqdimatı mərasimindəki çıxışında təbii ailə planlaşdırması fəaliyyətinə başlayandan 6 il sonra Kəlküttədə doğuş sayının 61273 nəfər azaldığını deyib, amma o zaman bununla bağlı statistika, ümumiyyətlə, mövcud olmayıb;
- Nobel sülh mükafatının təqdimatı mərasimində Tereza ana 36000 kəlküttəliyə yardım etdiklərini demişdi, amma hind jurnalistləri araşdırıb tapmışdılar ki, belələrinin sayı 700-dən çox olmayıb.
- 1978-ci ildə Çatterci Hindistanın ozamankı baş naziri Morarci Desaiyə sığınacaqlardakı xristian missionerliyindən şikayət edəndə Tereza ana insanlara qeyri-dini xidmət məqsədilə Kəlküttədə 102 ailə mərkəzi açdığını deyib, əslində isə belə mərkəzlər, ümumiyyətlə, olmayıb;
- O, pasiyentlərinə münasibətdə dini ayrı-seçkilik etmədiyini iddia edib, ərzaq kartlarını ancaq xristianlara verib;
- Nobel sülh mükafatının təqdimatı mərasimində “Uşaqları küçələrə atmayın, onları mənə gətirin” deyən Tereza ananın sığınacaqlarında ən kasıb və ən xəstə uşağa belə ailəsi ondan rəsmən imtina etməyənə qədər heç bir yardım göstərilməyib; uşaqların qoruyucu mələyi kimi tanınan Tereza ananın işçiləri “canlı əfsanəni” görməyə gələn əcnəbilərə sataşma şikayətilə uşaqları tez-tez polisə veriblər (Bununla bağlı uşaqların video-müsahibələri olub);
- Tereza ana ona müraciət edən hər kəsə yardım etdiyini desə də, ailə üzvləri sağ olanların kömək xahişinə birmənalı şəkildə “yox” deyib;
- Tereza ana həmişə yoxsulları Kəlküttə küçələrindən topladığını və onlara ləyaqətlə ölmək imkanı yaratdığını iddia edib, amma xəstələrin sığıncağa çatdırılmasıyla bağlı zənglərə əksər hallarda “maşın yoxdur” bəhanəsilə rədd cavabı verilib. Halbuki Tereza anaya xeyli sayda təcili yardım maşını hədiyyə edilib və bu maşınlardan daha çox rahibələrin şəxsi ehtiyacları üçün istifadə edilib;
- 1984-cü ildə məbləğinə görə göz əməliyyatından publik şəkildə imtina edən Tereza ana növbəti il Nyu-Yorkda daha bahalı əməliyyatla gözünü müalicə etdirib; - 1996-cı ilin aprelində “Qadınlar evi” jurnalına (“Ladies Home Journal”) verdiyi müsahibədə sığınacağındakı kasıblar kimi ölmək istədiyini deyib, amma ölənə qədər dünyanın ən bahalı klinikalarında bir neçə dəfə stasionar müalicə alıb, ömrünün son günlərini isə məxsusi onun üçün quraşdırılmış mürəkkəb və bahalı ürək aparatlarıyla dolu olan yataq otağında keçirib. 

Sevgi budursa, nifrət nədir?
Əlbəttə, hamı kimi, Tereza ananın da yaxşı tibbi xidmət istəmək və onu görmək haqqı vardı, bunun əksini iddia etmək olmaz. Amma nə üçün, o, bu haqqı başqalarına tanımayıb? Axı çox məşhur adamlar Tereza anaya çox böyük pullar bağışlayırdılar və həmin pullar “ölüm evləri”ndə sivil vəziyyət yaratmağa nəinki çatar, hətta artıq da qalardı.
Haşiyə: 1991-ci ildə Almaniyanın “Stern” jurnalı sənədlərə əsaslanan bir informasiya dərc etmiş, Tereza ananın adı qalmaqalda ilk dəfə onda hallanmışdı - tərəqqipərvər bəşəriyyətə məlum olmuşdu ki, icmaya verilən ianələrin ancaq 7 faizi müalicə xərclərinə yönəldilir, qalan pullar Vatikanın Roma bankındakı hesabına köçürülür (İddialara görə, bütün missionerlik fəaliyyəti ərzində Tereza ana Roma katolik kilsəsinə 3-5 milyard dollar arası maliyyə vəsaiti qazandırıb). 

Nə üçün onun sığınacaqlarında antisanitariya baş alıb gedir, peşəkar həkimlər işə götürülmür, insanlara minimum müalicə imkanları yaradılmırdı? Nə üçün o sığınacaqlarda insanları asma və qatlama çarpayılarda, hətta yerdə yatırır və ayağa qalxmağa belə icazə vermirdilər? Nə üçün hamını eyni vaxtda, həm də arakəsməsiz tualetə göndərirdilər? Nə üçün ən dözülməz ağrılara ən zəif ağrıkəsicilər təyin edir, şpris və əlcəklərdən dəfələrlə istifadə etməklə pasiyentlərin onsuz da böyük olan ölüm riskini artırır, onları alçaldıcı şərtlərdə ölməyə məhkum edirdilər? Nə üçün xəstəxanaya göndərməklə və ya sadəcə antibiotik vurmaqla bir çoxunu xilas etmək mümkün ikən, bunu etməyə icazə verilmirdi? “Ağzı dualı allah adamı” özünə rəva bilmədiyi bu şeyləri nə üçün başqalarına rəva görürdü?

Həqiqətin neçə üzü var?
Yeri gəlmişkən, Tereza ananın ictimai xadim yönü də ikili standartlardan xali deyil. Getdiyi hər ölkədə ailəyə allahın xeyir-dua verdiyini deyib boşanmanın qadağan olunmasını tələb etdiyi halda, dostu şahzadə Diananın xətrinə bu fikrini “redaktə”etmişdi, Diana şahzadə Çarlzdan boşananda elan etmişdi ki, bu, doğru qərardır, çünki sevgi artıq o ailəni tərk edib.
Hindistanın ozamankı baş naziri, dostu İndira Qandi insan azadlıqlarını məhdudlaşdıran fövqəladə vəziyyət (1975-77) qərarı verəndə onu dəstəkləmiş, minlərlə ictimai-siyasi fəalın sübutsuz-məhkəməsiz həbsinə etiraz etməmişdi. Hər yerdə abortun alovlu əks-təbliğatçısı kimi çıxış edən, sülh mükafatını alanda “Bu gün dünya üçün ən böyük təhlükə abortlardır, çünki bu, rəsmən müharibədir, insanın öz anası tərəfindən öldürülməsidir” deyən böyük humanist dostu
Qandinin kasıb kişiləri məcburi qısırlaşdırma qərarına da tərəfdar çıxmış, yoxsulların övlad sahibi olmaq imkanından birdəfəlik məhrum edilməsinə “hə” demişdi.
Haşiyə: İndira Qandiylə dostluğu sayəsində Tereza ananın icması uzun illər maliyyə yoxlamalarından kənarda qalıb – böyük xeyriyyə təşkilatı olması bəhanəsiylə. Amma 1998-ci ildə yardım yatırımları üzrə Kəlküttədəki təşkilatların reytinq cədvəli tərtib ediləndə “Xeyriyyəçi missionerlər” icması heç ilk 200-lüyə də düşməmişdi.

1984-cü ildə Hindistanın Bhopal şəhərindəki “Yunion karbayd” (“Union Carbide”) kimya zavodunda zəhərli maddələrlə dolu 60 min litrlik çən partlamış, 4 min nəfər dərhal, 21 min nəfərsə sonrakı günlərdə ölmüşdü. Toplam 600 min nəfərin zərər çəkdiyi (ağırlıq dərəcəsinə görə Çernobıl qəzasına bərabər tutulan) bu qəzadan sonra Tereza ana şəhərə gəlmiş, işçilərin haqlarını tələb etmək əvəzinə “Allahın göndərdiyi cəzadır, barışmalı və dua etməliyik” deyə etiraz aksiyalarını dayandırmış və buna görə rəhbərlik onun icmasına böyük məbləğdə pul köçürmüşdü.
Hindistanın Latur əyalətində 8000 adamın ölümünə, 5 milyonun da evsiz qalmasına səbəb olmuş zəlzələ zamanı (1993) da Tereza ana yoxsullara ancaq təsəlli verməklə kifayətlənmiş, onlara maddi yardım göstərməkdən imtina etmişdi.

Pullar iylənmir
Tereza ana yalnız bir sahədə - dinlə bağlı fəaliyyətində hər hansı özfəaliyyətə yol verməyib, dini öhdəliklərinə məsuliyyətlə yanaşıb, necə deyərlər, qanıyla-canıyla inancına xidmət edib. Məsələn, həmin o 1978-ci ildə Hindistan parlamentində dini azadlıqlarla bağlı qanun qəbul ediləndə Qandiylə dostluğunu arxa plana keçirərək dərhal katoliklərin maraqlarının müdafiəsinə qalxıb.
Bu məsələdə Tereza ananı həqiqətən müqəddəs hesab etmək olardı, ortada böyük bir “əmma” olmasaydı. Az qala bütün dünyanın ən böyük xeyriyyəçi, ən fədakar missioner, nəhayət, ən təmiz insan kimi tanıdığı bu xanım mənfi reputasiyalı insanlarla dostluq etməkdən və hətta onların verdiyi böyük məbləğləri götürməkdən çəkinmirdi. Məsələn, 1981-ci ildə o, dünyanın ən kasıb ölkələrindən biri olan, korrupsiya və xəstəliklərin tüğyan etdiyi, hakim Düvalyelər ailəsinin 60 mindən çox siyasi qətl törətdiyi Haitiyə səfər etmiş, diktator atasından sonra 10 ildir ki, hakimiyyətdə olan diktator Jan-Klod Düvalye ilə görüşəndən sonra bəyan etmişdi ki, “dünyada yoxsullarla hakimiyyət arasında bu qədər yaxın münasibət olan ikinci belə ölkə yoxdur”. Düvalye bic tərpənib 1,5 milyon dolları Tereza anaya əvvəldən vermişdimi, yoxsa Tereza ananın “səmimiyyətindən” kövrəlib atmışdı bu addımı, bəlli deyil. Bu cürətkar alış-verişin bilinən-görünən tərəfi odur ki, 2 il sonra “ən təmiz insan” yenidən Haitiyə getmiş, yenə orda “gördüklərindən” ehtizaza gəlib “Düvalye öz xalqına sevgisiylə mənim ürəyimi fəth etdi, xalq bu sevgiyə tam qarşılıq verir” demiş və bu dəfə geriyə 1 milyon dollar üstəgəl Haitinin ən ali mükafatı olan “Şöhrət legionu” ordeniylə qayıtmışdı (Üçcə il sonra xalq-Düvalye sevgisi bitmiş, taxtdan salınan diktator xalqın yüzminlərlə milyon dollarını çırpışdırıb Fransaya qaçmışdı).

1989-cu ildə Tereza ana daha bir odioz üçün daha böyük jest etmişdi. Albaniyanın yeni rəhbəri Ramiz Aliyanın dəvətilə bu ölkəyə gedib hakimiyyətdə olduğu 40 il boyu ölkədəki bütün dini məbədləri, o cümlədən 157 katolik kilsəsini bağlatmış, bütün o illər ərzində dindarları həbs edib sürgünə göndərmiş və çoxunu da güllələtmiş əvvəlki rəhbər Ənvər Hocanın məzarını ziyarət etmiş, orda onu o ki var tərifləmişdi. Bu dəfə də mi “hədiyyə” qarşılığında? Məlum deyil, tarix bu barədə susur.

Haşiyə: Elə hallar da olub ki, Tereza ananın əslində hansı məzhəbə qulluq etdiyi barədə suallar yaranıb. Məsələn, İtaliyada müxtəlif qətl hadisələrinə və böyük korrupsiya qalmaqallarına bulaşmış, İtaliya neofaşistləriylə və Argentina xuntalarıyla əlaqələri olan “Təbliğat” mason lojasının rəhbəri Lisio Gelliyə ədəbiyyat üzrə Nobel mükafatı verilməsi ideyasını dəstəkləməsi kimi. Hərçənd faşizm mövzusu sığınacaq evində könüllü olaraq çalışmış Meri Loudonun şahid ifadələrində də var. O, Tereza ananın “ölüm evləri”ni faşistlərin əsir düşərgələrinə bənzətmiş, orda təkcə şəraitin yox, insanlara münasibətin də pis olduğunu demişdi: “Qadınlar da daxil, bütün pasiyentlərin başını qırxırdılar. Halbuki bu, hind qadınları üçün ölümə bərabərdir, çünki Hindistanda əxlaqsız qadınların başını qırxırlar”. 

Onun digər ateist rəhbərlərlə - Fidel Kastro və Erik Honekkerlə görüşlərinin motivi barədə də ətraflı məlumat yoxdur, ona görə də “qarşılıqlı faydalanma” kimi qiymətləndirilən bu danışıqlarda kimin kimdən necə faydalandığını bilmək olmur. Amma Tereza ananın Yasər Ərəfatla Livanda baş tutmuş görüşünün ənənəyə uyğun (“hədiyyəli”) keçdiyi deyilir. 

Tereza ananın çoxsaylı sponsorlarından biri öz işçilərinin pensiya fonundan 600 milyon dollar oğurlamış və həbsdən ancaq qəzada öldüyünə görə “qurtula” bilmiş britaniyalı mediamaqnat Robert Maksvell olub. Əmanətçilərinin 252 milyon dollarını cibinə qoymuş Çarlz Kittinq ona 1,25 milyon dollar bağışlamışdı. O, həbs ediləndə “katolik kilsəsinin bu sadiq və əliaçıq övladını” əfv xahişilə Tereza ana prokuror Pol Terlinə müraciət etmiş, Terlin ona cavabında “Kilsə cinayətkarın vicdanını sakitləşdirmək alətinə çevrilməməlidir” yazmış və təklif etmişdi ki, Kittinqdən aldığı oğurluq pulları sahiblərinə qaytarsın. Tereza anadan səs çıxmamışdı...

Və rəylər
Bütün bunların fərqində olan neçə nəfər vardı? Yoxsa din adamı qılıfı kirli pulları bütün dünyanın gözündə halal qazanca çevirmiş, missionerliyi xeyriyyəçilik kimi qəbul etdirə bilmişdi?

Aşağıdakı rəylərdən görünür ki, yox.

2005-2010-cu illərdə Kəlküttənin meri olmuş Bikaş Bhattaçarya:
“Tereza ana Kəlküttədəki kasıbların həyatını dəyişəcək qədər ciddi işlər görməyib. O, xəstəliklərə qarşı çıxmaq əvəzinə, onları təbliğ edib. Şübhəsiz ki, bizim şəhərimizdə kasıblar vardı, amma Kəlküttə heç vaxt Tereza ananın təbliğ etdiyi kimi cüzamlılar və dilənçilər şəhəri olmayıb”.
Vətənin Könüllü Qulluqçuları İttifaqının (Hindistan) lideri Mohan Bhaqvat:
“Onun əsas məqsədi əlinə keçən hər kəsi xristian etmək idi”.
“Azad düşüncə” jurnalının (Böyük Britaniya) əməkdaşı Barbara Smoker:
“Tereza ananın abortlar və kontrasepsiya barədə katolik təliminə uyğun çıxışları Hindistanın bu sahədəki problemlərini effektiv üsullarla həll etməyə mane olub”.
İtaliyalı mafioz Corcio Brusko:

“O müqəddəsdirsə, mən İusus Xristosam”.

“Salon” saytının əməkdaşı Çarlz Teylor:

“Tereza ananın missionerliyi möhtəşəmdir, amma onun müqəddəsliyi haqqında mifə birdəfəlik son qoyulmalıdır”.

Canluici Nuzzi, “Doğuşdan gələn günah” (“Original Sin”) kitabının müəllifi:

“Mühasibat sənədlərindən görünür ki, Tereza ananın Vatikan bankındakı (rəsmi - Ruhani İşlər İnstitutu) hesabında milyardlarla dollar vəsait olub və o, pullarını ordan götürsə, bank defolt ola bilərdi”.
2013-cü ildə Tereza ana haqqında materialların 96%-ni araşdırmış alimlər - Serj Larive, Jenevyev Şenar və Kerol Senehal (Monreal Universiteti, Kanada):

“Tereza ana hesab edib ki, xəstələr çarmıxa çəkilmiş İusus kimi əzab çəkməlidirlər. Onun xeyriyyəçiliyi xəstələrin əzablarını azaltmağa yox, əzabı tərənnüm etməyə yönəlib. Tereza ana şübhəli siyasi əlaqələr qurub, aldığı böyük miqdarda pul kütlələrini şübhəli şəkildə idarə edib, abortlara, boşanmalara və kontrasepsiyaya münasibətdə son dərəcə doqmatik münasibət sərgiləyib. Faktların analizi göstərir ki, onun müqəddəsliyi də şübhəlidir və kilsənin xeyir-duasıyla jurnalist Malkolm Maqqeric tərəfindən layihələndirilmiş effektli təbliğat kampanyasının məhsuludur”.
Alya Yaqublu