-
- 11-03-2021, 16:16
- 475
“Zəngəzur xəmiri xeyli su aparacaq…” - ŞƏRH
Bəzi rusiyalı ekspertlərin Zəngəzurun qaytarılması ilə bağlı fikirləri erməni siyasi kluarlarında ciddi müzakirələrə səbəb olub. Hətta Ermənistanın sabiq xarici işlər naziri, "Çiçəklənən Ermənistan" Partiyasının parlament fraksiyasının deputatı Vardan Oskanyan da Ermənistanda daxili siyasi və sosial böhran davam edərsə, İrəvan Sünik (Zəngəzur) ilə tam vidalaşmalı olacağını bəyan edib.
Bu mövzunu News24.az-a şərh edən politoloq Natiq Mirinin fikrincə, Ermənistanda Zəngəzurun Azərbaycana qaytarılması və ya itirilməsi məsələsi ictimai rəy olaraq hazırlanır: “Bu məsələnin içərisində müəyyən siyasi şəbəkələrin maraqları da mövcuddur. Zəngəzurun qaytarılması kartından Paşinyan hökumətinə qarşı istifadə edirlər. Qarabağın itirilməsinə paralel olaraq Zəngəzurun itirilməsi qorxusunu erməni ictimaiyyətində yaratmaqla, erməni xalqını hökumətin üstünə qaldırırmaq istəyirlər. Açıqlama verən bir çox erməni siyasətşünasların maliyyəsi Qarabağ klanından gəlir. Çünki uzun müddət Ermənistanda hakimiyyətdə olmuş Qarabağ klanının sayəsində çox ciddi oliqarx sistem yaranıb. Çox maraqlıdır ki, Paşinyanın 2018-ci ildən bəri hakimiyyətdə olmasına rəğmən, hələ də bu oliqarxların böyük anlamda maliyyələri əllərindən alına bilməyib. Çünki onların arxasında çox ciddi siyasi-hərbi şəbəkələr və eyni zamanda, Rusiyanın da müəyyən siyasi maraqları durur. Bu cür açıqlamalar qəsdən yayılır".
Natiq Miri bildirib ki, Zəngəzurun bəzi əraziləri Azərbaycana qaytarılır: "Bu isə sərhdələrin müəyyənləşdirilməsi kontekstində baş verir. 90-cı illərdə Qarabağ torpaqlarının işğalı ərəfəsində sərhədlər Azərbaycana doğru xeyli irəliyə çəkilib. Bu gün həmin sərhədlərin müəyyənləşdirilməsi prosesini “Zəngəzur əldən getdi” kimi təqdim etməklə, xalqı Paşinyan hökumətinin üstünə qaldırmaq istəyirlər”.
Politoloq bildirib ki, Ermənistan Azərbaycana vurduğu zərərin ödənişini torpaqla da edə bilər: “Azərbaycana ciddi ziyan dyəib. 30 il müddətində bu zərərlərin hamısı hesablanaraq, beynəlxalq məhkəməyə müraciət olunacaq. Əlbəttə ki, bu, Ermənistanın xeyrinə həll olunacaq məsələ deyil. Çünki faktlar ortadadır. Ermənistanın bu gün çökmüş iqtisadiyyatı fonunda Azərbaycana ödəyə biləcəyi qəpiyi belə yoxdur. Əgər maliyyə cəhətdən ödənişlər mümkün deyilsə, ermənilər müəyyən ərazilərini Azərbaycana güzəştə getmək məcburiyyəti ilə üzləşəcəklər. Bu da əlbəttə ki, gələcək perspektivdə Zəngəzur ərazilərinin Azərbaycana qaytarılmasından ibarət ola bilər. Zənnimcə, bu, qısamüddətli məsələ deyil. Yəni, xəmir hələ xeyli su aparacaq”.
Siyasət şöbəsi