Xankəndində Azərbaycanın seysmik stansiyası quraşdırılacaq – QURBAN YETİRMİŞLİ- MÜSAHİBƏ
    • 10-03-2021, 16:19
    • 682

Xankəndində Azərbaycanın seysmik stansiyası quraşdırılacaq – QURBAN YETİRMİŞLİ- MÜSAHİBƏ

Ara-sıra baş verən titrəyişlər, Xəzər dənizindəki təkanlar insanlarda Azərbaycanda seysmoaktivliyin artdığı qənaətini yaradır. Ələlxüsus, Vətən Müharibəsi zamanı  Bərdəyə və Gəncəyə atılan raketlərin vurduğu ziyan, yaratdığı fəsadlar çoxlarında ciddi təkanlara səbəb olacağı fikrini formalaşdırıb. 

Bu fikirlərin bir əsası varmı, ümumiyyətlə, Azərbaycanda seysmoaktivlik nə vəziyyətdədir? Bu və ya digər suallarla Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişliyə müraciət etdik.

Respublikanın baş seysmoloqu klassik formada da olsa, News24.az-ın suallarını cavabladı:
 
 - Azərbaycanda hazırda seysmik vəziyyəti necədir? 

- Hazırda Azərbaycan ərazisində seysmikliyin artması müşahidə olunmur. Yəni seysmiklik normal, fon səviyyəsindədir.
 
 - Ölkəmizdə seysmoloji cəhətdən ən aktiv bölgələr hansılardır və hazırda ara-sıra müşahidə edilən təkanlar haqqında nə deyə bilərsiniz? 


 - Azərbaycanda seysmik cəhətdən aktivliyi ilə seçilən zonalar çoxdur. Şamaxı-İsmayıllı, Zaqatala-Balakən, Oğuz, Gəncə, Kəlbəcər zonalarını və bir sıra digər aktiv bölgələri göstərmək olar. Hazırda müşahidə edilən təkanlar həmişə olduğu kimi seysmik proseslərin tərkib hissəsidir və geodinamik aktivliklə əlaqədardır. 

- Adətən deyirlər ki, zəlzələni öncədən proqnozlaşdırmaq mümkün deyil. Texnoloji inkişaf gündən-günə gəlişir. Bəs, indi vəziyyət nə yerdədir? Zəlzələlərlə bağlı proqnozların həqiqət payı nə qədərdir və uzunmüddətli proqnoz vermək mümkündürmü? 

- Zəlzələnin başvermə vaxtının proqnozu yaxın illərin işi deyildir. Qısa müddətli proqnoz, yəni yeri, vaxtı və gücü demək, özü də güclü zəlzələ üçün (ml>5) mümkün deyildir. Bu vaxta qədər dünyada yüzlərlə zəlzələ xəbərvericiləri istifadə olunsa da, bir nəticə əldə olunmayıb. Müasir texnologiyalar seysmik təkanların yüksək dəqiqlikə qeydə alınmasına, seysmik dalğaların rəqəmsal metodlarla hərtərəfli analizinə və s. məsələlərin həllinə geniş imkanlar açır. Proqnoz isə tamam başqa problemdir və onun həlli üçün zəruri məlumatların özləri qeyri-müəyyəndir.  

- Müasir texnologiyaların imkan verdiyi analizlərə əsaslanıb deyə bilərsinizmi, bizi qarşıda hansısa seysmik risklər və dağıdıcı zəlzələlər gözləyirmi? 

- Azərbaycanda güclü zəlzələlər keçmişdə olub, gələcəkdə də olması ehtimalı vardır. Düşünürəm ki, Azərbaycanda seysmoloji tədqiqatların aparılması və alınan nəticələrin bina və qurğuların inşasında, seysmik riskin qiymətləndirilməsində və s. vacib sahələrdə nəzərə alınması zərurətdir. Əks təqdirdə, gələcəkdə biz böyük risklərlə, fəlakətlərlə üz-üzə qala bilərik. 

- Azərbaycandakı seysmik stansiyaların və quraşdırılması nəzərdə tutulanların sayı nə qədərdir?  

- Hazırda respublika ərazisində 35 daimi seysmik stansiya fəaliyyət göstərir. Bundan başqa, Abşeron yarımadasında 10 mobil stasionar stansiyalarımız və “Qafqaz kəsilişi” layihəsi çərçivəsində bölgələrimizdə 17 seysmik stansiyalarımız fəaliyyət göstərir. Yəni, ümumən 62 seysmik stansiya fəaliyyət göstərir. Mərkəz tərəfndən daha 22 seysmik stansiyanın isə quraşdırılması nəzərdə tutulur. Həmin stansiyaları biz qrant layihəsində udmuşuq və bu stansiyalar da quraşdırıldıqdan sonra seysmik stansiyalarımızın sayı 84-ə çatacaqdır.  

- İşğaldan azad edilmiş ərazilərimizdə yeni seysmik stansiyalar quraşdırılacaqmı və bu proses hansı müddəti əhatə edəcək? 

- İşğaldan azad edilmiş ərazilərimizdə - Cəbrayıl, Şuşa, Kəlbəcər, Qubadlı, Zəngilan, Laçın, Ağdərə, Tərtər (Suqovuşan), Xocavənd və Xankəndində yeni seysmik stansiyaların açılması nəzərdə tutulub. Bu işlər həmin ərazilərdə aparılan minadan təmizləmə və digər məsələlərin həllindən sonra başlanacaq. Ümumilikdə bu proses 2025-ci ilə qədər davam edəcək.  

- Ermənilərin Bərdəyə və Gəncəyə atdıqları raketlər seysmik aktivliyə təsir göstəribmi və ya göstərə bilərmi? 

-Ərazilərə atılan hərbi raketlər seysmik stansiyalarda titrəyiş kimi qeydə alınır. Lakin onlar seysmik aktivliyi dəyişə bilməz. 

Məhərrəm ƏLİYEV