Tutulub Azərbaycana gətirilən şəxslər ekstradisiya xərclərini özləri ödəyəcək
    • 24-10-2018, 11:05
    • 613

Tutulub Azərbaycana gətirilən şəxslər ekstradisiya xərclərini özləri ödəyəcək

 Azərbaycandan kənarda istintaqdan gizlənən təqsirləndirilən şəxsin tutularaq cinayət prosesini həyata keçirən orqana gətirilməsi (ekstradisiya) ilə əlaqədar çəkilən xərcləri dövlət deyil, həmin şəxsin özü ödəyəcək.

Bununla bağlı Cinayət Prosessual Məcəlləsinə dəyişiklik edilir.

Məcəllənin 197-ci (Məhkəmə məsrəfləri) maddəsinə yeni 1.9-cu bənd əlavə edilir: “Azərbaycan Respublikası ərazisindən kənarda istintaqdan gizlənən təqsirləndirilən şəxsin tutularaq cinayət prosesini həyata keçirən orqana gətirilməsi ilə əlaqədar çəkilmiş xərclərin məbləği”.
Bu bənd məcəllənin 198-ci (Məhkəmə məsrəflərinin tutulması) maddəsinin dispozisiyasına əlavə edilir. Maddədə qeyd olunur ki, məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Layihədə bildirilib ki, indiyədək bu xərclər dövlət dövlət hesabına həyata keçirilib.

Dəyişiklik layihəsi Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.