Sabahkı havaya görə gəmi sahibləri və liman kapitanları təlimatlandırıldı
    • 11-03-2021, 17:22
    • 677

Sabahkı havaya görə gəmi sahibləri və liman kapitanları təlimatlandırıldı

Sabaha gözlənilən kəskin hava şəraiti ilə bağlı proqnoz Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyi yanında  Dövlət Dəniz Agentliyinin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə daxil olan andan gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb. Gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib.

Bu barədə News24.az-a Dövlət Dəniz Agentliyindən daxil olan məlumatda bildirilir. Qeyd olunur ki, martın 12-dən 13-ü səhərədək gün ərzində  Xəzər akvatoriyasında şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s,  açıq dənizdə isə arabir 33 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyü 2.5-3.5 m, sonrakı inkişafda isə 4.5-6.5 m çatacağı proqnazlaşdırılır.

Dövlət Dəniz Agentliyinin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi təcrübəli kapitanlar vasitəsilə idarə olunur. Gəmilər müvafiq lövbər sığınacaqlarına yerləşdirildikdən sonra onların təhlükəsiz şəkildə lövbərdə durması prosesi radarlar vasitəsilə fasiləsiz olaraq müşahidə olunur.
Hava şəraitinə uyğun olaraq, Milli Mərkəzin təcrübəli kapitanları gəmilərin hərəkətinə və limanlara giriş–çıxışına icazə verəcək. Agentliyin gündəlik iş rejimində olduğu kimi, ölkəmizin  ərazi sularında istər Azərbaycan, istərsə də xarici bayraq altında üzən gəmilərin hərəkətinin təhlükəsizliyi təmin ediləcək.

Dövlət Dəniz Agentliyinin rəhbərliyi Milli Mərkəzlə fasiləsiz olaraq əlaqə saxlayır və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin olunmasına nəzarət  edir.