“Arayikin oturduğu binada Azərbaycan bayrağı dalğalanmalıdır” - POLİTOLOQ
    • 23-02-2021, 12:07
    • 448

“Arayikin oturduğu binada Azərbaycan bayrağı dalğalanmalıdır” - POLİTOLOQ

Fevralın 20-də Xankəndindəki separatçılar və siyasi avantüristlər şəhərin mərkəzi küçələrinə çıxaraq, 1988-ci ilin 20 fevral gününü – “Miatsum” hərəkatının 33-cü ilini “yad etdilər”. Həmin gün Dağlıq Qarabağ Muxtar Vilayətinin məclis üzvləri bölgənin Ermənistana birləşdirilməsi ilə bağlı qanunsuz olaraq qərar qəbul etmişdilər. Məhz bu tarixdən sonra separatçılar hər il bu təqvimi “dirçəliş günü” kimi keçirirlər.

Politoloq Qabil Hüseynli News24.az-a bildirib ki, yürüş Dağlıq Qarabağda “Miatsum” separatçı hərəkatının başlamasının ildönümünə həsr olunan bu yürüş əslində Azərbaycanın mərkəzi hakimiyyət orqanlarına tabe olmamaq və ayrılıb Ermənistana birləşmək kimi səfeh bir xülyanın nəticəsi idi: “O zaman Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağ deyilən bir qurum var idi. Bu qurumun Ermənistana birləşdirilməsini həyata keçirmək istəyirdilər. Bunun üçün iki təşkilat yaranmışdı: “Krunk” (“Qaranquş”) və “Miatsum” (“Birləşmə”). Bunların anlamı balanın anaya birləşməsi kimi ifadə olunurdu. Bu hərəkat 1988-ci ilin fevralında başlamışdı. Çox təəssüf ki, o zaman Moskvada müəyyən dairələr bu prosesin qarşısını almaq əvəzinə onu əl altdan körükləyir, qızışdırırdılar. Beləcə, Moskvanın bu biganəliyinə etiraz əlaməti olaraq, Bakıda, Azadlıq Meydanında çoxminlik etiraz mitinqləri başladı. Bu etirazlara görə meydana 1 milyondan artıq insan çıxmışdı. Dağlıq Qarabağda yaşayan əhalinin 55 faizi erməni, 45 faizi azərbaycanlı idi. Onlar Azərbaycana 200 il qabaq gəlmələrinə baxmayaraq, özləri üçün bir memorial kompleksi yaratmışdılar. Bu gəlmələr azərbaycanlıların yaşadığı və Qarabağı Ermənistana birləşdirmək istəyirdilər. Moskva belə separatçı, dağıdıcı proseslərin qarşısını dərhal almalı idi. Dağlıq Qaranbağda başlayan bu separatçı hərəkətin qarşısını vaxtında alsaydılar, bu, Sovet İttifaqının dağılmasına təsir göstərməzdi. Çünki bir çoxları hesab edir ki, Sovet İttifaqının dağılması prosesi Dağlıq Qarabağla başladı”.
Q. Hüseynli bildirib ki, o zaman bir vilayət Partiya Komitəsinin qarşısında böyük meydan vardı: “Həmin meydanda onlar mitinq keçirib tələb edirdilər ki, bu ərazilər Ermənistana birləşdirilsin. O zaman vilayət Partiya Komitəsinin birinci katibi Gevorkov deyilən bir şəxs idi, o da proseslər haqda nə Moskvaya düzgün məlumat veriridi, nə də Bakıya. Bakıdan da ora Azərbaycan Kommunist Partiyasının ikinci katibi Polyaniçko gedirdi. O da çox ikiüzlü və riyakar adam idi. Polyaniçko gedib oralarda fırlanıb qayıdırdı, deyirdi ki, boş şeydir, bir azdan özləri sakitləşib dağılışacaqlar. Amma bu elə-belə proses deyildi. Onu Ermənistanın Zori Balayan, Silva Kaputikyan kimi millətçi şovinistləri idarə edirdi. Onlar orda çıxış edib camaatı daha da qızışdırırdılar”.

Politoloqun fikrincə, bu günlərdə ermənilərin “Miatsum”un ildönümünü qeyd eləmələri separatçı hərəkətlərin davamıdır: “Bu, Azərbaycanda qıcıq yaratmaqr, hətta mən deyərdim, meydan oxumaqdır. Onlar qabaq belə bir tədbiri uzaqbaşı qapalı məkanda ya keçirərdilər, ya keçirməzdilər. İndisə küçələrə çıxıb, şüarlar səsləndirir, bayraqlar qaldırırlar. Yəni biz varıq, mövcuduq, fəaliyyət göstəririk. Siz bizim statusumuzu ləğv etmək istəyirsiniz, amma biz də fəaliyyətimizi davam etdirəcəyik”.

“Bəs, Rusiya niyə ermənilərə bu məsələdə dəstək verir” sualını isə politoloq belə cavablayıb: “Hazırda orada faktiki fövqəladə vəziyyət hökm sürür. Bunu da rus sülhməramlıları elan edib. Onlar bələdiyyə seçkisini keçirmədilər ki, burada fövqəladə vəziyyətdir. Amma bu gün küçələrə çıxıb əllərində bayraq Azərbaycana meydan oxuyurlar. Rusiya sülhməramlıları da kənardan bunu seyr edirlər. Əvvəla, Xankəndində bir dənə də olsa, erməni yox idi, o cümlədən Arayik Arutyunyan. Hamısı qaçıb getmişdilər. Onları avtobusla daşıyan da Rusiya sülhməramlıları olub. Ruslar onların təşkil etdiyi bu nümayişkəranə tədbirlərə kənardan baxıb necə deyərlər, qımışırlar. Bu, yaramaz, yolverilməz hərəkətdir. Azərbaycan tərəfi sözsüz ki, buna etiraz edəcək. Azərbaycan həlilik bu haqda tədbirləri haqda danışmaq istəmir. Amma bunun bir yolu var, o da Arayikin oturduğu binanın üstündə Azərbaycanın bayrağının dalğalanmasıdır. Bunun da güc yolu ilə həyata keçirirlməsi üçün ruslarla danışıqlar aparılmalıdır. Çünki həmin hadisələrə qədər Xankəndindəki əhalinin 12 faizi azərbaycanlılar idi. Azərbaycanlıların ora qaytarılması məsələsi gündəmə gətirilməlidir. Statusu Azərbaycan tərəfindən ləğv olunan Arayikin qondarma qurumunun fəaliyyəti dayandırılmalıdır. Araik haqda cinayət işi qaldırılıb və o, qırmızı bülletenlə axtarışa verilib. Bu adamın sülhməramlıların gözü qarşısında belə tədbirlər keçirməsi ötən il noyabrın 10-da Moskvada imzalanan müqavilənin ruhuna da ziddir. Çünki bu hal millətlərarası təfriqəni dərinləşdirir. Bununla ermənilər Azərbaycanı yenidən hərəkət etməyə və ölkədə yeni hərbi əməliyyatların başlanmasına təhrik etmək istəyir. Bu, çox təxribatçı bir addımdır. Yəqin ki, Azərbaycanın bununla bağlı müəyyən iradları olacaq. Bundan sonra Azərbaycan işini daha ehtiyatlı tutacaq”. 

“Fevralın 20-də Xankəndidəki separatçılar və siyasi avantüristlər şəhərin mərkəzi küçələrinə çıxaraq müharibədə məğlub olmaqlarına baxmayaraq, “var olduqlarını” sübut etmək üçün "Miatsum" hərəkatının 33 illiyini qeyd etdilər. Amma biz bu məsələyə seyrçi qala bilmərik. Biz öz tədbirlərimizi görməliyik. Bu tədbirlərdən biri kimi Laçın dəhlizini nəzarətə götürməliyik. Sərhədçilərimizi oraya yerləşdirməliyik”.

Bu sözləri News24.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfi qarşıdakı 1 il ərzində azərbaycanlıları Xankəndinə köçürməyə çalışmalıdır: “Bunu elə etməliyik ki, Xankəndində yaşayan ermənilər Azərbaycan qanunlarını qəbul etsin və pasportlarını daşısınlar. Kim bunu istəməsə, oranı tərk etmək məcburiyyətində qalacaq. Bu tədbirləri görməsək, çox təəssüf ki, gələn il bu təxribatlar yenidən təkrarlana bilər”.  Politoloq bildirib ki, Azərbaycan XİN bu istiqamətdə Moskva ilə danışıqlar aparmalıdır: “Seperatçıların təxribatları və qondarma tarixləri qeyd etmələri toqquşma ehtimalını yenidən artıra bilər. Ancaq Rusiya bu toqquşmada maraqlı deyil. Buna baxmayaraq, inanmıram qarşısını alsınlar. Çünki 3 aydır fəaliyyət göstərirlər. Özləri də bəzən bu təxribatların tərkib hissəsi olurlar. Dünən xəbər gəldi ki, Rusiya Ermənistandakı hərbi bazasının bir hissəsini Azərbaycanla sərhədə köçürür. Bu isə Azərbaycana qarşı xoş olmayan bir addımdır. Ağdamda monitorinq mərkəzində fəaliyyətlə bağlı işlərimizi gücləndirməliyik. Türkiyə ilə hərbi ittifaqı inkişaf etdirməliyik. Biz deyə bilmərik ki, Rusiya Dağlıq Qarabağda Azərbaycanın istəklərini yerinə yetirəcək. Buna ümid edə bilmərik. Hadisələri öz axarına buraxsaq, bu kimi təxribatların sayı artacaq".

Siyasət şöbəsi